Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Hazırda oxunan: Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

637748

Serbiyanın paytaxtı Belqradda Şəhər Mədəniyyət Katibliyinin himayəsi altında təşkil edilən "Taste of Planet" beynəlxalq qastronomiya festivalı çərçivəsində Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib.
 
Bizim.Media xəbər verir ki, təqdimat Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə paytaxtın tarixi Kalemeqdan parkında, Barokko qapısı yaxınlığında baş tutub.
 
Tədbirin açılışında Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxış edərək Azərbaycan mədəniyyətinin, zəngin milli mətbəxinin və qonaqpərvərlik ənənələrinin Serbiya ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən danışıb, bu kimi mədəni tədbirlərin xalqlar arasında qarşılıqlı tanışlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Diplomat eyni zamanda bu gün Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyd olunmasını diqqətə çatdırıb.
 

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru Günel Babanlı isə "Ənənəvi Azərbaycan dadları" guşəsində ziyarətçilərə Azərbaycan xalqının süfrə mədəniyyəti və qonaqpərvərlik ənənələrini tanıdıb.


 Tədbir çərçivəsində Festival iştirakçılarına Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti ilə bağlı videoların təqdimatı ilə yanaşı, fisincan plov, dovğa, qoz küküsü, dolma, paxlava, şəkərbura kimi Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.
 
Qeyd edək ki, 2017-ci ildən etibarən Novi Sadda təşkil olunan milli mətbəxlər festivalı bu il ilk dəfə Belqradda keçirilib. "Ukusi sveta na jednom mestu" (Dünyanın dadları bir yerdə) şüarı ilə sentyabrın 18-dən 20-dək davam edən qastronomiya festivalı xalqlar arasında mədəni əlaqələrin inkişafına və ölkələrin zəngin irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edib.
 
Festival çərçivəsində Belqrad sakinləri və şəhərin qonaqları müxtəlif ölkələrin səfirliklərinin təqdim etdiyi milli mətbəx nümunələri ilə tanış olmaq, fərqli xalqların kulinariya ənənələrini və mədəniyyətini yaxından kəşf etmək imkanı əldə ediblər.
















 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO