Təhsildə ciddi nöqsanlar və çıxış yolları – Şahlar Əsgərovdan inqilabi islahat təklifləri...

Təhsildə ciddi nöqsanlar və çıxış yolları – Şahlar Əsgərovdan inqilabi islahat təklifləri...

Hazırda oxunan: Təhsildə ciddi nöqsanlar və çıxış yolları – Şahlar Əsgərovdan inqilabi islahat təklifləri...

592635

Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi gözlənilir.

Hesab edirəm ki, qanun layihəsində bəzi  məsələlərə xüsusi diqqət yetirmək lazımdır.

Təhsildə problem və qüsurlar o qədər çoxdur ki, onların kölgəsində əldə olunan uğurlar belə diqqəti cəlb etmir.

Düşüncəmə görə, bu problemlərin yaranmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb bundan ibarətdir ki, bəşəri təhsilin hamı tərəfdən qəbul edilən aydın fəlsəfəsi və elmi əsası yoxdur. Tarix boyu təhsil təkamül yolu ilə inkişaf edir. Digər sosial sahə olan tibdə indiyə kimi 100 nəfərdən çox alim Nobel mükafatı aldığı halda, təhsildə bu səviyyəyə qalxan bircə uğur belə yoxdur. Tibdə irəliləmə, təhsildə isə irəliləmə yox, ancaq fırlanma hərəkatı var.

Subyektiv qüsurlar subyektin düşüncə tərzindən, baxışından asılıdır. Bu qüsurları da iki yerə bölmək olar: əsas və törəmə. Fikrimcə, əsas qüsurlar aradan qalxarsa, bir çox törəmə qüsurlar baş verməz. Əsas qüsurları aradan qaldırmaq üçün istinad nöqtəsi kimi Ulu Öndər Heydər Əliyevin fəlsəfəsindən bəhrələnmək lazımdır. Təhsil siyasəti ilə bağlı Ulu Öndərin yüzlərcə dəyərli fikirləri var ki, onlardan bir neçəsini yada salaq: 

Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədır. Belə halda  təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır.

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli, yüksək təfəkkürə, yüksək biliyə malik olan insanlarıdır.

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi  vardır.

 

Bu aforizmlərdən görünür ki, təhsil vacib sahədir. Ancaq mürəkkəbdir. Ona diqqətlə  yanaşmaq lazımdır. Təhsil prosesinin əsas subyekti olan müəllimi hörmətdən salmaq olmaz! Sosial mediyanı izləyəndə, bunun tam əksini görürük. Müəllimə baxış dəyişməlidir. Müəllimlə bankirin sosial fərqini başa düşmək lazımdır. Fərq isə bundan ibarətdir ki, müəllim gülərsə, millət də gülər. Bu sadə və şərəfli həqiqəti bankirə, oliqarxa şamil etmək mümkün deyil.

Məktəbə, müəllimə iki cür baxış mövcuddur: adminstrativ və demokratik. Birinci baxışın tələbinə görə, öyrənci və öyrətmən nazirliyin göstərişlərinə əməl etməlidir. İkinci baxışa görə, nazirlik təhsilin keyfiyyətini yüksəltmək niyyəti ilə öyrənci və öyrətmənə yardımçı olmalıdır.

Yüksək mövqeli təhsil məmurundan bu sahədəki vəziyyəti soruşsan, təqribən cavab belə olar: “sənayedə, təbabətda, kənd təssərüfatında, ticarətdə vəziyyət necədirsə, təhsildə də elədir”. Bu sualı ziyalıdan soruşsanız, “mən siyasətlə məşğul olmuram”- cavabını da eşidə bilərsiniz. Belə münasibətlər qəbuledilməzdir. Əgər sənayedə, təbabətdə vəziyyət qənaətbəxş deyilsə, deməli, təhsilin cəmiyyətdə yeri düzgün müəyyən edilməyibdir. Təhsilə baxış düz deyildir.

Yüz il öncə Həsən bəy Zərdabi var-dövlətini xərcləyərək məktəb açırdısa, indi akademik titullu adamlar varlanmaq üçün toyxana, restoran açır. Düşüncə çox korlanıbdır, Zərdabi düşüncəsinə qayıtmalıyıq. Bunu ancaq təhsillə dəyişmək olar. Min illik tarixi təcrübə öyrədir ki, “özünü dəyişmək istəyirsənsə düşüncəni dəyiş”.

Düşüncə elə dəyişməlidir ki, universitet müəllim və tələbələrin mexaniki cəminə yox, bütöv canlı orqanizmə çevrilsin. Belə olanda tələbənin dərdini müəllim, müəllimin problemini rektor duyar, nəticədə universitet də canlanar. Ona görə qanun layihəsində dövlətimizin banisinin və qurucusunun fəlsəfəsi, fikirləri düşüncəsi nəzərə alınmalıdır.

Təhsildə olan fundamental qüsurların həlli üçün "Ali təhsil haqqında" Qanunda bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm.

1. Elmi dərəcələrin verilməsinin fəlsəfəsi. Çağdaş Müdafiə Şuralarda alimlik adı almaq üçün keçirilən müzakirələrdə təqribən 25-30 nəfər mütəxəsis alimin (rəhbər, opponent, Şura üzvülər) iştirak edir. Müdafiə zamanı bir neçə mənafe üz–üzə gəlir. İddaçı və rəhbər şəxsi mənafenin, opponentlər dövlətin mənafeyinin müdafiəçisi kimi çıxış edirlər. Şura üzvləri öz elmi sahələrinin alimlərinin mənafeyini müdafiə edirlər. Çağdaş Müdafiə Şuralarında rəhbər və iddiaçının mənafeyi digər iki mənafeyə üstün gəlir. Ona görə istənilən dəyərsiz elmi işin müəllifi çox asanlıqla alim (fikrimcə:alim deyəndə sutkada 24 saat özünü elmə həsr edən tədiqatçı nəzərdə tutulur) adını alır.

Dünya praktikasında elmi dərəcələri universitetlər verirlər. Bu yanaşma daha sadə və doğru sayılır. Elmi dərəcə 3-4 tanınmış mütəxəsis alimin birgə qərarı ilə verilir. İddiaçı müdafiədən sonra,həmin gün diplomunu ala da bilər. Süründürməçilik yoxdur. Əgər alimlik adının verilməsində kobud səhv, etik normalar pozulubsa, onda məsuliyyət bu 3-4 alim arasında bölüşülər və ictimailəşdirilər. Nəticədə bu alimlər cəmiyyətdə hörmətlərini itirərlər...

Ölkəmizdə həqiqi alim potensialı təqribən 2000-3000 nəfər olar. Ancaq bizim şuralar alim yox, kvazialim istehsal edir. Qeyd etmək kifayətdir ki, 2022-ci ildə müdafiə edilən 649 dissertasiya işindən 427-si AAK tərəfindən geri qaytarılıb. (Şübhəsiz, bu alqışa layiq fəaliyyətdir). Bu o deməkdir ki, Müdafiə Şuralarında alimlər öz sıralarının saflığın qoruya bilməyiblər. Bu qüsur səbəbindən ölkə üzrə alim diplomlularımızın sayı  20 000-ə qədərdir.  Əgər 2022-ci il üçün olan rəqəmlərdəm meyar kimi istifadə etsək, onda 20000 alimin təqribən 13.000 nəfəri kvazialim, yəni kəramətsiz alimdır. Qeyd edək ki, elmin idarə olunmasında mövcud olan bütün “dəstəklərin” çoxu kəramətsiz alimlərin əlindədir. Onlar həqiqi alimləri elmin idarəedilməsinə buraxmırlar. Misallar çoxdur. Kəramətli alimlər vəziyyəti mətbuata söyləyir, bir nəticəyə nail olmayanda, çıxıb xaricə gedirlər. Bu prosesin dövlətin mənafeyə zidd cəhəti bundan ibarətdir ki, kəramətsizlər ölkədə qalırlar, kəramətlilər isə xaricə gedirlər və  səsləri  oralardan gəlir.

