Pentaqon

Pentaqon "Qiyamət günü təyyarələri"nin istehsalını təcili bərpa etmək qərarına gəldi...

Hazırda oxunan: Pentaqon "Qiyamət günü təyyarələri"nin istehsalını təcili bərpa etmək qərarına gəldi...

620978
"Nüvə müharibəsi zamanı qitələrarası ballistik raketlərin buraxılışının idarə edilməsi, sualtı raket daşıyıcıları ilə əlaqə və qoşunların idarə edilməsi üçün komanda-idarəetmə mərkəzi yaradılacaq..."
 
"Bu məqsədlərlə ABŞ Hərbi-Dəniz Qüvvələrinin büdcəsinə 213, 7 milyon dollar vəsait ayrılacaq..."
 
"Nüvə müharibəsi üçün lazım olan uçan komanda məntəqələri 30 ildən artıqdır ki, istehsal edilməyib..."
 
Rusiyanın Qərbin ünvanına nüvə təhdidləri və Çinin Tayvan uğrunda müharibəyə hazırlığı planları fonunda ABŞ yeni "Qiyamət günü təyyarəsi" - uçan komanda mərkəzi istehsal etməyi qərara alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Defence News" nəşri məlumat yayıb.
 
Qeyd edilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri nüvə müharibəsi  şəraitində qoşunların və strateji silahların idarə edilməsi üçün lazım olacaq yeni "hava komanda məntəqəsi"nin istehsalına tender elan edib.
 
Hal-hazırda Pentaqonun sərəncamında bu məqsədlər üçün "Boeing E-6 Mercury" təyyarələri var. Onlar 80-ci illərin sonu-90-cı illərin əvvəllərində 16 ədəd istehsal edilib.
 
İndi isə amerikalı hərbçilər tammiyaslı müharibə zamanı qitələrarası ballistik raketlərin buraxılışının idarə edilməsi, sualtı raket daşıyıcıları ilə əlaqə və bütövlükdə qoşunların idarə edilməsi üçün tamamilə yeni təyyarə istehsal etmək istəyir.
 
Amerikanın üç aparıcı "Northrop Grumman", "Lockheed Martin Skunk Works" və "Raytheon İntelligence and Space" hərbi-sənaye şirkətləri nüvə müharibəsi baş verəcəyi təqdirdə yeni "Qiyamət günü təyyarəsi"nin birgə istehsalı üçün səylərini birləşdirəcək.
 
ABŞ Hərbi-Dəniz Qüvvələri üçün yaradılacaq yeni "E-XX" komanda və idarəetmə təyyarələri hazırda ABŞ Silahlı Qüvvələrinin koordinasiya və idarəetmə missiyasını (TACAMO sistemi) icra edən 16 "E-6B Mercury" təyyarələrindən ibarət parkı əvəz edəcək.
 
Yeni təyyarələrin başlıca vəzifəsi bundan ibarət olacaq ki, fövqəladə vəziyyət zamanı bortda komandanlığı və ABŞ-ın hərbi və siyasi rəhbərliyi ilə, xüsusilə sualtı qayıqlar daxil olmaqla ABŞ nüvə silahının strateji daşınma sistemlərinin triadası ilə əlaqə təmin edilsin.
 
Yeni təyyarə üçün platforma qismində C-130 versiyalı uzadılmış füzelyajı (gövdəsi) olan "Lochheed Martin C-130J-30 Super Hercules" hərbi-nəqliyyat təyyarəsi istifadə ediləcək. ABŞ Hərbi-Dəniz Qüvvələrinin tələbilə yeni təyyarədə "Collins Aerospace" şirkətinin istehsalı olan aşağı tezlikli əlaqə sistemi quraşdırılacaq.
 
TACAMO sisteminin modernləşdiriməsinə cari maliyyə ilində ABŞ Hərbi-Dəniz Qüvvələrinin büdcəsinə 213, 7 milyon dollar ayrılacaq ki, bu da üç "E-XX" sınaq təyyarəsini istehsal etməyə imkan verəcək.
 
"Northrop Grumman"-ın komandanlıq və nəzarət proqramları üzrə direktoru Henri Sir məlumat verib ki, ABŞ Hərbi-Dəniz Qüvvələri cəmi 9 belə təyyarə əldə etməyi və 2025-ci ilin birinci rübündə "E-XX"  tədarükü üçün müqavilə bağlamağı planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO