“Əvvəllər “Xəbərçi” və “İç Xəbər” yaxşı reytinq verirdi...

“Əvvəllər “Xəbərçi” və “İç Xəbər” yaxşı reytinq verirdi...

Hazırda oxunan: “Əvvəllər “Xəbərçi” və “İç Xəbər” yaxşı reytinq verirdi...

37524

Ötən həftəsonu Moderator.az saytı etibarlı mənbəyə istinadən “Space” telekanalında gedən “Günaydın” verilişiylə bağlı “Cin “Space”i qarışdırdı” başlıqlı yazıyla çıxış etdi. İddia olundu ki, verilişin aparıcıları studiyaya dəvət olunmuş bir cin çıxaran şarlatanın hoqqalaına etiraz əlaməti olaraq verilişdən imtina ediblər. Yazı bir neçə saatda ölkədə ciddi rezonans doğurdu və dərhal ölkənin tanınmış xəbər portallarının manşetinə çıxarıldı. Ancaq bir qədər sonra adıçəkilən proqramın sahibi, “SOY Prodakşn” şirkətinin rəhbəri Oqtay ... və Space rəhbərliyi işə qarşdı, sonda xahiş olundu ki, bu mövzuyla bağlı ətraflı söhbət aparılsın və məsələnin mahiyyəti təfsilatıyla ölkə oxucularına çatdırılsın.

Beləliklə suallarımızı “Soy Prodakşn” şirkətinin rəhbəri Oqtay Əliyev cavablandırır.

 -Deyəsən, getdikcə telekanalların kommersiya marağı hər şeyə qalib gəlir?

-Dövlət özəl telekanallara pul ayırmır. Ancaq AzTV və İTV-yə dövlət büdcəsindən vəsait ayrılır. Özü də yetərincə pul ayrılır, ona görə də pulu dövlət verdiyindən proqram seçimini də əslində dövlət diqtə edir, əsasən maarifçilik istiqamətinə üstünlük verilir, bu zaman reklam dalınca qaçmaq zərurəti yaranmır. Kommersiya hesabına dolanan kanallarda isə mexanizm belə qurulur. Özü də təkcə bizdə deyil, bütün dünyada təxminən belədir. Reytinq gətirən verilişlər əsasən əyləncə və şou xarakterli olur. Adicə bir misal deyim. Rusiyada həftənin şənbə günü efirə gedən üz-üzə bir veriliş var. Telekanalın aparıcısı iki nəfər siyasətçini studiyaya dəvət edir, onlar da siyasi mövzuda polemika aparırlar. Siz həmin verilişə baxın, görəcəksiniz ki, iki siyasətçi danışır, amma altda SMS qoyublar ki, respondentlər hansı siyasətçinin tərəfindədir. Jiriniovski efirdə olanda siz baxsanız görəcəksiniz ki, SMS-lərin sayı 100 minləri keçir. Bilirsinizmi həmin debata görə Jirinovskiyə xeyli pul verirlər ki, bu siyasətçi gəlib studiyada çığırsın, bağırsın, kiməsə stəkan atsın, tamaşaçının diqqətini cəlb etsin. Etiraf etməliyik ki, bu gün bütün dünyada tamaşaçının istəyi budur. Mən də Siz deyən kimi maraqlıyam ki, əsasən elmi-publisistik, mənəvi dəyərlərimizi təbliğ edən, maarifçilik məzmununda proqramlar efirlərin bəzəyi olsun, amma reallıqla ayaqlaşmaq zorundasan. Məsələn, İTV-də təbiətlə bağlı bir veriliş gedir. İki aparıcıdır, mən əsasən Qara müəllimə görə o verilişə böyük həvəslə baxıram. Bir neçə gün öncə də onlar Altıağaca getmişdilər. Amma əhalinin 95 faizi bu cür verilişlərə baxmır və deməli, reytinq də vermir. Əgər hər hansı veriliş reytinq vermirsə, bu nə deməkdir, istənilən bir veriliş reytinq gətimirsə kanal onu bağlamaq məcburiyyətindədir. Kanal rəhbərliyi səni çağırıb deyir ki, bu veriliş mənə lazım deyil. Yəni əgər veriliş reytinq gətirmirsə, deməli, reklam və sponsor da gətirimir, həmin reklam yerləşdirici şirkətlər sponsorluqdan imtina edirlər. Nəticədə kanal rəhbərliyi məcbur olur ki, həmin reytinqsiz verilişdə çalışan personalın maaşlarını digər verilişlər hesabına ödəsin. Bu da çox vaxt uzun sürmür.