Elm ağacı bar vermədiyindən, dövlət elmə çox az pul ayırır. Dövlət kişiləri elmin kəramət sahibi olmadığını yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, elmin büdcəsini on qat artırsalar da fayda verməyəcəkdir.  

Ölkəmiz 200 illik Qarabağ problemini 44 günə həll etdi. Düşmən üzərində möhtəşəm  qələbə çaldı. Şanlı ordumuz öz sözünü dedi. Ancaq alimlər öz boyun yükünü çəkə bilmədilər. Qarabağda qələm qılınca uduzdu.  Əgər 13200 alimin hər biri, elmi dildə (ingilis, rus, alman, fransız) 10 səhifəlik publisistik məqalə yazıb, Qarabağ həqiqətlərini dünyaya çatdırsaydılar, bu 132 000 sıhifəlik bir Qarabağnamə kitabı yaranardı. Başqa sözlə, Qələbəyə ordu qədər, alim dəstəyi olsaydı onda bu gün,   siyasətçilərimizin üzərinə çox az yük düşərdi. Ermənilər sulhə imza atmağa tələsərdilər. Nə yaxşı ki, Akademiyada reforma başlayıb, dərinləşməsini arzu edək.

2. Rektor seçimi. Ali təhsil sistemində rektor, təhsilin məzmunu və təşkili ilə bağlı qərar verən şəxsdir. Ölkə təhsil sistemində aparıcı fiqurlarındandır. Uğurlu rektor təyinatının əhəmiyyəti çox böyükdür. Bu səbəbdən 20 il öncə Təhsil qannun layhiəsində rektorların seçimində həm inzibatı, həm də demokratik üsululdan birgə istifadə etmək nəzərdə tutulmuşdur. Beləki, seçilərək birinci üç yeri tutmuş namizədlər nazirliyə təqdim olunur. Nazirlik öz fikrini və namizədləri ölkə başçısına təqdim edir. Ölkə başçısı demokratik yolla seçilmiş bu namizədlərin birini rektor təyin edir.

Həmin dövrdən 20 ildən çox zaman keçib. 2014 –cü ildən “İctimai iştirakçılıq haqqında” qanun qüvvədədir. Onun gücündən istifadə edərək, bu məsələdə bir az da irəliyə getmək mümkündür. Dövrün tələbinə uyğun rektorların təyinatının zamanı artıq çatıbdır. Ölkə miqyasında on minlərlə alimin,  müəllimlərin bu işə cəlb edilməsinin hikməti böyükdür. Rektor seçimində alimlərin bu işə cəlb edilməsi, bir tərəfdən “İctimai iştirakçılıq haqqında” qanunun həyatda birbaşa tətbiqidir. Digər tərəfdən rektor fəaliyyətinə inzibati (kənar) nəzarəti, ictimai (daxili) nəzarətə keçirər. Universitetlərə müstəqillik verilməsini aktuallaşdırar. Bununla da ali məktəblərin qılçasına vurulmuş buxov açılar. Bu cür seçilmiş və təyin edilmiş rektorla müəllim kollektivi arasında bağlılıq yaranar və universitet canlı orqanizmə çevrilər. Alim müəllimlərin ictimai məsuliyyətini artırar.

