Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum

Hazırda oxunan: Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum
646691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana turist kimi gələrək ölkəmizin ən ağır günlərində Azərbaycan xalqının taleyini bölüşüb, cəbhə bölgəsinin yollarını qət edib, həmin hadisələrin ağrısını və xatirəsini onilliklər boyu qəlbində yaşadıb. Söhbət tanınmış litvalı jurnalist Riçardas Lapaytisdən gedir.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın müxbiri ilə söhbətində Lapaytis Qarabağla tanışlığının ötən əsrin 90-cı illərinin əvvəllərində başladığını bildirib.

Bu tanışlıq, onun Azərbaycanda, o cümlədən Qarabağda keçdiyi bütün yol kimi, olduqca qeyri-adi olub. Belə ki, onu nə Azərbaycana, nə də Qarabağa göndərən olub. Bu, hər hansı xidməti ezamiyyət deyildi. O, turist kimi gəlmiş, Bakıda beş gün qalıb sonra qayıtmağı planlaşdırmışdı.

Həmsöhbətimiz daha sonra Orta Asiyaya getməli, ardınca isə Çinə səfər etməyi düşünürdü.

“Lakin cəmi bir gün ərzində baş verən hadisələrə görə qərarımı dəyişdim. Azərbaycanın ən ağır günlərində ölkəyə gəlmişdim. İnformasiya blokadasının hökm sürdüyü, qaçqınların çox olduğu və siyasi vəziyyətin qeyri-sabit qaldığı bir dövrdə. Qarabağda baş verənləri isə heç demirəm. Təbii ki, bunlardan xəbərim yox idi.

Azərbaycanla tanışlığım Təzəpir məscidinin yaxınlığında rastlaşdığım Şahin Babayev adlı bir gənclə başladı. Onun baxışlarını, ilk görüşümüzü və 20 Yanvar hadisələri zamanı qardaşının həlak olması barədə danışdıqlarını bu gün də xatırlayıram. O, Naxçıvanın Ordubad rayonundan idi. Bilirsiniz, mən də gənc olduğum üçün Şahin Babayevin və çox gənc yaşda həlak olmuş qardaşının taleyi mənə dərindən təsir etmişdi.

Mən bir litvalı olaraq, o zaman Azərbaycanda baş verənlərə sadəcə üzülməyə başlamadım, bütün qəlbimlə və ruhumla bu hadisələrin mahiyyətini hiss etdim. Özüm də onda gənc idim. Cəmi 23 yaşım var idi. Bakıda geniş tanışlıq dairəm yox idi. Yəqin ki, məhz Şahinin sayəsində Qarabağa yollandım. Məni Bakıda evində qonaq edən, əlində olan hər şeyi mənimlə bölüşən yeni dostuma və qardaşıma heç olmasa, bu yolla təşəkkür etmək istəyirdim.

Beləliklə, 1992-ci il fevral ayının ilk günlərinin birində qatara mindim, – yeri gəlmişkən, qatarlar haqqında çox yazıram, çünki onlar nədənsə mənə ruhən yaxındır, – və Ağdama yollandım. Bundan sonra baş verənlərin hamısı dünyagörüşümü, hisslərimi və bütövlükdə bəşəriyyətə baxışımı dəyişdi.

İlk tanışlığım, ilk səfərim belə oldu. Belə bir qərarı vermək üçün insanın təmiz qəlbi, qüruru, hörməti və cəsarəti olmalı idi – hamısı birində. Axı açıq danışaq, sadə bir səyyahdan hərbi jurnalistə çevrilmək hər kəsin bacara biləcəyi iş deyil”, – deyə litvalı jurnalist bildirib.

Riçardas Lapaytis “Qarabağ gündəliyi” kitabını yazmağa onu məhz nəyin sövq etdiyini də açıqlayıb:

“Kitabı mətbəədən yenicə götürmüşəm, hələ heç kim onu görməyib və oxumayıb. Yəqin ki, bu kitabı görən ilk şəxslər siz olacaqsınız. Bu, litva dilində təsvir etdiyim 30-dan çox hekayəni əhatə edən unikal nəşrdir. Bu da az əhəmiyyət daşımır. Litvalılar, nəhayət, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı baş verənləri oxuyub anlaya biləcəklər. Xüsusilə işğal dövrünə, həmin ağır 30 ilə çox diqqət ayırıram. Məlum olduğu kimi, mən heç yerə yoxa çıxmamışam. Daim Azərbaycana gəlmiş, məlumat toplamış və cəbhəboyu ərazilərdə çalışmışam.

Bu kitab üzərində işləyərkən Azərbaycanın Ombudsman Aparatı mənə çox böyük kömək göstərdi. Kitabda haqqında yazılan bəzi qəhrəmanları birlikdə bir neçə ay axtarmışıq. İş prinsipim belədir: qəhrəmanları tapdıqdan sonra Azərbaycana gəlir və hansı bölgədə yaşamalarından asılı olmayaraq, birbaşa onların yanına gedirdim. Bu, genişmiqyaslı araşdırma və oxucuya yaxın olması üçün, demək olar ki, bədii dildə yazılmış sənədli kitabdır. Bu əsəri yazmaq üçün, ilk növbədə, müharibədə sağ qalmaq lazım idi. İkincisi, insan və vətənpərvər olaraq qalmaq lazım idi. Üçüncüsü isə azərbaycanlılarla eyni ağrını hiss etmək və onların yaşadığı həyatı yaşamaq vacib idi”.

Litvalı jurnalistin sözlərinə görə, ölkə tarixində elə bir dövr olub ki, artıq heç kim yaxşılığa doğru dəyişikliklərin mümkünlüyünə inanmırdı. “Danışıqlar xatirinə danışıqlar aparılırdı və tunelin sonunda işıq görünmürdü.

Həmin vaxt söylədiyim qızıl sözləri xatırlayıram:

“Mənə - bu litvalıya Qarabağın, eləcə də işğal altında olan bütün ərazilərin azad olacağı günün gələcəyinə necə inandığıma baxın”. Kitabımda da məhz bu inam yaşayır. Bu, mənim üçün çox böyük hadisədir. Həmçinin kitabın nəşrinə kömək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim, Litvanın və əlbəttə ki, azərbaycanlıların həyatında çox ciddi və əhəmiyyətli addımdır”, – deyə R.Lapaytis fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO