Dünən Bakı Apellyasiya Məhkəməsində tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun şikayətinə baxılmalıydı. Ancaq Qurban Məmmədovun məhkəmə heyətinə və ümumiyyətlə Azərbaycan məhkəmə sisteminə eirazı üzündən proses fevralın 14-dək təxirə salınıb. Q. Məmmədov iddia edir ki, Azərbaycanda məhkəmə sistemi tamamilə tənəzzülə uğrayıb və hakimiyyətin əlində cəza mexanizminə, gəlir gətirən obyektə çevrilib, ona görə də ondan ədalət gözləmək əbəsdir.
Moderator.az-a danışan Q. Məmmədovun həmkarı Namizəd Səfərov da eyni fikirdədir və o da hesab edir ki, Azərbaycan məhkəmələrinin müstəqilliyindən danışmaq yersizdir:
"Bu gün Azərbaycanın bütün məhkəmə instansiyaları və sahə məhkəmələrində 550 -yə yaxın hakim çalışır.Lakin bunların arasında müstəqil olduğunu iddia edə bilən bir hakim belə tapmaq mümkün deyil. Bunları deməklə mən bir çoxlarını yaxından tanıdığım və hörmətini saxladığım hakimləri heç də aşağılamaq mərsədi güdmürəm. Lakin fakt budur və inkaredilməzdir. Mən bunu ölkənin, bu hakimlərin və həmçimim də bizim hər birimizin faciəsi hesab edirəm.Təəssüf ki, hakimiyyətin müstəqil bir qolunu təmsil etməli olan məhkəmə hakimiyyəti hakimiyyətin digər bir qanadını təmsil edən icra hakimiyyətindən tam asılı vəziyyətə salınıb. Bu, hakimiyyəti əldə saxlamaqla,hakimiyyəti mənimsəməyin bariz nümunəsidir. Bu, dövlətçiliyə zidd olduğu qədər də zərərli və təhlükəli olan bir durumdur."

































































