Bu gün ali məktəblərdə fəaliyyət göstərən İctimai Şuraların üç illik fəaliyyətinə yaxından bələd şəxs kimi deyə bilərəm ki, Şuraların ali təhsil müəssisələrinə ictimai nəzarəti arzuolunan səviyyədə deyil. Bu şuralar təhsilə nəzarət prosesində subyekt kimi yox, daha çox obyekt kimi çıxış edirlər. Hesab edirəm ki, ali məktəblərin İctimai Şuraların Elm və Təhsil Nazirliyinin nəznindəki İctimai Şura ilə birgə fəaliyyətinə ehtiyac duyulur.

c) Təhsil ocaqlarına tələbə qəbulu zamanı təhsil texnologiyasının istifadəsində  qüsurlar da var. Abituriyent test imtahanında yığdığı bala uyğun olaraq ali məktəbi, ixtisası, məkanı (şəhəri) özü seşməlidir. Bu seçimdə nə DİM, nə də universitetlər qərar qəbul etməməlidir. Qərarı öyrəncilər özləri qəbul etməli,seçimi özləri etməlidirlər. Belə olarsa, törəmə qüsur olan və “köçürmə” adlanan zərərli əməliyyatlar aradan qalxar. Şübhəsiz, digər üstünlüklər də var. Belə ki, rüşvətin idarəolunandan idarəedən tərəfə axması məlumdur. İnzibat təyinatda həmişə rüşvət potensialı var. Ancaq seçimi abituriyent özü edəndə, bu rüşvət potensialını 100% aradan çıxarır.Üstünlük bu qədər sadə!

Uzun illərdi ki, təhsil texnologiyasının qüsurlu tətbiqi nəticəsində ölkə gənclərinin bir qismi xarici universitetlərə üz tuturlar. Nəticədə həm xaricə valyuta axır, həm də talantlı gənclərin çoxu vətənə qayıtmır. Müstəqillikdən qabaq neftdən nə itirirdiksə, indi də talantlı gəncləri gümüş boşqablarda xaricə hədiyyə etməklə, daha boyük itkilərə məruz qalırıq. Üzeyir bəy, S.Vurğun,Y.Məmmədəliyev, A.Mirzəcanzadə, X.Yusifzadə potensiallı parlaq gənclərimizi itiririk. Onlar XXI əsrdə bizə yox, bizi sevməyənlərə qulluq edəcəklər. Onların bizə xaricdə diaspora yaratması isə, sui-qəsd  nəzəriyyəsinin yaratdığı mifdən başqa bir şey deyildir.

Yeri gəlmişkən, universitetlərə magistr qəbuluna də toxunmaq istəyirəm. Mətbuatdan məlumdur ki, ölkəmizdə bir çox tələbə magistratura pilləsi üzrə təhsil almaq istəmir. Onların çoxu magistraturada təhsilin kifayət qədər yaxşı verilməməsindən narazı olub, xarici ölkələrə üz tutur. Bu faktın yaranma səbəbini araşdırılmasına ehtiyac var.

Keçmiş təhsil ənənəsinə görə hər professor 3-4 diplomçuya rəhbərlik edərdi. Bu diplomçulardan kimin elmə həvəsi, qabiliyyəti yüksək olardısa, rəhbər onu magistr kimi seçərdi və bu haqda kafedraya məlumat verərdi. Magistri dekan, kafedra müdiri deyil, onu diplom rəhbəri (imtahansız- filansız) özü seçərdi. Magistrlərə əlavə baryerlərin yaradılması onun sonunun gətirəcəyi əvvəlcədən görünürdü. Magistraturaya qəbulu imtahanla aparmaq milli mənafeyə və məntiqə ziddir. Bu işi universitetlərin öz ixtiyarına buraxmaq lazımdır. Bu imtahan 5-ci kalonun arzusuna tam uyğundur.  Qazandığımız Zəfəri əlimizdə möhkəm saxlamaq üçün gənclərimizin yüksək təhsil almasına qayğı göstərməliyik.

Sonda məqaləya Ulu Öndərin bir tövsiyəsi ilə nöqtə qoyuram:“Təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artmalıdır”.

Bu fikirlərin qanun layhiəsində nəzərə alınacağı ümüdi  ilə,

 

Şahlar Əsgərov, əməkdar elm xadimi, professor

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO