Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə tanınmış hüquqşünas Aslan İsmayılovun vəkillikdən xaric edilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, öncə A.İsmayılovun hüquqlarını müdafiə edən vəkil Rövşən Şirəliyev çıxış edərək apelyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi.
O, çıxışında Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr, 2013-cü il tarixli qətnaməsinin ləğv olumasını, Vəkillər Kollegiyasının tələbinin rədd edilməsini istədi:
“Nərimanov Rayon Məhkəməsi Vəkillər Kollegiyasının iddiasını təmin edərkən üç hala istinad edib. Birinci hal vəkil Aslan İsmayılovun müştəri Əliyeva Fəhriyyə Nadir qızı ilə müqavilə bağlamadan ona hüquqi yardım göstərməsi ilə bağlıdır. İkincisi12 fevral, 2013-ci idlə icazəsiz Səbayel Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun xidməti otağına daxil olması, prosesdə təqdim olunan sənədlərin geri qaytarılmasını tələb etməsi, icra məmurlarının yanında kobud sözlərlə hakimi təhqir edərək ona ona hədə-qorxu gəlməsidir. Üçüncüsü isə odur ki, Aslan İsmayılovun rəhbərlik etdiyi “Viza” hüquq firması ilə “Aslan İsmayılov və partnyorları” vəkil bürosu eyni ünvanda olan iş otaqlarında fəaliyyət göstərir. Nəticədə firmanın vəkil olmayan işçiləri büronun vəkil olan işçiləri ilə bir yerdə işlədiklərindən bu, vəkillik sirrinin yayılmasına gətirib çıxarıb”.
Vəkil Rövşən Şirəliyev hər üç halın əsassız olduğunu bildirdi və müştəri F.Əliyeva ilə bağlanmış müqavilənin və vəkil orderinin surətinin iş materiallarında olduğunu məhkəmənin diqqətinə çatdırdı.
Hakim E.Həsənov məsələsinə gəlincə isə vəkil R.Şirəliyev bildirdi ki, hadisə baş verən otaqda cəmi üç nəfər - hakim, vəkil Aslan İsmayılov və “Viza” hüquq firmasının baş direktoru Kənan Məmmədov olub: “Həmin vaxt adıçəkilən hakimə qarşı hər hansı qanun pozuntusu, yaxud kobud rəftara, vəkil etikasına yaraşmayan davranışa yol verilməyib.
Üçüncü hala gəlincə isə hal-hazırda Vəkillər Kollegiyası “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun məlum ünvanda fəaliyyət göstərməsinin qanunsuz olduğunu desə də 15 sentyabr, 2006-cı il tarixdə Ədliyyə Nazirliyinə müvafiq rəy təqdim edərək vəkil bürosunun bu ünvanda fəaliyyət göstərməsini qanunauyğun hesab etmişdi. Bundan əlavə müştəri F.Əliyevanın “Viza” hüquq firması ilə də müqavilə bağlaması və bu firmaya da özünə aid məlumatları və sənədləri təqdim etməsi vəkil sirrinin yayılması bəhanəsini tamamilə təkzib edir”.
Aslan İsmayılov da prosesdə çıxış edərək indiyə qədər bir nəfər müştərisinin ondan şikayətçi olmadığını dedi: “Mənim taleyim Azərbaycan məhkəmələrində həll olunmur. Bu 20 ildə bircə nəfər müştəri şikayət yazardı ki, Aslan İsmayılovdan narazıdır. Mənə təsir eləyən Vəkillər Kollegiyasından çıxmağım deyil, taleyimi kimlərin həll etməsidir. Bu, birinci hadisə deyil. 1999-cu ildə məni Vəkillər Kollegiyasının tapşırığı əsasında vəkillikdən xaric etdilər. O dövr qüvvədə olan lisenziya qaydaları haqqında əsasnaməyə görə fəaliyyətim davam etdi. 2000-ci ildə tək mənə görə bütünlükdə lisenziya qaydalarını ləğv etdilər və vəkillik fəaliyyəti ilə məşğul olan 300-ə yaxın hüquqşünas işsiz qaldı. 2005-ci ildə prezidentlə görüşdəın sonra məni necə çıxarmışdılarsa, o cür də vəkilliyə bərpa etdilər. Vəkillər Kollegiyası bu müddət ərzində dəfələrlə haqqımda cürbəcür tədbirlər gördü. İctimai mövqeyimə görə güclə Nərimanov Rayon Polis İdarəsinə aparıb hədə-qorxu gəldilər. 30 may, 2013-cü ildə “bandotdel”ə aparıb vurdular və ölümlə təhdid etdilər.
Məni bu yolla ictimai fəaliyyətimdən çəkindirmək istəyənlərə bir daha bildirirəm: arzu edərdim ki, hamısı məni qədər dövlətimə və dövlətçiliyimə sadiq olsun. Başa düşsünlər ki, mənim bu fəaliyyətim şəxsi məqsədlərim üçün deyil. Mən Azərbaycanda yaşayıram və buradan getmək fikrim yoxdur, övladlarım da burada yaşayacaq. Tək istədiyim odur ki, hamı qanun qarşısnda bərabər olsun, ədalətsizliyə yol verilməsin. Heç vaxt qanun pozmamışam və pozmaq fikrində də deyiləm”.
Şahid qismində məhkəmədə ifadə verən “Viza” hüquq firmasının baş direktoru Kənan Məmmədov Səbayel Rayon Məhkəməsinin hakiminə qarşı heç bir kobudluğa yol verilmədiyini dedi: “Həmin vaxt qapı bağlı idi. Katib (köməkçi) bizə “hakimin otağı ancaq hakim tərəfindən içəridən açıla bilər, sizin gəlməyinizi məruzə etməliyik” dedi. Katibin məruzəsindən, hakimin qapını açmasından sonra Aslan müəllimlə birlikdə içəri daxil olduq. Aslan müəllim işdə barışıq sazişinin olduğunu və bu barışıq sazişi əsasında prosesi təzələməsini hakimdən xahiş etdi. Hakim işdə saxta sənədlərin olduğunu, prosesi təzələyə bilməyəcəyini, Dövlət Sərhəd Xidmətinə müvafiq sorğular göndərəcəyini, bu haqda prokurorluğa müraciət edəcəyini dedi. Aslan müəllim işdə heç bir saxta sənədin olmadığını, qeyd etdiyi halların araşdırmağı hara da istəyir müraciət etməsini bildirdikdə hakim Elnur Həsənov qəfl və aqressiv formada ayağa qalxaraq “sən kimə güvənirsən, sənin əlindən hamı bezib, sənin başına oyun acım, sən də gör” və sair bu kimi təhqiramiz sözlər işlətdi. Aslan müəllim isə “get nə istəyirsən elə” deyə cavab verdi. Biz otaqdan çıxmaq istədikdə qapının bağlı olduğunu gördük və hakimdən açmağı tələb etdik. Hakim isə “qapını qırma” deyərək qapının ancaq onun tərəfindən açıla biləcəyini dedi və açmadı.
Bundan sonra telefona əl ataraq icra məmurlarını otağa çağırdı. Onlara “akt tərtib edin, bunları çölə atın” deyə qışqırdı. Biz də otaqdan çıxdıq. Qeyd edim ki, Aslan müəllim hakimə qarşı heç bir kobudluq etməyib”.
Məhkəmədə Vəkillər Kollegiyasının nümayəndəsi Pərviz Ələkbərov və Altay Muradov cıxış etdilər. Daha sonra isə Səbayel Rayon Məhkəməsinin icra nümayəndələri Elçin Əliyev, Emil Hadiyev və polis əməkdaşı İlqar Nəcəfov şahid qismində ifadə verdilər.
Məhkəmə prosesi iyulun 7-də davam edəcək. Prosesdə qərar elan olunacaq.





































































































