Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Naxçıvandan daha bir örnəklə bağlı maraqlı fakt səsləndirib:
“Bu günlərdə Naxçıvanda olarkən Muxtar Respublika ilə bağlı bir ürəkaçan rəqəmə rast gəldim. Naxçıvanda bilirsiniz ki, dini ekstremizmin kökü tamamilə kəsilib. Orda mənə bir statistika dedilər ki, sovet dönəmində Naxçıvanda orta məktəbi bitirən qızların yalnız 17 faizi orta ixtisas və ya ali məktəblərə daxil olurmuş. Hal-hazırda isə bu göstərici 61 faizə yüksəlib. Adətən uşaqların tərbiyyəsi ilə qadınlar məşğul olur. Yəni ali təhsilli qadınlar cəmiyyət üçün daha yaxşı uşaqlar tərbiyyə edə bilər. Başqa bir faktı da deyim. Naxçıvanda olarkən təhsildən söhbət düşəndə mənə dedilər ki, bilirsiniz Sədərəyin icra başçısını niyə işdən uzaqlaşdırdılar? Niyəsini soruşdum. Dedilər ki, Vasif müəllim icra başçısını yanına dəvət edərək rayon məktəblərində yuxarı sinifdəki qızların davamiyyətinin aşağı olmasının səbəbini soruşub. Yəni bəzi valideynlər yuxarı sinifdə oxuyan qızlarını dərsə buraxmırlar. İcra başçısı da cavab verib ki, elə Naxçıvanda əzəldən belə olub. Yəni icra başçısı qız uşaqlarının dərsə gəlməməsini normal qarşılayıb. Vasif Talıbov deyib ki, belə dünyagörüşlü adam icra başçısı işləyə bilməz. Nəticədə onu və rayon təhsil şöbsəinin müdirini işdən azad edib.
Qadınların avtomobil sürməsini götürək. Hələdə
Bakıda bir çox kişilər qadınların maşın sürməsinə pis baxırlar. Amma bu gün
Naxçıvanda sürücülük məktəbində oxuyan qızların sayı kişilərin sayından çoxdur.
Yəni Naxçıvanda oğlanların oxuduğu iki qrup olduğu halda qızlar oxuyan 5 qrup
var. Yəni hökumət tərəfindən bu işə təbliğ olunur ki, qadınlar cəmiyyət həyatında
daha aktiv iştirak etsin. Tutaq ki, biri razıdır ki, avtobusda gedərkən hətta əxlaqsızın
biri gəlib yoldaşına toxunub keçsin, o buna pis baxmır, amma qadının maşın sürməyinə
pis baxır. Yavaş-yavaş bu sterotipləri dağıtmaq lazımdır. Ona görə də mən
parlamentdə də dəfələrlə məsələ qaldırmışam ki, terror təşkilatlarına
qoşulanların nə səbəbdən yoldan çıxarıldığını araşdırsınlar. Bəlli olur ki,
İŞİD kimi terror təşkilatlarına qoşulanların 90 faizi savadsız, hətta bəziləri
orta məktəb oxumamış cahil adamlardı. Belələrini insan adlandırmaq olarmı? O
başkəsənlər insan cildinə girmiş vəhşilərdi. Cənub rayonlarıyla bağlı dəfələrlə
parlamentdə məsələ qaldırsam da üstünə gedən yoxdur. Qızları yuxarı siniflərə qoymurlar.
Valideynlər var ki, mənə deyirlər qızımı yuxarı sinifə buraxsam onu heç kim
almayacaq. Bilirsiniz, bu cəmiyyətin faciəsidir. Bunun üçün ciddi və qəti tədbirlər
görülməlidir. Mən bu yaxınlarda Qərb mətbuatından oxudum ki, Avstraliya kimi
inkişaf etmiş ölkədə yaşayan yerli aborigenlər də qızlarını məktəbə
buraxmırlar. Hökumət məcbur olub qərar qəbul edib ki, kim öz qızlarını məktəblərə
buraxmasa, dövlət yardım və güzəştlərindən məhrum olunacaq. Məsələn, həmin şəxslər,
yəni öz qızını məktəbə buraxmayan valideynlər dövlət qulluğunda çalışa bilməzlər.
Biz də görəndə ki, bəzi şeylər təbliğatla alınmır, gərək sanksiyalar tətbiq
oluna.”





























































































