Şərlənərək barəsində qondarma cinayət işi açılan araşdırmaçı jurnalist Ərşad İbrahimli hələ ötən ilin yayından Kəlbəcər Rayon Təhsil Şöbəsindəki korrupsiya faktları barədə silsilə məqalələr yazırdı. Ancaq üstündən xeyli keçdikdən sonra Baş Prokurorluq Təhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında çoxsaylı korrupsiya faktları aşkarlayaraq, eyni zamanda 26 saxta diplomla Kəlbəcər Təhsil Şöbəsinin də bu işdə iştirakı ifşa edilərək sənədlər Korrupsiyaya qarşı mübarizə İdarəsinə göndərdikdən sonra Ə. İbrahimlinin haqlı olduğu üzə çıxdı. Eyni zamanda Ə. İbrahimli mətbuatdakı yazılarından əlavə mütəmadi olaraq həmin korrupsiya faktlarını Korrupsiyaya qarşı mübarizə İdarəsinə də göndərmişdi. Baxmayaraq ki, artıq şər öz işini görmüşdü və Gəncə Şəhər Baş Polis İdarəsində guya Ərşad İbrahimlinin təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovdan 32 min manat rüşvət tələb etməsi "faktı" araşdırılır, ancaq Baş Prokurorluqdan ümidverici cavab gəlib.
Yanvarın 27-də isə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Əli Quliyevdən Ərşad İbrahimliyə aşağıdakı məzmunda bir məktub daxil olub:
"Sizin müraciətiniz Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan 132026224 nömrəli cinayət işinə əlavə edilmişdir. Müraciətinizdə göstərilən xüsusatlar araşdırılmaqla nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir.
Beləliklə, belə ümid etmək olar ki, özgəsinə quyu qazanın özünün həmin quyuya düşəcəyi günü çox da gözləmək lazım gəlməyəcək. Biz də prokurorluq orqanlarının bu işi ədalətlə araşdırcağına şübhə etmirik və ümid edirik ki, sonda ədalət zəfər çalacaq, insanları şərləyənlər Allah və qanun qarşısında layiq olduqları cəzaları alacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.