Moderator.az tanınmış alim və şair Elçin İsgəndərzadə ilə müsahibəni oxuculara təqdim edir:
-Ötən ay 50
illiyiniz qeyd olundu. Maraqlıdır, Elçin İsgəndərzadə bu illərə nələri sığdıra
bildi, nələr ürəyində nakam arzu tək qaldı?
-Mən ömrümün hər
anını dəyərləndirərək yaşamışam. Bu günə qədər əldə etdiklərim daxili
nizam-intizam sayəsində olub. Yəni insanın öz əlində olan imkanlardan söhbət
gedir. Bir də Allah tərəfindən verilən istedad var ki, bu bizim iradəmizdən asılı
deyil. Əlbəttə ki, istər alim kimi, istərsə də şair kimi mənə Allah tərəfindən
istedad verilib. Bunda mənim heç bir xidmətim yoxdur. Mənim yaratdıqlarım və əldə
etdiklərim ilahi bir istedadın bəhrəsidir. Əlbəttə, Tanrı hər kəsə müəyyən
miqdarda istedad verir. Birinə az, digərinə çox. Amma insanın bu istedaddan necə
istifadə etməsi, necə bəhrələnməsi onun öz əlindədir. Yəni yaradıcı insan üçün
mən belə hesab edirəm ki, istedad bir alətdir. Insan tənbəllik edərək bu
istedaddan az da istifadə edə bilir. Ancaq yuxusuna haram qatıb, əziyyətə
qatlaşıb ona verilən istedaddan layiqincə istifadə etsə fövqəladə uğurlara imza
ata bilir. Mən əlli ildə bir insanın yüz ildə yaşaya biləcəyi ömrü yaşatdım
özümə. Bu artıq mənim iradəm idi. Mən ömrümə əlli ildə məhsuldarlılıq, verimlilik
baxımından yüz ilin bəhrəsini, məhsulunu sığdırdım. Bu baxımdan mən əlli yaşımı
alnıaçıq, üzüağ qarşıladım desəm yanılmaram. Nələri sığdıra bilmədim? Bu sualın
qarşısında isə utana ”“ utana cavab verirəm. Mənim əlli ilə sığdıra bilmədiyim
çox şeylər oldu. Əlli ilin iyirmi iki ilini doğma vətənim olan və hər nöqtəsinə
qəlbən bağlı olduğum Şuşasız yaşadım. Şuşasızlıq, Qarabağsızlıq məşəqqəti məni
bir an olsun rahat buraxmadı. Əgər mənim ürəyimdə vətən məşəqqətləri ,
burulğanları olmasaydı, indi 47 yox, 470 ixtiram olardı. Mənim beynim hüzur
içində olub yalnız ixtiralar üçün çalışsaydı, Şuşa həsrəti, dərdi olmasaydı mən
oturub rahat şəkildə ixtiralar ilə, elmlə məşğul olardım. Şuşasızlıq hər an məni
ilan kimi çalıb. Mənim bədii yaradıcılığımda Şuşasızlıq, Vətən həsrəti daha
böyük rol oynadı. Bu duyğuları yaşadığım, daddığım üçün, əsərlərim daha mənalı
və dolğun alınıb. Amma bir söz deyim ki, Allah kəssin bu dolğunluğu, bu mənalılığı
ki, mən Şuşasız illər yaşadım, bu həsrəti daddım.
-Bildiyimizə görə hal-hazırda 5 cildlik “Seçilmiş əsərlər”inizi
çapa hazırlayırsınız. Nədən ibarətdir beşcildlik?
-23 ildir ki, rəhbəri olduğum “Vektor” Beynəlxalq Elm
Mərkəzinin əməkdaşları mənim əlli illik yubileyimlə bağlı hədiyyə olaraq bədii əsərlərimin
5 cildliyini, elmi əsərlərimin 3 cildliyini hazırlamağa qərar verdilər. Bədii əsərlərimin
5 cildliyinin birinci cildində indiyədək yazdığım seçmə şeirlər, ikinci cilddə
seçmə poemalar, üçünücü cilddə esselər, dördüncü cilddə mənim məqalələrim və
müsahibələrim, beşinci cilddə isə mənə həsr olunmuş məqalələr və şeirlər yer
tutacaq. Beşcildliyin hazırlanmasında, əsərlərin seçilməsində mən özüm də
yaxından iştirak edirəm. Bu jest mənim üçün çox qürurvericidir. Ancaq əslində mənim
özüm üçün hesabatdır. Öz yazdıqlarıma, mənim haqqımda yazılanları toplu halında
görərkən mən ilk növbədə Tanrıma mənə verdiyi istedad üçün şükranlığımı
bildirirəm. Şükranlığımın digər səbəbi də odur ki, tanrım məni hələ gənc illərimdən
böyük dühalarla qarşılaşdırdı. Bu dühalarla bir masa arxasında əyləşmək,
kitablarımı onlara təqdim edə bilmək, əsərlərim haqqında onların rəyini öyrənmək
həqiqətən də insana Tanrı tərəfindən verilən böyük bir lütfdür. Mən səmimi şəkildə
etiraf edirəm ki, bugünki, Elçin İsgəndərzadə kimi formalaşmağımda o insanların
rolu böyük olub. Mən bu gün əlli il yaşadığım ömrə baxanda orda Elçin İsgəndərzadəni
deyil, daha çox Şuşanı görürəm. Mənim ömrümün özüm tərəfimdən görünən ən böyük
obrazı Şuşadır. Ondan sonra mənim ömrümün ən böyük varlığı Məmməd Arazdır. Mənim
içimdə Elçin İsgəndərzadədən çox bu insan var. Əslində mənim içimdə məndən çox
Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov var. Bayaq bəhs etdiyimiz
bütün bu saydıqlarımız hesabat olaraq mənim üçün çox əhəmiyyətlidir.
- Bildiyimizə görə yubiley ərəfəsində sizin
yaradıcılığınızı və fəaliyyətlərinizi əks etdirən yeddi kitab dərc olunub.
-Bayaq qeyd
etdiyim beşcildlikdən əlavə mənim əlliillik elmi və bədii fəaliyyətimi əks
etdirən, dəyərli dostlərım tərəfindən daha yeddi kitab qələmə alındı. Bu haqda
danışmadan öncə onların hər birinə dərin təşəkkürümü bildirirəm. Bu sahədə mənə
ilk jest yazıçı dramaturq, əməkdar jurnalist Qərib Mehdi tərəfindən edildi.
Onun qələmə aldığı “Elçin- el üçün” kitabı sözün həqiqi mənasında ömrümün ən
qiymətli hədiyyəsi oldu. Ardınca isə yazıçı dostum, AYB -nin üzvü Rasim Gəncəli
“Qızıl Türklərdən biri” monoqrafiyasını yazdı. Daha sonra əziz dostum, böyük
qardaş kimi sevdiyim, filologiya elmlər doktoru, görkəmli tənqidçi Vaqif
Yusifli əlliillik yubileyimlə bağlı çox əhatəli bir monoqrafiya yazdı. Mübariz
Məsimoğlu “Professor Elçin İsgəndərzadə olduğu və göründüyü kimi”
monoqrafiyasını qələmə aldı. Mənim haqqımda daha bir kitab Əsəd Cahangir tərəfindən
yazılır. Oktay Hacımusalı mənim əsasən Türk dünyası ilə bağlı, əsərlərimdəki
türkçülük ruhunu, Turançılıq ideyasını təhlil edən çox dərin və mənalı bir əsər
ərsəyə gətirdi. Və nəhayət yeddinci kitab dəyərli alimimiz, Filologiya elmləri
doktoru, professor Buludxan Xəlilov tərəfindən yazıldı. Buludxan müəllimin
monoqrafiyasında mənim şeirlərim və poemalarım ayrı ayrılıqda dərin və əhatəli
şəkildə tədqiq edilmişdir.
-Adil Mirseyidin sizin həyatınızda xüsusi yeri olub.
Adil Mirseyid ilk növbədə sizin üçün kim idi?
-İndi mənə çox deyirlər ki, əlli il insan ömrü üçün nədir
ki? Düzü bu sözə çox acığım tutur. Əlli yaş insan ömrü üçün çox ciddi bir rəqəmdir
və uzun bir ömürdür. Çox uzun olduğuna görə də bu ömrü bir neçə mərhələyə bölmək
olur. Mənim də ömrümün mərhələsinin əsas sahəsini Şuşa tutur. Bugün mənim istər
insan, istər alim kimi formalaşmağım məhz bu mərhələyə təsadüf edir.
-Əgər Şuşada deyil, Azərbaycanımızın digər bölgəsində
dünyaya gəlsəydiniz, böyüyüb boya başa çatsaydınız həmin bölgəni də belə ilahi
bir sevgi ilə sevərdinizmi?
-Yox, əsla! Məsələn, mən Kürdəmirdə dünyaya gəlsəydim
inanmıram ki, indiki Elçin İsgəndərzadə olardım. Bu Şuşanın böyüklüyü idi.
Şuşanın hər daşı, bir ovuc torpağı belə mənə poetik təsir bağışlayır. O mühit,
oranın suyu, havası mənim formalaşmağımda böyük rol oynayıb. Mənim xəmirim Şuşa
ilə yoğrulub. Oranın insanları çox fərqli idi. İndi elə insanlara rast gələ
bilmirəm. Qayıdım bayaqkı söhbətə. Şuşa mərhələsindən sonra ömrümün ikinci
böyük mərhələsi keçmiş “poltiexnik mərhələsi”, yəni indiki “Azərbaycan Texniki
Universiteti mərhələsi” dir. Mənim bütün elmi fəaliyyətim bu ocaqla bağlıdır. Mənim
ömrümün üçüncü mərhələsini Azərbaycan Yazıçılar Birliyi əhatə edir. Nəhayət
ömrümün daha bir mərhələsi isə Adil Mirseyid illərdən ibarət oldu. Mənim Elçin
İsgəndərzadə kimi formalaşmağımda Şuşa, Azərbaycan Texniki Universiteti, AYB mənə
nə qədər əzizdirsə, Adil Mirseyid mərhələ də mənə o qədər əziz və doğmadır. Mənim
bir insan, alim kimi formalaşmağımda bu insanın böyük rolu olub. Mənim onunla
qarşılaşmam, tanış olmam Tanrının bir lütfü idi. Mən onun yanına müəllimim,
ustadım deyə getdim, ancaq o ilk andan mənə “həpbərabər qardaşım” dedi. İlk
vaxtlar buna uya bilmirdim, ona gah müəllimim, gah da ustadım deyirdim. O isə hər
zaman mənimlə dalaşardı ki, mənə “həpbərabər qardaşım” de. Onunla keçən iyirmi
ildə anladım və indi də anlayıram ki, məni onun qədər duyan, anlayan ikinci bir
insan olmayıb. Nə də ki, Adil Mirseyidi mənim qədər anlayan bir insan olmadı. Yəni
həm insanlıq , həm sənət , həm çağdaşlıq, həm də sənət zövqü baxımından biz bir-
birimizə çox yaxın idik. 90 ”“ cı illərin əvvəlləri mənim aspirant olduğum illərə təsadüf edirdi.
Hələ o zamanlar dünyadan təcridolunmuş şəkildə
yaşayırdıq. Və təbii ki, bu da poeziyamıza öz təsirini göstərirdi. Həmin dönəmlər
Azərbaycan poeziyası ənənəvi köklər üzərində bərqərar idi. Mənim o illərdə elmi
sahə ilə bağlı xarici ölkələrə səyahətlərim başlamışdı. Konfranslarda,
qurultaylarda, konqreslərdə olurdum. Dünyanı təzə- təzə tanımağa başlamışdım.
Dünya sənəti, ədəbiyyatı ilə daha yaxından tanış olmağa başladım. Və dünya ədəbiyyatında
gördüyüm mədəniyyəti Adil Mirseyid əsərlərinin inikasında müşahidə etməyə başladım.
Və bu məni daha çox özünə çəkdi. Onun yaradıcılığında dünya mədəniyyətinin
paralelliyini, əksini görürdüm. Etiraf edim ki, ənənəvi klassik ədəbiyyatımıza
marağım, həvəsim olduğu qədər, dünya ədəbiyyatına da o qədər cəhdim var idi. Mənim
bu işimdə Adil Mirseyidin böyük köməyi, dəstəyi oldu. Allah onu mənə qardaş, müəllim
kimi qarşıma çıxardı. Biz eyni zamanda onunla 15 il bir yerdə çalışdıq. Adil
Mirseyid bizim dostluğumuzun, qardaşlığımızın sonucu olaraq mənim haqqımda
“Hardan baxsan görünən adam” adlı dünyada analoqu olmayan esse- monoqrafiya
yazdı. Mən bunu iki cəhətdən dünyada analoqu olmayan əsər adlandırıram. Ilk
olaraq o ancaq mənim haqqımda monoqrafiya yazdı. Və dünyada analoqu olmayan bir
manevr, üslub ilə o esse-monoqrafiya janrını ortaya qoyaraq çox gözəl bir əsər
yaratdı. Bu əsər mənim üçün böyük bir uğur idi. Mən fəxr edirəm ki, onun kimi
bir sənətkar mənim haqqımda belə bir kitab yadigar qoydu.
Lalə Novruzlu




































































































