Qatil alicənablığına bağlı əməliyyat

Qatil alicənablığına bağlı əməliyyat

Hazırda oxunan: Qatil alicənablığına bağlı əməliyyat

71040

Bugünlərdə respublika prokurorunun I müavini Rüstəm Usubovun Sumqayıt hadisələrinin əsas iştirakçısı Qriqoryan haqqında səsləndirdiyi fikirlər bəzi vətəndaşlarda əsl şok effekti yaradıb. Belə ki, Qriqoryanın yerinin 27 ildən sonra müəyyən edildiyini bildirən R.Usubov, onun izinə "Odnoklassniki" sosial şəbəkəsində rast gəlindiyini bildirib. Hörmətli Usubov qeyd edib ki, araşdırmalar erməni təxribatçısının Moskva yaxınlığında yaşadığını göstərir. Bütün bunların ardınca Qriqaoryanı məsuliyətə cəlb edilməsi üçün gərəkən addımların atılacağına diqqət çəkən Usubov, bununla da prokurorluq orqanlarının "çalışqanlığını" nəzərə çatdırıb. Əslində R.Usubovun öz açıqlaması ilə yaratdığı ictimai şokun mahiyyəti də məhz bununla bağlıdır. Peşəkar prokurorluq işçisi hələ reallaşmayan, hazırlıq mərhələsində olan bir əməliyyatla bağlı ən zəruri məlumatları KİV-in iştirak etdiyi bir toplantıda prokurorluğun uğuru kimi sayıb-tökür və ardınca bu məlumatlara əsasən Qriqoryanın tapılıb məsuliyyətə cəlb ediləcəyini vurğulayır. Halbuki, "Odnoklassniki" şəbəkəsində şübhələri özünə çəkən şəxs həqiqətən də Qriqoryan olsa belə, artıq R.Usubovun açıqlamasından sonra onun azı daha 27 il qeyiblərə qarışacağı şübhəsizdir. Çünki nəinki Qriqoryan kimi təhlükəli, xüsusi təlim keçmiş təcrübəli cinayətkar, hətta adi toyuq oğrusu belə deşifrə olunduğunu bilə-bilə oturub həbs olunacağını gözləməz.

Bəli, nə qədər qəribə görünsə də, bu gün Qriqoryanın həbsi birmənalı şəkildə sözügedən qatilin alicənablığına, daha doğrusu maymağlığına bağlıdır. R.Usubovun "biz gəlirik" açıqlamasından sonra Qriqoryan ya öz təhlükəsizliyinin qayğısına qalaraq qaçmalı, ya da Azərbaycan prokurorluğunun 27 illik zəhmətinə rəhm edib yenə eyni ünvanda yaşamalı, səbirsizliklə həbs ediləcəyi günü gözləməlidir. Çünki mövcud şərtlər daxilində onu həbs etmək üçün başqa bir ümid yoxdur.

R.Usubovun öz açıqlaması ilə gətirib bu nöqtəyə çıxartdığı vəziyyət məşhur bir lətifəni yada salır. Deyirlər, guya dünyanın hansısa ölkəsində öz hədsiz sadəlövhlüyü və avamlığı ilə diqqət çəkən bir kənd var imiş. Hansı ki, bu kəndin sakinlərinin az qala ağılsızlıq həddində olan avamlığı bütün qonşu kənd və qəsəbələrə də məlum imiş. Bir gün həmin məşhur kənddə oğurluq hadisəsi baş verir. Belə ki, kəndin bir sakini başqa bir sakinin evinə girir və əlinə keçən əşyaları aparmaq istəyərkən ev sahibi tərəfindən yaxalanır. Tutduğu oğrunun ayaqlarını bağlayıb evin ortasına uzadan ev sahibi bir neçə kənd uzaqda yerləşən polis şöbəsinə gedir. Baş verənləri polisə nəql edən ev sahibinin oğrunun sadəcə ayaqlarını bağlaması polisin diqqətini çəkir. Polis ev sahibindən niyə oğrunun əllərini də bağlamadığını soruşur. Ev sahibi isə oğrunun  əllərini bağlamağın ağlına gəlmədiyini bildirir. Polis rəisi ev sahibinə evə qayıtmağı tövsiyyə edir və bildirir ki, daha polisin ora getməyi mənasızdır, çünki əli açıq olan oğrunun ayaqlarındakı kəndiri açıb qaçdığı şübhəsizdir. Bu zaman həmin kəndin "özəlliyini" nəzərə alan digər bir polis əməkdaşı rəisə evə getməyi məsləhət görür və bildirir ki, əgər oğru o kəndin sakinidirsə, o zaman açıq qalan əlləri ilə ayaqlarındakı kəndiri açıb getmək onun da ağlına gəlməyəcək. Beləcə, polis əməkdaşları həmin evə yollanırlar və mənzilə daxil olan zaman bəlli olur ki, oğru həqiqətən də evdədir və açıq əllərini yanlarına uzadaraq polisin gəlməyini gözləyir.

Bu gün Qriqoryanın həbsi üçün onun düşüncə tərzinin məhz bu cür çalışması vacibdir. Çünki bu peşəkarlıqla onu başqa cür həbs edə bilməyəcəyimiz ortadadır.

Əslində, R.Usubovun məlum açıqlaması həm də Sumqayıt işi məsələsindəki 27 illik uğursuzluğun sirri kimi də izah oluna bilər. Bəlkə də, bütün məsələlərə məhz bu məntiqlə yanaşıldığı üçün şübhəlilərin hələ də qanun qarşısında cavab verməsi təmin edilməyib.

R.Usubovun öz məşhur çıxışında əməliyyat-istintaq sirrini açıb-açmadığı, buna görə məsuliyyət daşımalı olub-olmadığı məsələsi isə hüquqşünaslar tərəfindən araşdırılması gərəkən bir məsələdir. Baxmayaraq ki, məsələnin əsas mahiyyəti qeyri-hüquqşünas dərrakəsi ilə də kifayət qədər aydın dərk olunur və təəssüf ki, bu qavrayış R.Usbovu heç də haqlı çıxartmır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO