Onlar and içmir!

Onlar and içmir!

Hazırda oxunan: Onlar and içmir!

66356

Xəbər verildiyi kimi, bundan sonra Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslər Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacaqları barədə and içəcəklər. Qanun müəlliflərinin fikrincə, and içən Azərbaycan vətəndaşı andın mətnini imzalayacaq və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılacaq.

Maraqlıdır ki, məlum dəyişiklik haqqında ictimaiyyətə məlumat verilsə də, bu dəyişikliyin hansı zərurətdən meydana çıxdığı, hansı arqumentlərlə əsaslandırıldığı bəlli deyil. Görünən odur ki, parlament vətəndaş və dövlət münasibətlərini məhz bu and vasitəsi ilə möhkəmləndirməyə çalışır. Halbuki, vətəndaş-dövlət münasibətlərini rəsmi and və protokllar vasitəsi ilə möhkəmləndirmək, insanların dövlətə olan sevgi və bağlılığını bu yolla təmin etmək absurt və gülüncdür. Ən azından ona görə dünyanın heç bir demokratik ölkəsində bu cür praktika mövcud deyil. Dünyanın heç bir sivil ölkəsində 14 yaşına çatan şəxsləri dövlətə sadiqlik andı içməyə, dövlət qarşısında ali hərbi-siyasi vəzifə tutan şəxslərə məxsus yazılı öhdəliklər götürməyə vadar etmirlər. Ona görə yox ki, bu cür protokol və öhdəliklərin kütləvi tətbiqini Qərbdə həqiqətən də əsl ağılsızlıq nümunəsi hesab edirlər. Həm də ona görə ki, bu ölkələrdə orta məktəb şagirdləri də aydın başa düşür ki, qəlbində dövlətə, bayrağa sevgi bəsləməyən hər hansı bir şəxsi o dövlət və bayrağa sədaqət sərgiləməyə heç bir qüvvə, heç bir məcburiyyət vadar edə bilməz. Necə ki, həqiqi hərbi xidmətə cəlb edilən şəxslərin içdiyi and onların dövlətə, hərbi komandanlığa sədaqətli olmasında heç bir rol oynamır. Bu and sadəcə xəyanət edən əsgərlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas rolunu oynayır. Odur ki, kimliyindən asılı olmayaraq hər hansı bir şəxsi rəsmi and və öhdəliklər hesabına sədaqətli olmağa vadar etmək mümkünsüzdür.

Bu cür andların adi kağız parçasından heç bir fərqi yoxdur və ola da bilməz. Çünki dövlətə sədaqət and işi deyil. Dövlətə sədaqət sevgi işi, mənəvi bağlılıq işidir.

Hər hansı bir şəxsin dövlətə sədaqətlə xidmət etməsi, onun maraqlarını vicdanla müdafiə etməsi üçün onun and içməsinə ehtiyac yoxdur. Bunun üçün onun bu dövləti yetərincə sevməsi, bu torpağa qəlbən və ruhən bağlanması yetərlidir. İçində vətəninə sevgi bəsləyən insan onu andsız-amansız da sədaqətlə qoruyacaq, onun təəssübünü həssaslıqla çəkəcəkdir. Dövlətinə sevgisi olmayan insan isə onu ilk fürsətdə, qarşısına çıxan elə ilk, ötəri marağa belə satacaq, bundan zərrə qədər də olsun vicdan əzabı çəkməyəcəkdir.

Bu səbəbdən də milyonları insanı yazılı and və sənədlərlə sınağa çəkmək, onları dövlətə məcburən, müqavilə əsasında xidmət etməyə məcbur etmək yox, onlara həqiqi vətən və millət sevgisini aşılamaq lazımdır. Gənc nəsli elə yetişdirmək lazımdır ki, onlar andsız, əmrsiz, göstərisiz də özlərini dövlətin maraqlarına fəda etməyi bacarsınlar və bundan iftixar duysunlar. Bunun üçünsə həmin insanların haqqını yeməmək, onları aclığa, səfalətə məhkum etməmək, ləyaqətlərini alçaltmamaq, əxlaqını pozmamaq, ruhlarını zəhərləməmək kifayətdir. Əgər bunlar olmasa gənc nəsil təbliğatsız da dövləti sevəcək, onun maraqlarına vicdanla xidmət edəcəkdir. Necə ki, təbliğatın nə olduğunu bilməyən balaca körpə, azyaşlı uşaq da anasını qeyri-iradi olaraq sevir və ona bağlanır. Halbuki, kimsə həmin uşağı anasını sevməyə sədaqət andı içməyə vadar etmir, bu sahədə ideoloji iş aparmır.

Bəli, and yalnız ləyaqətli,vicdanlı, mənəviyyatlı insanların dilindən çıxdığı, bu insanlar tərəfindən imzalandığı zaman qiymətlidir. Yalnız bu cür insanların andına inanmaq, bu cür insanların sədaqətindən şübhə etməmək olar. Hansı ki, onlar andsız da, təqdir və təltifsiz də  dövlət və millətin mənafeyi uğrunda yorulmadan səy göstərməkdədir. Onların dövlətə və bayrağa bağlılığı o qədər çoxdur ki, bəzən ən ülvi and belə bu sevginin qarşısında sönük qalır və təhqir kimi səslənir. Bu səbəbdən də onlar and içmir!

Odur ki, hədəf and içəcək gənclər deyil, hər biri bir and yeri olacaq, anddan daha ucada dayanan insanlar yetişdirmək olmalıdır. Dövləti dövlət olaraq yaşatmağın, onu irəli aparmağın tək yolu budur!

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO