Mehman Səlimovun kişiliyi və MTN-in

Mehman Səlimovun kişiliyi və MTN-in "işverənliyi"

Hazırda oxunan: Mehman Səlimovun kişiliyi və MTN-in "işverənliyi"

102516

MTN işi ilə bağlı yayılan yeni məlumatlarda olduqca ciddi məsələlər öz əksini tapıb. Qırmızı rənglə vurğulanan bir sıra məqamalara diqqət yetirək: MTN-dəki xüsusi əməliyyat prezident Qazaxıstana getməmişdən öncə, dövlət başçısının birbaşa nəzarəti altında, tam məxfi şəraitdə hazırlanıb və keçirilməsi üçün uyğun vaxt seçilib.

MDB dövlət başçılarının sammitindən qayıtdıqdan dərhal sonra ölkə rəhbəri əvvəl Eldar Mahmudovu Prezident Administrasiyaya çağırtdıraraq, adı çəkilən qurumda böyük cinayətlərə yol vermiş dəstənin törətdiyi və birbaşa ölkənin maraqları əleyhinə yönəldilmiş fəaliyyətlərini əks etdirən qovluğu göstərib, onu vəzifəsindən kənarlaşdırdığını bildirib və hesabat tələb edib. İlkin olaraq saxlanılan şəxslərdən alınan izahat və ifadələr isə MTN içərisindəki böyük bir qrupun illərlə törətdiyi bütün cinayətləri ifşa etmək üçün ən sanballı ip ucuna çevrilib.

Nəticədə dərhal sonra MTN-də daha bir neçə general xidmətdən uzaqlaşdırılıb. Belə ki, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, hərbi hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri sərəncama göndərilib. Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmədə Eldar Mahmudova yönəlmiş ünvanlı sensasion ittiham isə gündəmi zəbt edib.

Belə ki, Mehman Səlimovun məhkəmədəki çıxışında MTN birbaşa ittiham obyektinə çevrilib: “O vaxt məni MTN-də dindirəndə dedilər ki, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən bunu etmədim, onun üzünə durmadım. Ona görə mənə cinayət işi açdılar”x9d.

Deyilənlərin nə dərəcədə real olduğunu görmək üçün S.Əbiyev vəzifədən çıxarıldıqdan dərhal sonra Müdafiə Nazirliyində həbslərin başlanmasını və bununla da, sabiq nazirin hədəfdə olduğunu xatırlamaq kifayətdir. Mediada MTN-in S.Əbiyevi ev dustağı etdiyi barədə yayılan yalan və əsassız iddialar isə, heç şübhəsiz, təhlükəsizlik kantorunun bilərəkdən dövriyyəyə buraxığı xüsusi məlumat idi. Bu məlumat sonradan bir sıra "məqsədlərin" həyata keçirilməsi üçün baza rolunu oynamacaqdı. Lakin S.Əbiyevin həbsinin yalnız E.Mahmudovun marağında olduğunu iddia etmək bir qədər ağlabatan deyil. Çünki bu cür sanksiyalara MTN rəhbəri heç vaxt təkbaşına qərar verə bilməzdi. Amma nazirlərə aylıq haqq qoyulduğu barədə iddialar gerçəkliyi əks etdirsə, belə görünür ki, ölkə rəhbərliyinin yanındakı etimaddan yaralanan E.Mahmudov sabiq müdafiə nazirini bir neçə gün olsa belə MTN zirzəmisində saxlamağı da planlaşdırıbmış.

Ən azı ona görə ki, onların hər ikisinin nazir işlədiyi dövrdə münasibətləri “salam-sağ ol”x9d səviyyəsindən o tərəfə keçməyib. Eyni zamanda E.Mahmudovun hərbi hissələrə öz adamlarını yerləşdirməsi, bununla da, Müdafiə Nazirliyində baş verənləri ciddi-cəhdlə nəzarətdə saxlamğa çalışması S.Əbiyevin kəskin müqavimətilə qarşılanıb. Təsadüfi deyil ki, Əbiyev o dövrdə hərbi əks-kəşfiyyatın hərbi hissələrin xidməti fəaliyyətinə müdaxilə etməsinə imkan vermirdi: Niyə? İlk baxışdan bu, qeyri-qanuni ölçü təsiri bağışlayır. Ancaq son hadisələr bu addımın hansı zərurətdən doğduğunu üzə çıxardı və həmçinin sabiq nazirin öz mövqeyində haqlı olduğunu təsdiq etdi. Beləliklə, Səfər Əbiyevin birbaşa hədəf seçilməsinin arxasında kimlər və nələr dayana bilərdi? Səfər Əbiyevi bəzi digər nazirlərdən fərqləndirən və Eldar Mahmudovu sabiq nazirin qarşısında tamamilə "zərəsizləşdirən" hansı məqam idi? Ümumiyyətlə, bu "işdə" məhz Mehman Səlimovun seçilməsi zərurət idimi, yoxsa təsadüf?

Bütün bunlara cavab tapmaq üçün keçmişə qayıtmaq, o illərin bir-sıra mühüm məqamlarla yadda qalan gerçəklərinə nəzər yetirmək artıq zəruri bir ehtiyaca çevrilib. Bildiyimiz kimi, Səfər Əbiyev ölkənin müdafiə institutunun rəhbəri vəzifəsinə çox çətin və gərgin ictimai-siyasi bir şəraitdə, məhz Heydər Əliyevin qərarı ilə gətirilmişdi. Sonrakı illərdə məlum təyinatın dəyişməməsi, yəni Səfər Əbiyevin yenidən öz vəzifəsinə təyin olunması isə ümummilli liderimizin bu qərarında nə qədər israrlı və qəti olduğunun göstəricisidr. Nəzərə almaq lazımdır ki, Əbiyevədək artıq bir neçə namizəd bu postda etimadı doğrulda bilməmişdi. Heydər Əliyev kiməsə güzəştə getmək niyyətinin olmadığını açıq-aydın bəyan edirdi. O həmişəki kimi öz prinsipiallığını sonadək qoruyub saxlamağı bacaran müdrik bir siyasətçi idi. Əgər ulu öndərin etibar etdiyi kadrlara qarşı son dərəcə tələbkar və yaxşı mənada amansız olduğunu da nəzərə alsaq, Səfər Əbiyevin göstərilən etimadı doğrultduğunu birmənalı şəkildə vurğulaya bilərik.

Bir sözlə, Səfər Əbiyev Heydər Əliyev məktəbinin müstəqillik tariximizdə ən uzunömrlü müdafiə naziri kimi yadda qalacaq. Lakin bu xüsusda yadda qalan ən ciddi məqamlardan biri və bəlkə də birincisi onun öz prezidentinə, Ali Baş Komandanına hədsiz sədaqəti idi. Səfər Əbiyevi nəinki sabiq təhlükəsizlik nazirinin, o cümlədən digər mühün dövlət struturlarının rəhbərləri qarşısında geçilməz səddə çevirən də məhz bu amil idi. S.Əbiyev prinsipial məqamlarda prezidentdən başqa, demək olar ki, heç kimlə razılaşmır, yalnız öz Ali Baş Komandanı qarşısında hesabat verirdi. Bu isə öz növbəsində əgər bir tərəfdən onun müdafiə naziri postundakı fəaliyyətinin ömrünü uzadırdısa, digər tərəfdən də özünə qarşı yeni müxalif elitanın formalaşmasına rəvac verirdi. Hakimiyyətdəki bir sıra güc mərkəzləri onu nazir postundan uzaqlaşdırmaq məqsədilə hər gün yeni kambinasiyalarla çıxış edirdilər. Heç şübhəsiz, məlum elitanın S.Əbiyevə qarşı bir təbəqə kimi formalaşmasını görən sabiq təhlükəsizlik naziri də bu məqamdan yararlanmaq fürsətini fövtə vermək niyyətində olmayıb. O üzdən əlindəki bütün imkanlardan bəhrələnməyə çalışıb. Lakin bu məqsədlə Mehman Səlimovun "seçilməsi" də onun sabiq müdafiə nazirinin qarşısındakı gücsüzlüyünün, arqumentsizliyinin göstəricisi kimi qarşılana bilər. Məsələ burasındadır ki, M.Səlimov S.Əbiyevin nazir postunda olduğu müddət ərzində vəzifədə ən az olan müavinlərdən biridir. Halbuki bu müddət ərzində S.Əbiyevin etimad göstərdiyi və yüksək rütbə, yüksək vəzifə, nəhayət, səlahiyyət sahibinə çevirdiyi, yəni S.Əbiyevlə daha çox işləyən digər kadrlar da az deyildi. Onların böyük əksəriyyəti bu gün də Müdafiə Nazirliyi sistemində xidmətini davam etdirir və S.Əbiyevi ələ düşən ilk fürsətdəcə satmağa hazırdır. Lakin problemin ən əsas və ümdə tərəfi, heç şübhəsiz, ip ucu məsələsidir!

Əlbəttə, Mehman Səlimovun öz sabiq nazirinə qarşı etibarlı mövqedən çıxış etməsi kifayət qədər yaddaqalan və kövrək məqamlardandır. O öz mövqeyini dəyişə də bilərdi. Amma Kentemirov diviziyasının yetirməsi sonadək dözməklə, həm də bir kişilik rəmzinə çevrildi. Bunu unutmaq olmaz. Amma hər şeyi M.Səlimovun sədaqəti, yaxud mərdliyilə də məhdudlaşdırmaq düzgün deyil. Ən azı ona görə ki, sabiq nazirin artıq keçmişdə qalan yaxın ətrafı üçün bu cəhətləri xarakterik saymaq olmaz. Nəticə isə bundan ibarətdir ki, S.Əbiyevin öz işində ciddi məsuliyyəti də, onun öz prezidentinə qarşı sərgilədiyi sədaqət hissi, nəhayət, bütün əmr və göstərişləri bir qayda olaraq yüksək səviyyədə, etibarlılıq və inam fonunda yerinə yetirməsi qədər vacib və əhəmiyyətli məqamlardandır. Sabiq təhlükəsizlik nazirinin S.Əbiyevə atdığı oxların daşa dəyməsinin əsas səbəbini məhz burada axtarmaq lazımdır.

 

M.TÜRKSOY

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO