xa0Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç iyunun 24-də Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak edəcək.xa0
Moderator.az-ın məlumatına görə o doğulduğu Tokat vilayətindən namizədliyini irəli sürüb.
Xatırladaq ki, sonuncu diplomatik görəvi Türkiyənin Moldovadakı səfiri olan Hulusi Kılıç XİN-də müxtəlif vəzifələrdə işləyib. 2008-2012-ci illərdə Azərbaycan Türkiyənin böyük elçisi olaraq fəaliyyət göstərən Hulusi Kılıç iki qardaş ölkə arasında siyasi, sosial, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm işlər həyata keçirib. O, eyni zamanda Azərbaycan Respublikası prezidenti tərəfindən iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində xidmətlərinə görə, ölkəmizin ən ali mükafatını alan ilk türk diplomatıdır.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dönəmdə Hulusi Kılıç Ərdoğanın protokol şöbəsinin müdiri kimi də fəaliyyət göstərib və baş nazirin xarici səfərlərində onu müşayət edən nümayəndə heyətinin tərkibində yer alıb. Hulusi Kılıç vaxtilə diplomat kimi Suriyanın Hələb şəhərində baş konsul vəzifəsini də icra edib. Ona görə də Suriya üzrə siyasi mütəxəsislərdən sayılır.
Qeyd edək ki, Hulusi bəy təpədən dırnağadək Azərbaycan sevdalısıdır və o, "bir millət, iki dövlət" anlayışının ən parlaaq nümunəsi kimi bu gün də iki qardaş xalqın acılı-şirinli bütün tədbirlərində iştirak edir, bu birliyə-bərabərliyə özünəməxsus töhfə verməyə çalışır. Elə onun bir neçə gün öncə Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə Ankarada düzənlənən tədbirdəki sıcaq iştirakı da bu səmimiyyətin daha bir əlaməti hesab oluna bilər.xa0

Bir sözlə, Hulusi bəy 24 iyun seçkilərində təkcə Tokatlıların deyil, həm də Azərbaycanın namizədi olacaq və inşallah biz tezliklə onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Bakıya səfərinin şahidi olacağıq. Moderator.az olaraq da bəri başdan ona uğurlar arzulayırıq.xa0






































































































