Vətən üçün yaşayanlar ölmür, adları və əməlləri ilə daim yaşayırlar. Vətən müharibəsi şəhidi Əhməd Laçınovun doğum gününün geniş qeyd olunması bir daha sübut edir ki, şəhidlər ölmür.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala Dövlət İdarəetmə və Texnoloqiya Kollecində vaxtilə təhsil alan Yuxarı Çardaxlar kəndindən olan Vətən müharibəsi şəhidi , XTQ-nin igid döyüşçüsü, şəhid Əhməd Laçınovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.
Şəhid ailələri və qazilərin, müəllim və şagirdlərin, icra sturukturlarının qatıldığı anım günü tədbirində çıxış edənlər şəhid Əhməd Laçınovun Vətənə olan sonsuz sevgisindən, göstərdiyi qəhrəmanlıq nümunəsindən və gənclərə örnək olan şərəfli ömür yolundan bəhs edilib.
Onun oxuduğu kollecdə əziz xatirəsinin yad edilməsi bir daha göstərdi ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç zaman unudulmur, onların adı hər zaman hörmət və ehtiramla anılır.
Şəhidin ailə üzvləri anım günü tədbirini təşkil edənlərə təşəkkür edərək şəhidlərin xatirəsinin daim əbədi tutulduğunu bildirib. Bildirilib ki, şəhid Əhməd Laçınovun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onun keçdiyi qəhrəmanlıq yolu gənc nəslə Vətən sevgisinin, cəsarətin və fədakarlığın ən gözəl nümunəsidir.
Daha sonra kollec tələbələri və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





































































































