“Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm..." (Qurani-Kərim, 7-158)
Sual:
Bir tanışım bu yaxınlarda müsəlmandan deistə çevirilib. İddia edir ki, dinlərin əhatə dairələri yalnız öz əraziləridir. Yəni, misal üçün Muhəmməd peyğəmbər ancaq Məkkəlilələr, ərəblərə elçi olaraq gəlib və Quranda da bu, “səni Məkkəli ərəblərə göndərdik” deyə bir ayə də var. Səhv etmirəmsə, Şura surəsində olmalıdır. Buna münasibətiniz necədir? Təşəkkürlər.
Cavab:
Düşünürük ki deistlər, səmimilik baxımından ateistlərdən çox geridə qalırlar. Çünki ateistlər, bütün ilahi varlıqları kökündən inkar edirlər. Deistlər isə, bir yaradanın olduğunu qəbul etsələr də, dinləri qəbul etmirlər. Bu isə, ateistlikdən də absurd bir fikirdir. Necə ola bilər ki, bir Yaradan olsun və O, öz yaratdığı varlıqlara doğru yolu göstərəcək, onları pisliklərdən çəkindirəcək mesajlar göndərməsin? Həqiqətən də, olduqca məntiqsiz bir yanaşmadır...
Sualda qeyd etdiyiniz məsələ ilə bağlı ayə, Şura surəsinin 7-ci ayəsidir. Biz buna bir neçə bənddə cavab verəcəyik:
1. Uca Allah, həmin ayədə belə buyurmuşdur:
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ
“Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır."
Diqqət yetirdinizsə, qeyd olunmuş ayədə, “Quran ancaq ərəblər üçündür” və ya “ancaq Məkkəlilər üçündür” deyə bir söz yoxdur. Ümumiyyətlə bu ayədə “ancaq” – ifadəsi mövcud deyildir. Əksinə, “va mən həvləhə” (onun ətrafındakıları) – ifadəsi, Quranın təkcə Məkkəlilər üçün deyil, bütün məmləkətlər üçün endirilmiş olduğunun sübutudur.
2. “Onun ətrafındakılar” – deyərkən, hər hansı bir sərhəd təyin edilmədiyi, ümumi olaraq qeyd olunduğu üçün, “yalnız ətrafdakı ərəblər üçün” – deyə anlamaq da, bütün (müsəlman və qeyri-müsəlman olan) məntiq və dilçilik mütəxəssislərin ortaq fikrinə əsasən yanlışdır.
3. Məkkə ətrafında yaşayan əhalinin hamısı, ərəb deyildi. Misal üçün, Roma İmperiyası dönəmində sürgün edilmiş minlərlə yəhudi, daima həmin ətrafların daimi sakinləri olmuşlar.
4. Bir kitabın müəllifinin arzu etdiyi məqsədi anlamaq üçün kitabın bir cümləsini nümunə olaraq gətirmək, böyük bir yanlışdır. Çünki müəllif, bir lakonik kəlməni, növbəti sətirlərdə geniş şəkildə açıqlaya bilər.
Bu günə qədər, Platonun bir yarımçıq cümləsini sübut olaraq göstərmiş şəxsin, “bu, Platonun fikridir” – deyə etdiyi iddia, qəbul oluna bilərmi? Bu, bütün ağıl əhlinin ortaq fikrinə əsasən, böyük bir yanlışdır.
5. Qurani-Kərimdəki digər ayələri də bir yerə cəm etdikdə, bu “iddiaların”, “Səni və Quranı ancaq ərəblərə endirdik” – kimi düşüncələrin necə də batil olduğu, daha da aydın olacaqdır:
“Səni də (Ey Muhəmməd!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” (Quran, 21/107)
“(Ey elçim!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür.” (Quran, 7/158)
“(Ey elçim!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (Cənnətlə) müjdə verən, (kafirləri isə, Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Quran, 34/28)
(Davamı var)
İslamevi.az



























































































