Rusiyalı milyarderlər, o cümlədən Kremlə yaxın olan şəxslər iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərin dövlət xeyrinə müsadirə olunacağı qorxusu ilə xaricə kapital axınını sürətləndiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bloomberg" Rusiya elitasının nümayəndələrinə yaxın olan mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına görə, ilin əvvəlindən bəri Rusiyadan on milyardlarla dollar çıxarılıb. İş adamları kapitalı qorumaq üçün kriptovalyutadan, qızıldan istifadə edir, həmçinin BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Kipr və Afrika ölkələrindəki aktivlərə və özəl fondlara sərmayə yatırırlar.
"Bloomberg"in mənbələri bu əhval-ruhiyyəni iri özəl aktivlərin milliləşdirilməsi dalğası ilə əlaqələndirirlər. Bu il, xüsusilə "Rusagro" holdinqi, "Yujuralzoloto" şirkəti və Domodedovo hava limanının aktivləri dövlətin nəzarətinə keçib. Agentliyin həmsöhbətlərinin qiymətləndirməsinə görə, bu şirkətlərin satışı artıq büdcəyə yüz milyardlarla rubl gəlir gətirib.
Birinci yarımillikdə 6 trilyon rubla yaxınlaşan artan büdcə kəsiri fonunda biznes dairələrinin narahatlığı daha da güclənir. Rusiya Mərkəzi Bankı artıq özəl kapitalın xalis axını ilə bağlı məlumatları dərc etmir.
Bizim.Media
































































































