XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

Hazırda oxunan: XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

629163

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə təşkil edilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Bizim.Media xəbər verir ki, builki festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak ediblər.

Festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilib, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gəliblər.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalına Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulub. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) ifa ediblər. Axşam Cahangir Cahangirovun "Qələbə uvertürası" ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə yazdığı "Ölkəm" romansı, Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası səsləndirilib. Konsertdə, həmçinin, dünya opera irsinin məşhur nümunələri də təqdim olunub.

Həftəboyu davam edən konsertlərdə yerli sakinlər və Qəbələnin qonaqları müxtəlif ölkələrdən gələn sənətçilərin çıxışlarını izləyiblər. Sənət adamları bəzən tamaşaçılarla birlikdə rəqs edərək bayram əhval-ruhiyyəsini daha da coşdurub, tamaşaçılar isə onları gur alqışlar və gül dəstələri ilə yola salıblar.

2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun əsas ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, həm də xalqları birləşdirən, sərhədləri aşan və unudulmaz anlar bəxş edən mədəniyyətlərarası körpüdür.

Onu da qeyd edək ki, ənənəvi olaraq yay fəsli ilə yanaşı keçirilən festival artıq iki ilidirsə, "Qış nağılı" adı ilə qış mövsümündə də təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO