Təslimiyyət, yoxsa böyüklük?

Təslimiyyət, yoxsa böyüklük?

Hazırda oxunan: Təslimiyyət, yoxsa böyüklük?

58587

Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri bir müddət öncə həbs edilən bəzi NİDA-çıların ölkə başçısından əfv istəməsi və azad ediləndən dərhal sonra sabiq prezident Heydər Əliyevin məzarını ziyarət etməsidir. Vaxtiylə mövcud hakimiyyətə qarşı sərt, barışmaz mövqe sərgiləyən və bu səbəbdən də müxalif düşərgədə böyük nüfuz qazanan gənclərin bir-birinin ardınca ağ bayraq qaldırması  bu gün elə həmin düşərgə tərəfindən ciddi tənqid və ittiham hədəfinə çevrilib. Halbuki, baş verənlərə bu qədər sadə və tənqidi münasibətin özü də ittiham ediləcək bir yanaşma hesab oluna bilər.

Şübhəsiz, demokratiya uğrunda mübarizə istiqamətində böyük əzm ortaya qoyan gənclərin birdən-birə cəbhə dəyişməsi xoşagələn deyil və bu, hər şeydən öncə həmin insanların timsalında sarsılmaz gənclik obrazı yaradan şəxslərin xəyal qırıqlığına uğraması deməkdir. Lakin buna baxmayaraq bu insanları qınamaq, onlar haqqında həqarətli ifadələr işlətmək də düzgün sayıla bilməz. Ən azından ona görə ki, bu insanların, onların yaxın çevrəsinin nələr yaşadığı, hansı mənəvi-psixoloji təzyiqlərlə üzləşdiyi, bu qərarı hansı daxili təbəddülatlar və sarsıntılardan sonra verdiyi  kimsəyə bəlli deyil.  

Ümumiyyətlə, qınamaq və ittiham etmək ”“ bu istənilən situasiyada ən asan, heç bir maddi-mənəvi fədakarlıq tələb etməyən ucuz tənqidçilik və qəhrəmanlıqdan başqa bir şey deyil. Çətin və təqdirəlayiq olan isə dərk etmək, qarşı tərəfi, onun verdiyi qərarları başa düşməkdir. Bəli, qəbul etmək yox ”“ başa düşmək!

Unutmaq lazım deyil ki, hər kəs öz seçimində azaddır və heç kimdən sona qədər ideal dözüm və iradə sərgiləmək tələb oluna bilməz. Əgər kimsə özünü daha dönməz, daha mübariz, alınmaz və satılmaz biri hesab edirsə, o zaman bunu əməli olaraq öz üzərində sərgiləməli, məhz öz məhrumiyyət və qətiyyəti ilə başqalarına nümunə olmağı bacarmalıdır. Və tərəf dəyişən gəncləri ittiham edən şəxslər öz qınaq və tənqidlərini ortaya qoymamışdan öncə “mən olsaydım hara qədər dözərdim” sualına obyektiv, vicdanlı şəkildə cavab verməyə çalışmalı, özünü bir anlıq da olsa həmin insanların yerinə qoymağı bacarmalıdır.

Bəli, bu gün bir çox gəncin öz mübarizəsindən imtina etdiyi və tamam fərqli mövqe sərgilədiyinə şahid olmaqdayıq. Bir çoxları bunu təslimiyyət kimi dəyərləndirr və doğrudan da baş verənlərin formal da  olsa təslimiyyət ayini olduğu göz önündədir. Lakin bu gün cəbhə dəyişdirən gənclərin əməlində sadəcə təslimiyyət deyil,  həm də böyüklük əlaməti var. Bu, bir insanın bükə bilmədiyi qolu, qopara bilmədiyi zəngiri öpmək, aşa bilmədiyi səddin önündə diz çökmək böyülüyüdür. Və şəxsən mənə görə açıq-aşkar, milyonların gözü önündə reallaşan bu təslimiyyət qarşı tərəfə 20 ildir ki, boş güllə atmaqdan, yalandan mübarizə imitasiyasl formalaşdırmaqdan, asmaq, kəsməklə bağlı bəyanatlar səsləndirməkdən, aşkarda düşmən elan etdiyin cəbhə ilə xəlvətdə anlaşmaq üçün fürsət axtarmaqdan  daha anlamlı və birmənalıdır.

Sözsüz, öz mübarizə mövqeyindən geri çəkilən və başqa qütbdə qərarlaşan bu insanların məlum qərarı onları ittiham etməyə əsas vermədiyi kimi, onların təslimiyyətləri fonunda ortaya qoyduqları böyüklük də təqdir ediləcək, örnək sayılacaq böyüklük deyil. Ancaq bütün hallarda həqiqət dəyişməz olaraq qalır: ədalət güclü ola bilməyəndə insanlar gücü ədalət kimi qəbul etməli olurlar. Və min illərin dərinliyindən axıb gələn bu gerçək bu gün də öz aktuallığını qorumaqdadır. Və aydın olan bir şey var: xalqın və müxalifətin ədaləti bu günə qədər güclü edə bilməməsinin günahı sadəcə həmin gənclərdə deyil. Bu, bütün bir xalqın, bütöv bir toplumun günahıdır və bu günaha görə hökmən kimisə cəzalandırmaq lazımdırsa, o zaman bütün xalq müqəssirlər kürsüsündə yer almalıdır.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO