Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Bu arada illik inflyasiya ilə bağlı rəsmi və qeyri-rəsmi rəqəmlər arasında ziddiyyətlər mövcuddur. Müstəqil hesablamalarda illik qiymət artımının rəsmi rəqəmdən bir neçə faiz yüksək olduğu məlum olur. Belə olan halda, pensiyaların sığorta hissəsinin indeksasiyasının aparılması nə dərəcədə ədalətli həyata keçiriləcək.
İnflyasiya ilə bağlı alternativ hesablamalar aparan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert Qalib Toğrul
«Mediaforum»a bildirib ki,pensiyaların sığorta hissəsinin inflyasiyaya uyğun indeksləşdirilməsi «Əmək pensiyaları haqqında» qanun əsasında hər növbəti ilin əvvəlində aparılır: «Bununla bağlı lazım olan vəsait əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulur. Mahiyyət etibarilə bu, çox yaxşı addımdır. Pensiyaçıların aldıqları vəsaitin inflyasiyanın yeminə çevrilməsinin qarşısının alınması məqsədi güdülür. Qanunda nəzərdə tutulur ki, pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilsin. Burada müvafiq icra hakimiyyəti orqanı Dövlət Statistika Komitəsidir. Dövlət Statistika Komitəsinin digər statistik hesablamaları kimi inflyasiya göstəricisi də, çox təəssüf ki, reallığı əks etdirmir.
Ötən ilin rəsmi hesablamalarına görə, ölkədə 2,4 faiz inflyasiya qeydə alınıb. İqtisadi Tədqiqatlar Mərkəzi son illərə qədər istehlak qiymətləri indeksini hesablayırdı».
Q.Toğrul deyir ki, əvvəllər əksər beynəlxalq təşkilatlar, səfirliklər, banklar işçilərinin əmək haqlarının indeksləşdirilməsində, kreditlərin verilməsində dövlət komitəsinin yox, bizim hesablamalarımıza istinad edirdilər: «Çünki bizim hesablamalar reallığa daha yaxın idi. Çox təəssüf ki, biz artıq bu göstəricini hesablamırıq, ona görə də həm Bakıda, həm də regionlarda qiymətlərin statistik müşahidəsi ilə bağlı işləri dayandırmışıq. Ancaq komitənin hesabladığı inflyasiya göstəricisinin reallığı əks etdirmədiyi, kiçildildiyi hər bir Azərbaycan vətəndaşına məlumdur. Çünki vətəndaşlar bu inflyasiyanı real həyatlarında komitənin məmurlarından daha yaxşı hiss edirlər».
Moderator.az
Moderator.az







































































































