Həbsdəki gənc fəal aclıq aksiyasına başlayıb

Həbsdəki gənc fəal aclıq aksiyasına başlayıb

Hazırda oxunan: Həbsdəki gənc fəal aclıq aksiyasına başlayıb

49923

Həbsdə olan gənc fəal Orxan Əyyubzadə iyulun 12-də günorta saatlarından etibarən aclıq aksiyasına başlayıb. Gənc fəalın aclıq aksiyasına başlamasına səbəb hazırda saxlandığı Bakı İstintaq Təcridxanasında üzləşdiyi təzyiqlərdir. Əfv ərizəsi yazması üçün hər gün ona qarşı təhdidlər edildiyi bildirilir.


Bu barədə bu gün anası Rəhimə Məmmədova ilə telefon əlaqəsi saxlayan Orxan Əyyubzadənin özü məlumat verib. 

Rəhimə Məmmədovanın sözlərinə görə, son günlərdə yazılan əfv ərizələri oğluna qarşı təzyiqləri artırıb: “Bu gün Orxan zəng vurmuşdu. Bildirdi ki, ona qarşı son günlərdə təzyiqlər artıb. Səsindən narahat oldum. Hiss olunurdu ki, danışığına nəzarət olduğuna görə, çox sözü deyə bilmir. Hər gün təcridxana rəhbərliyinin otağına çağırılıb, əfv ərizəsi yazması üçün təhdidlərin edildiyini dedi. Hətta əfv ərizəsi yazası olsa, məhkəmədə azad olunacağını ona dediklərini də söylədi. Əks təqdirdə, işinin artırılacağı ilə bağlı ona qarşı təzyiqlərin edildiyini bildirdi”.

Rəhimə Məmmədova iyulun 12-dən etibarən oğlunun aclıq aksiyasına başladığını bildirdi: “Orxan dünəndən etibarən aclıq aksiyasına başlayıb. Bunu özü mənə dedi. Aclıq aksiyasına başlamasına səbəb ona qarşı olan təzyiqlər, əfv ərizəsi yazması üçün edilən təhdidlər, səhhətinin pisləşməsi ilə bağlı rəhbərliyə etdiyi şikayətə baxılmamasıdır. Hazırda əvvəlki kimi 4 nəfərlik kamerada 7 nəfərlə qalır. Bu isə günbəgün səhhətinin pisləşməsinə səbəb olur. Ölkəmizin aidiyyatı orqanlarına müraciət edib, oğlum barədə tədbirlər görmələrini tələb edirəm”.

Orxan Əyyubzadənin anası oğlunun sona qədər əfv ərizəsi yazmayacağını söylədi: “Orxanın özü heç zaman prezidentə müraciət etməyəcəyini mənə israrla bildirdi. Bir ana olaraq, övladımın bu cür addım atmağını istəmirəm. Çünki o, cinayətkar deyil ki, əfv ərizəsi yazsın. Övladımla fəxr edirəm. Çünki o, başqalarının övladları kimi oğurluq, quldurluq, əxlaqsızlıqla həbs olunmayıb. Onun yeganə günahı xalqını sevməsi, demokratiya tələb etməsidir”.

Rəhimə Məmmədova Orxan Əyyubzadəyə qəzetlərin verilmədiyini də qeyd etdi: “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin rəhbərliyinə təşəkkür edirəm. Çünki onlar qəzetlərin Orxana çatması üçün üzərlərinə düşəni ediblər. Amma buna baxmayaraq, Orxana qəzet hələ də verilmir. Ona çatacaq qəzet rəhbərlik tərəfindən götürülür. Bu, birbaşa oğurluq sayılır. Bu yolla onu mətbuat xəbərlərindən məhrum edirlər”.

Xatırladaq ki, Orxan Əyyubzadəyə qarşı 315.1 maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi açılıb. Bu maddə üzrə onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO