Sabah, iyulun 26-da Neftçala rayonunun Aşağı Qaramanlı kəndində aprel döyüşlərində şəhid olmuş gizir Səfərov Elmidar Səlimxan oğlunun doğum günü qeyd olunacaq.
Moderator.az
xəbər verir ki, şəhidin ruhunu yad etmək məqsədilə keçiriləcək tədbirdə rayon
rəsmiləri, həmçinin dövlət qurumlarının nümayəndələri də iştirak edəcək.
Xatırladaq
ki, Silahlı Qüvvələrin 24 yaşlı giziri Səfərov Elmidar cəbhə xəttinin Tərtər
istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına
şəhid olub.
Elmidar Səfərov
2012-ci ildən “N”x9d saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan
sonra müddətdən artıq xidmət edib. Ən böyük arzusu torpaqlarımızın düşmən
tapdağından azad olunması, üçrəngli bayrağımızın Qarabağ torpaqlarında
dalğalanmasını görmək olub. Döyüş yoldaşları, dostları, qohumları arasında
qorxmazlığı, qocaqlığı, igidliyi ilə tanınan və seçilən Elmidar Səfərovun bu
arzusu onu şəhidlik zirvəsinə ucaltdı. Bu gün də hərbçi yoldaşları, onu tanıyan
hər kəs 24 yaşlı kəşfiyyatçı gizirin qəhrəmanlıqlarından, qoxmazlığından,
şücaətindən ağızdolusu danışır.
Qeyd
edək ki, şəhid Elmidar Səfərov əslən Yardımlı rayonundandır. Ailədə 3 qardaş, 3
bacı olublar. Yardımlı rayonunun Horavar kəndində doğulan Elmidar 3 yaşında
olarkən böyük qardaşı faciəvi şəkildə vəfat edib. Bundan sonra atası Səlimxan
Səfərov ailəsi ilə birlikdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köç
edib. Ancaq bu köç də ailə üçün müsbət sonluqla bitməyib. Ailənin üzləşdiyi faciələr
bundan sonra da davam edib. Belə ki, bir müddətdən sonra ailə başçısı Səlimxan
Səfərov özü vəfat edib. Elmidarın beş
uşaqla başsız qalan anası övladlarını çox çətinliklə böyüdüb.
Anasının
danışdıqlarına görə, son bir-iki il imiş ki, ailənin çətin günləri arxada
qalıbmış, xoş günləri başlayırmış. Oğlu Elmidar özünə yeni avtomobil alıbmış.
Həyətin bir hissəsinə tikinti materialları tökdürübmüş, yeni ev tikib anası ilə
birlikdə yaşamaq istəyirmiş. Anası da oğluna nişan aparmağa hazırlaşırmış. Lakin
bu dəfə də amansız fələk ailənin
sevincini gözündə qoyur, övladına nişan taxmağa hazırlaşan ana oğlunun şəhidlik
xəbərini alır. Anaya övladının nişan mərasimində oynamaq əvəzinə, yas mərasimində
ağlamaq qismət olur. İki dəfə doğmasını torpağa tapşırmış ananın ürəyinə üçüncü
dəfə sağalmaz yara dəyir. Ancaq bu dəfə şəhid anasının qismən də olsa təsəlli
yeri var. Çünki onun övladı şəhidlik zirvəsinə ucalıb, qanıyla, canıyla Vətən,
torpaq uğrunda tarix yazıb. Bu gün şəhidimizin məzarı gənclərimizin and yerinə
çevrilib. Bundan sonra böyüyəcək Elmidarlar şəhidlərimizin qanını yerdə
qoymayacaqlarına and içirlər.
Şəhid gizir
Elmidar Səfərov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə”x9d 3-cü dərəcəli
medalı ilə təltif olunub.


































































