-Niyə tutaq ki, “SOY Prodakşn” kimi nüfuzlu şirkətlər ona- buna ağız açaraq bəzən də əlverişsiz şərtlərlə kommersiya layihələri icra edincə dövlət vəsaiti cəlb etməklə xeyli gözəl iş görə bilər. Dövlət niyə pulu məhz sizin kimi şirkətlərə deyil, yeni yaranmış qeyri-peşəkarlara etibar edir?

-Buna mən necə cavab verim? Onu dövlət müəyyənləşdirir. Məsələn, biz “Üç bacı”nı öz gücümüzə çəkirirk. Ola bilər ki, bundan sonra hansısa istiqamət üzrə bizə pul ayrılsın. Deyim ki, təkliflərimizi yazıb vermişik də. Amma bu günə kimi dövlətin bir qəpiyini də görməmişik. Amma Rusiyada belə bir şey var. Bu ölkədə tutaq ki, Mətbuat və İnformasiya Nazirliyi  tutaq ki, “Soy Prodakşn”ı çağırıb deyir ki, gedirsiniz Azərbaycanda olan etnik qruplarla bağlı xırda-xırda sənədli filmlər çəkirsiniz. Amma həmin nazirlik bilir ki, bu verilişin reytinqi yoxdur, bilir ki, bu verilişə heç kim baxmayacaq, bilir ki, bu verilişin kommersiya tərəfdən qazancı yoxdur. Amma pulu həvəslə verir ki, bu bizə bu gün və gələcək üçün lazımdır, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından həyati əhəmiyyətlidir. O cümlədən hər bir özəl kanal da reytinqi olmayan müəyyən verlişə də bilə-bilə xeyli vəsait ayırır. Elə “Space” kanalını götürək. Tutaq ki, bu kanalda reklam və sponsor gətirən 5 veriliş varsa, ordan gələn pul hesabına bir 3 veriliş də reytinqsiz, amma lazımlı verilişlərə həyat verirlər. Götürək mədəniyyət xəbərlərini. “Space”də belə bir veriliş var və ölkə teatrlarından, musiqidən, incəsənətdən, sənət adamlarının həyatından verilişlər hazırlanır. Unutmayaq ki, bu veriliş böyük bir komandanın zəhməti hesabına ərsəyə gəlir. Yəni heç olmasa iki redaktor, 3 operator, sürücü və s. zəhmət çəkir və bunlara maaş verilməlidir. Bu xərclərin hamısı digər reytinqli verilişlərə gələn pulların hesabına qarşılanır.

-Deməli, cəmiyyətimiz hələ ki, lazımi səviyyədə deyil...

- Bilirsiniz, elitar və kütləvi mədəniyyət var. Kütləvi mədəniyyətə insanlar axınla gedir, elitar mədəniyyətə isə çox az adam maraq göstərir. Yəni bu təbəqənin əhatə dairəsi məhduddur.

-Parlamentdə də demək olar ki, tez-tez telekanallardakı mövcud durum narazılıqla qarşılanır, deputatlar gileylənir ki, televiziyaların belə deyək ki, neqativi pozitivindən çoxdur. Bayağı və yüngül verilişlərin gətirdiyi pullar millətin genefondunu zəhərləyirsə, həmin vəsaiti dövlət büdcəsindən ödəməklə bu təhlükələri neytrallaşdırmaq olmazmı?

-Mən buna fərqli yanaşıram. Hesab etmirəm ki, dövlət özəl kanallara pul verməlidir. Tutaq ki, mən bir şirkət açmısam, niyə dövlət mənə pul verməlidir?

-Verməlidir ki, ucuz əyləncələrlə milləti yoldan çıxaranların əli-qolu bağlansın.

-Bunun üçün dövlət televiziyaları var, buyurub bu boşluğu doldursunlar. Kifayət qədər böyük pullar ayrılır, ondan səmərəli istifadə etsinlər. İTV-də yeni bir veriliş hazırlanıb-Zəka adında. Rusiyadakı “Umniki” verilişindəki kimi. Azərbaycanda olan ən savadlı tələbələrin hamısını yığırlar ora, savad yarışması gedir. İstəyən oturub baxsın. AzTV-də “Muğam” müsabiqələri, muğama həsr olunmuş digər verilişlər gedir. Yazıçı Anarın da bir verilişi var, şairləri, yazıçıları başına yığıb söhbətləşirlər. Amma heç kim deməsin ki, özəl kanallar ancaq bayağı, əyləncə xarakterli verilişlərdən ibarətdir. Hər bir kanalda 25 30 faiz maarifləndirici proqramlar var.

-Qayıdaq “Space”dəki o cin çıxarma şousuna. Telekanal rəhbərliyi hətta milyonlar gətirsə belə bu tip verilişləri efirə buraxmamalıdır. Tutaq ki, sabah mən gəlib noxudla fala baxıb telekanala milyonlar qazandırdım, reytinq kəllə-çarxa çıxdı, bundan ancaq millət itirəcək. Ona görə də milli mənafe kommersiya marağından üstün olmalıdı hər zaman.

-Yox, bircə dəqiqə. Burda bir məsələ var. Siz də, mən də, bizim kimi bütün ziyalı insanlar da bilirlər ki, noxudla, başqa şeylərlə fala baxmaq başdan ayağa fırıldaqdı. Amma Siz mənimlə də razısınızmı bu gün o noxudla, düyüylə, nə bilim, kofe ilə fala baxanların qapısının ağzında millət yatır?

-Razıyam.


Onu da bilirsinizmi hətta onu şarlatan adlandırsanız da efirdə görənlərin çoxu bu günədək tanımırdılarsa, sabah ünvanın axtarıb “fala inanma, faldan qalma” inancına aldanıb onun hüzuruna gedəcklər? Yəni bununla antireklam hesabına ona əlavə müştəri qazandırdınız...

-Bizim borcumuz insanlara nəyin nə, kimin kim olduğunu göstərməkdir. Biz millətə deyirik ki, əzizlərim, qurban olum sizə, artıq 21-ci əsrdi, 19-cu əsrin sonları deyil ki, siz yenə də hansısa şarlatanlara, şeyx nəsrullahlara inanıb onların dalınca gedəsiniz. Özü də bir vacib məqamı da vurğulamaqda fayda var ki, bu tip fırıldaqçılar çox peşəkar və dildən pərgar olurlar, insanları asanlıqla ovsunlaya bilirlər. Ən dəhçətlisi bilirsiniz nədir, həmin verilişdə elm adamı oturmuşdu, o çox aramla, məntiqlə danışırdı, danışmağa qoymadı. O tip insanlar elə natiq kimi danışıb adamları inandırırlar ki, adamı heyrət götürür.

-“Dələduzlar ən tanınmış hüquqşünaslardan çox bilir” deyimi var.

-Amma inandırım ki, milləti ələ salan bu şarlatanların keçmişini araşdırsan bəlli olar ki, çoxusu uzağı 6-cı, 7-ci sinfi bitiriblər. O cin məsələsində biz studiyaya 3 müxtəlif tanınmış peşə sahibini dəvət etmişdik-psixoloq, sosioloq və həkim. O imkan vermədi həmin adamlar ağzını açıb nəsə deməyə. Mən də orda dedim ki, ay cinçıxaran, bax bu üç adama inandırın ki, siz nəyə qadirsiniz. Həmin adamlara da dedim ki, siz də onu ifşa edin ki, bu adam kimdi və əslində elm, təbabət, psixologiya var və bunlar həmin şeyi inkar edir. Özü də unutmayaq ki, kimin ki, psixoloji problemi var, cinə, fala o cür adamlar daha tez inanır. Məsələn, mənə desələr ki, filankəs fala baxır, nə bilim başqa nə hoqqa çıxarır, şəxsən mən belə şeylərə inanan deyiləm.

-“SOY Prodakşn”ın daha hansı projeləri var?

-Biz “Situasiya komediyası” deyilən serialı çəkirik. Artıq bir ildi efirdədir. Xalq artisti və əməkdar artistlərlə də əməkdaşlıq edirik və çalışırıq ki, maraqlı olsun, istəyirik ki, yaxşı şeyləri belə deyək ki, xarici kanallardan qoparıb Azərbaycana gətirək. Yəni çalışırıq ki, tamaşaçı digər kanallardakı seriallardan üz çevirərək bizə tərəf gəlsin. Bundan başqa çox sevdiyim “Zəhmətkeş ulduzlar” adlı bir verilişimiz var. Bizim orda amalımız, məqsədimiz nədir? Rayonlarda yaşayan yaşlı insanların evinə gedirik, o insanlar ki, sovetlər dönəmində ya qabaqcıl sağıcı və ya naxırçı olublar, yaxud o dövrdə hansısa çox məhşur peşə sahibi kimi ad-san qazanıblar, bax həmin 70-80 yaşlı insanları ziyarət edirik. Bəzən elə ailələrdə qonaq oluruq ki, bir qoca qarıyla ağsaqqal qalıb tək, övladları xaricdə. Təsəvvür edin, qoca ər-arvad evdə tənha oturub, birdən ölkənin ən məhşur iki ulduzu onların qapısını açıb içəri keçir. Onlar nənə ilə babanın evini təmizləyirlər, həyət-bacanı belləyirlər, ağaclarını kəsirlər, meyvə yığırlar, yun çırpırlar, hətta onlara turşu da bağlayırlar. Hətta bir dəfə bir məsələ olmuşdu və biz onu efirə vermədik. Gedib onları çimizdirmişdilər. Sonra da onlara burdan apardıqları ərzaqla bir yaxşı yemək bişirib süfrə açırlar, oturub mahnı oxuyub həmin tənha, ahıl adamları feyziyab etməyə başlayırlar. Şəxsən mən bu verilişi çox sevirəm. Çünki bilirsiniz, tutaq ki, Lerikdə və ya uzaq Daşkəsəndə ucqar kənddə oturan bir yaşlı insan yatsa yuxusuna da girməz ki, sabah tutaq ki, Aygün Kazımova onun qapısını döyərək “gəldim ki, sənin evini yığışdırım” deyəcək. Yaxud ulduzlardan biri soruşacaq ki, sənə kömək etməyə gəlmişəm, ay nənə, de görüm neynəyim? Bir dəfə Nadir sırf ürəkdən gedib tövlədə inəklərin altını təmizlədi, peyini daşıdı və altlarını quruladı. Hətta bir dəfə övladları Rusiyada olan bir tənha qadın dedi ki, ay bala, ömrümdə bizim qapıya bu qədər adam yığışmamışdı. Çünki hamı hasarın başından boylanırdı ki, aman Allah, tutaq ki, həmişə toylarda gördükləri Manaf Ağayev və ya Nadir əlində bel və ya yaba gedib kiminsə təsərrüfat işini görür. Bundan başqa bizim uşaqlar üçün də maraqlı verilişlərimiz var. Hər axşam səkkizə qalmış efirdə gedir. Kİmsə bir nağıl danışır, yaxud aparıcı ilə kukla tutaq ki, yağışın necə əmələ gəlməsini loru dildə izah edir ki, uşaqlarda düzgün fikir formalaşsın.

-Yəni uşaqların nənə-babalarına verəcəkləri suala siz cavab vermiş olursunuz.

-Bəli, həm də uşaqların dünyagörüşünü formalaşdırır bu cür verilişlər. Orda uşaqları həvəsləndirməkdən ötrü onlar arasında müsabiqə elan edirik ki, kim 5 dənə tapmaca, yaxud 6 dənə atalar sözü  desə, onlara hədiyyəmiz olacaq. Eyni zamanda bizim ATV-də gedən “Qorxma, mən səninləyəm” verilişi var. Bu sırf əyləncəli verilişdir. Toppuş, Keyxanım və Əkbər obrazları  və müğənnilər yarışma keçirirlər. Türkiyədə bunun başqa formatı var- “Mən bilməm, eşim bilər”. Bizsə ordan götürəək bir az dəyişmişik və müğənnilər arasında məzəli bir şey yaratmışıq. “Yeni ulduz”u bitirdik, hardasa 10-11 mövsüm getdi bu veriliş. Bu gün həmin müsabiqənin qalibləri səhnələrdədir, çox sevindiici haldır ki, həmin uşaqların ikisi-Aysel Əlizadə və Səfurə məhz “Avroviziya” yarışmasında iştirak etdi. Çox təəssüf ki, hər ikisi ailə qurduqlarından hələ oxumurlar. Bununla yanaşı biz “Xalq ulduzu” layihəsi həyata keçirdik. Nə qədər yaddan çıxmış xalq mahnılarına ikinci həyat vedik. Ancaq artıq onların təkrarlanması doğru deyil və bu layihələrin artıq zamanı keçib. İndi tələb başqadır. Bunu davam etdirmək artıq tamaşaçı üçün maraqsız olar. İndi tamaşaçı Türkiyədə gedən “Bu səs Türkiyə” formatında bir şey olmasını istəyir. Yaxud Moskvada yayımlanan “Qolos” kimi layihələri görmək istəyirlər. Ancaq bunları Azəbaycana gətirmək zarafat məsələ deyil və bizim üçün çox ağır hesab olunan şərtlər var. Bu layihələrin lisenziyaları xarici dövlətlərdədir. Bu gün Türkiyə və Rusiyada olan bir çox verilişlər lisenziyalıdır. Məsələn, dünyada “Endamor” şirkəti var ki, bir çox layihələrin lisenziyası məhz ona məxsusdur. Biz Rusiya ilə əlaqə saxladıq, onlar 600-700 min, hətta bir milyon istədilər. Amma Türkiyədə bunu 300-400 minə almaq mümkündür. Bu pulu tapıb həmin lisenziyanı almaq lazımdır ki, sabah o verilişi özbaşına edəndə sənin yaxandan tutub plagiatlığa görə məhkəməyə verib canını almayalar. Bu gün Azərbaycanda həmin lisenziyanı alacaq böyük şirkətlər və sponsorları cəlb etmək demək olar ki, mümkün deyil. ATV bu yaxınlarda Gənclər və İdman Nazirliyi ilə birgə iki böyük layihə həyata keçirdi. Onlardan biri Ukraynada Böyük səhnə, o biri isə “Ford bayard”. Onun da mexanizmi necədir. Siz onlardan lisenziyanı alırsınız, deyirsiniz ki, məsələn, bizə 15 gün vaxt ayırırın. Onlar Fransada bunların hamısını təşkil edirlər. Burdan sadəcə olaraq iştirakçılar və prodüsserlər gedir ora. Kamera da, rejissor da, səs də onlarındır. Özləri çəkirlər, düzüb qoşurlar, diski sənə verirlər ki, xoş gəldin, apar göstər. O cümlədən belə verilişlər Afrikada da var və orda gedib cəngəlliklərdə yaşamalısan. Argentinada da var və hansı ki, müxtəlif maneələrdən keçməlisən. Deməyim odur ki, bütün bu verilişlərin hamısı lisenziyalıdır.

-Bu gün ölkənin ən retinqli verilişi hansıdır?

-Ən reytinqli kanal ATV-dir, birinci yerdə ötən həftə bu kanal olub, ikinci yerdə ANS-dir, 3-cü yerdə “Space və dördüncü yedə XəzərTV  idi.

-AZTV və İTV isə sonuncu yerləri bölüşürlər...

-Bəli, onlarda reytinq çox aşağıdır. ATV də də birinci yeri aşağısı bir ildir ki, “Səni axtarıram” verilişi tutur. Bundan sonra Zaurun “Ümid var” veilişidir, sonra bəzi kanalların xəbərlər proqramı gəlir.

-ANS-in hansı proqramı reytinqlidir?

-Əvvəllər “Xəbərçi və “İç xəbər” yaxşı reytinq verirdi, ancaq son dövrlər artıq ANS-də Elgizin proqramı yaxşı reytinq verir. Bundan başqa arada bir “Meyxana” və “Toylar kraliçası” yaxşı reytinq verirdi. Bilirsiniz, sən baxıb görürsən ki, tamaşaçı daha çox nəyi istəyir, sən də ona uyğun proqram seçirsən. Çox təəssf edirəm ki, bəzən hansısa çox dəyərli sənədli film elə bir reytinq verir ki, adicə o profilaktikadakı “dud-dud” siqnalı ondan 5 reytinq yuxarı verir. Bax bu artıq adamı dəhşətə gətirir ki, bu boyda zəhmətin nəticəsinə verilən qiymətə və marağa bax.

İllər ərzində insanların psixologiyasında yaxşılığa doğru meyl hiss olunurmu? Tutaq ki, 2003-cü ildəki tamaşaçı 10 il sonra yenədəmi eyni bayağı və ya əyləncə xarakterli verilişə daha çox meyl edir?

-Mahiyyət etibarı ilə təxminən eyni şeydir. Son zamanlar dəyişən bir şey var və o da yerli seriallara baxanların sayının nisbətən artmasıdır. Gəlin etiraf edək ki, insanlar daha yüngül, əyləncəli və şou xarakterli verilişləri sevirlər. Gəlin bir eksperiment edək. İndi iki ziyalı üz-üzə oturub çox maraqlı söhbət edirik. Amma birdən kənardan kimsə qışqıra və ya qəhqəhə çəkib gülə. Hamı maraqla qaçıb orda nə baş verdiyinə baxacaq, amma kimsə qulaq verib maraqlanmayacaq ki, bu iki adam görəsən nə söhbət eləyir.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO