“28 aprel işğalı olmasaydı, bu erməni Azərbaycana rəhbərlik etməyəcəkdi... Və...”

“28 aprel işğalı olmasaydı, bu erməni Azərbaycana rəhbərlik etməyəcəkdi... Və...”

Hazırda oxunan: “28 aprel işğalı olmasaydı, bu erməni Azərbaycana rəhbərlik etməyəcəkdi... Və...”

630414
“1925-ci ildə Qacarlar sülaləsi devrilməyəcək və İranda iqtidara Rusiya hərbi kəşfiyyatının casusu Rza xan Pəhləvi (1878–1944) gəlməyəcək, bu ölkədə total farslaşdırma siyasətinə start verilməyəcəkdi...”
 
APREL İSTİLASI: “QAZANDIQLARIMIZ” VƏ İTİRDİKLƏRİMİZ...
 
1920-ci il aprelin 27-də, təxminən, 78 min döyüşçüdən ibarət rus ordusu Azərbaycan sərhədlərini keçib Bakıya və ölkəmizin içərilərinə doğru irəliləməyə başladı. Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı və iyirmi üç aylıq fasilədən sonra vətənimiz yenidən Rusiyanın işğalı altına düşdü.
Yazılarımızda dəfələrlə vurğulamışıq ki, “tarix elə olsaydı, belə olardı” formulunu qəbul etmir. Sözsüz ki, tarixçi realist olmalı və dəqiq faktlara söykənməlidir. Elmin digər sahələri kimi burada da fantaziyaya, xəyallara yer yoxdur. Amma məsələ burasındadır ki, sovet dövrü üçün nostalgiya hissləri keçirən bəzi şəxslərdən ara-sıra belə iddialar eşidirik ki, bolşevik istilası olmasaydı:
1. Sadə zəhmətkeşlər bəylərin, xanların və kapitalistlərin zülmü altında inləyəcəkdilər;
 
2. Əhalinin böyük bir hissəsi savadsız qalacaqdı;
 
3. Azərbaycanda sosial-mədəni inkişaf baş verməyəcəkdi;
 
4. Bakı şəhərində metro və panel binalar inşa edilməyəcəkdi;
 
5. Dadlı və şirin plombir dondurmamız, isti zavod çörəyimiz, ətirli “servelat” kolbasamız olmayacaqdı.
 
Əvvəlcə obyektivlik naminə konkret faktlar əsasında müəyyən etməyə çalışaq ki, sovet rejimi Azərbaycana əsl həqiqətdə nə vermişdir:
1. Hər bir azərbaycanlı Sovet İttifaqında yaşayan digər insanlar kimi eyni siyasi və sosial hüquqlara malik idi;
 
2. Respublikada məcburi orta təhsil tətbiq olunmuşdu. Bu, kifayət qədər əhəmiyyətli və mütərəqqi bir addım idi. Yeri gəlmişkən, sonradan qonşu ölkələrin hamısında məcburi orta təhsil tətbiq edilmişdi;
 
3. Əhali pulsuz təhsil və tibbi xidmətlə əhatə olunmuşdu. Lakin onu da vurğulayaq ki, xüsusilə səhiyyənin peşəkarlıq səviyyəsi Qərb ölkələri ilə müqayisədə xeyli zəif idi;
 
4. 1960–1980-ci illərdə əksəriyyəti panel bloklardan ibarət beş və doqquz mərtəbəli binalar tikilmiş və insanlara pulsuz verilmişdi. Düzdür, həmin binaların mikroklimatı yaxşı deyil. Amma onlar bu günün özündə də kifayət qədər möhkəm və zəlzələyə davamlıdırlar;
 
5. 1967-ci ildə Bakı metropoliteni tikilib əhalinin istifadəsinə təqdim edilmişdi. Müqayisə üçün qeyd edək ki, Türkiyə (İstanbul) metropoliteni 1989-cu ildə, İran (Tehran) metropoliteni isə 1999-cu ildə inşa olunmuşdur.
 
Bunların əvəzində isə Azərbaycanın azadlıq və müstəqilliyi əlindən alınmış, respublikanın suveren bir ölkə kimi inkişafının qarşısına sədd çəkilmişdi. Beləliklə, Azərbaycanda sovet hakimiyyəti qurulmasaydı, hansı hadisələr baş verməyəcəkdi:
1. 1920–1925-ci illərin silahlı müqavimət hərəkatı olmayacaq və işğalçılar, təxminən, 48.000 azərbaycanlını şəhid etməyəcəkdilər;
 
2. 1920-ci ildən sonra Azərbaycanın nefti, qazı və digər təbii sərvətləri amansız istismara məruz qalmayacaqdı;
 
3. 1925–1929-cu illərdə Azərbaycana erməni Levon Mirzoyan (1897–1939) rəhbərlik etməyəcək və Azərbaycanı Naxçıvanla birləşdirən Meğri rayonu 1929-cu ildə Ermənistana hədiyyə olunmayacaqdı;
 
4. 1925-ci ildə Qacarlar sülaləsi devrilməyəcək və İranda iqtidara Rusiya hərbi kəşfiyyatının casusu Rza xan Pəhləvi (1878–1944) gəlməyəcək, bu ölkədə total farslaşdırma siyasətinə start verilməyəcəkdi;
 
5. 1929–1933-cü illərdə respublikanın rayonlarında kütləvi kollektivləşmə siyasəti aparılmayacaq, çoxsaylı kəndli üsyanları olmayacaq, nəticədə minlərlə azərbaycanlı şəhid edilməyəcəkdi. Həmçinin Azərbaycan, Ermənistan və Gürcüstanda yaşamış on minlərlə azərbaycanlı Qazaxıstan, Orta Asiya və Sibirə sürgün olunmayacaq, onların əhəmiyyətli bir hissəsi o uzaq torpaqlarda zülmlə ölməyəcəkdi;
 
6. 1937–1939-cu illərdə əksəriyyəti ziyalı, alim və hərbçi olmuş 2665 (bu rəqəmin özü də hələ tam deyil) azərbaycanlı siyasi ittihamlarla güllələnməyəcəkdi;
 
7. II Dünya müharibəsində (1939–1945) 600.000 azərbaycanlı iştirak etməyəcək və onlardan 300.000-ə qədəri həlak olmayacaqdı;
 
8. 1948–1953-cü illərdə 58.847 azərbaycanlı Ermənistandakı öz qədim ata-baba torpaqlarından məcburi qaydada Azərbaycana köçürülməyəcək, bu zaman xeyli uşaq və qadın iqlim dəyişikliyi və müxtəlif xəstəliklər səbəbindən dünyasını dəyişməyəcəkdi;
 
9. Qırmızı imperiyanın süqutu və erməni acgözlüyü nəticəsində ortaya çıxmış qanlı Qarabağ münaqişəsi baş verməyəcək, on minlərlə azərbaycanlı şəhid olmayacaq, bir milyona yaxın azərbaycanlı isə öz dədə-baba yurdundan didərgin düşməyəcəkdi.
 
Görəsən, Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilsəydi, nələr olacaqdı? İndi isə bu məsələyə aydınlıq gətirək:
1. 1920-ci ilin Türkiyə – Ermənistan müharibəsində, böyük ehtimalla, Azərbaycan da iştirak edəcək və ola bilsin ki, Zəngəzurla Göycəni geri qaytaracaqdı. Çox güman ki, erməni problemi, ümumiyyətlə birdəfəlik həll olunacaqdı;
 
2. Azərbaycanın təbii sərvətlərindən əldə ediləcək gəlir ölkənin inkişafı və tərəqqisinə sərf olunacaq, vətənimiz bölgənin ən zəngin dövlətlərindən birinə çevriləcəkdi;
 
3. Respublikanın təhsil, səhiyyə, hüquq-mühafizə, hərbi və digər sahələri Qərb standartlarına hələ 1960–1970-ci illərdə uyğunlaşdırılacaqdı;
 
4. Milli adət-ənənələrimiz, tarixi abidələrimiz, toponimlərimiz qorunub saxlanacaqdı;
 
5. Azərbaycan dili, ədəbiyyatı, elmin müxtəlif sahələri inkişaf etdiriləcəkdi.
 
P.S. Azərbaycan xalqının qəhrəman oğlu Babək Xürrəminin (798–838) dili ilə desək, “bir gün azad yaşamaq, qırx il qul olmaqdan daha yaxşıdır”. O da doğrudur ki, ulu sərkərdə Babək bu fikri, əslində, belə ifadə etmişdir: “Bir gün şah kimi yaşamaq, qırx il qul olmaqdan daha yaxşıdır”. Lakin istənilən halda bu deyimlərin hər ikisinin məğzi, mənası eynidir: “Azadlıq gözəl bir nemətdir, onun qədrini bilmək, bu dəyəri qorumaq lazımdır”.
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili,
xüsusi olaraq Moderator.az üçün
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO