Anam məni yetimlər evinə atıb başqa biri ilə ailə qurdu...

Anam məni yetimlər evinə atıb başqa biri ilə ailə qurdu...

Hazırda oxunan: Anam məni yetimlər evinə atıb başqa biri ilə ailə qurdu...
99532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) "İki yetim"  hekayəsini təqdim edir:


Dəmirli, həmişəki kimi, yumşaq kresloda rahatlanıb çay içə-içə televizora baxırdı. Ekranda göstərilən gənc bir oğlan dayanmadan hönkür-hönkür ağlayır, dodaqları titrəyə-titrəyə arabir qırıq səslə yetimxanada böyüdüyünü, ata-anasını axtardığını deyirdi. Çox yaraşıqlı, hündürboy bir gənc idi. Onu görən heç kim deməzdi ki, bu, yetimdir. 
Dəmirli bu səhnəyə xeyli tamaşa elədi. Daxilində, ürəyinin dərinliyində bu gəncə qarşı bir məhəbbət közərdi. Mobil telefonunu əlinə alıb, telekanala zəng vurdu. Televiziyaya gəlmək istədiyini bildirdi. Telefona cavab verən qız məlahətli səslə səhəri gün saat ikidə gəlməsini söylədi.
Dəmirli tanınmış bir şəxs olmasına baxmayaraq, öz dünyasında yaşayırdı. Onun şəxsi həyatı haqda bilən az tapılardı. Gözünün ağı-qarası bir oğlu vardı. O da xarici ölkədə yaşayırdı, lakin vətənə qayıtmaq fikri belə yox idi. Həyat yoldaşı da bir neçə il bundan əvvəl dünyasını dəyişmiş, o, tək qalmışdı. Elə buna görə də götür-qoy edərək bu qərara gəldi. 
Səhəri gün telekanala gəldi. Nə yuxarı başda əyləşən ekspertlərə, nə tamaşaçılara, nə də şikayətçi qismində olanlara fikir verdi.
Aparıcı ona xoşgəldin eləyib yer göstərdi. Dəmirli gözünün bir ucu ilə dünənki oğlana, onun ağlamağına baxır, özü də göz yaşları içərisində boğulurdu. 
Aparıcı ona müraciətlə: 
”“ Cənab, sizə nə oldu, hələ ağzınızı açmamış dayanmadan ağlayırsınız?
Handan-hana o, cibindən çıxardığı dəsmalla yanağından axan göz yaşını silib dedi: ”“ Mən anamı axtarıram.
Bu söz salonda əyləşənləri sanki silkələdi. Bu yaşda kişinin ata-ana axtararaq uşaq kimi hönkür-hönkür ağlaması baxanları mat qoydu. Hətta uşaq evində böyüyən, ata-anasını axtaran gənc də daha ağlamırdı.
Aparıcı: 
”“ Cənab, əvvəla özünüzü təqdim edin görək kimsiniz, ata-ananız kimdir? Yaşınızın bu çağında ata-ana axtarışına çıxmısınız?
Dəmirli hıçqıraraq danışmağa başladı. 
”“ Mənim atam dünya müharibəsinə getdikdən sonra ondan nə qara kağız, nə bir səs-soraq gəldi. Anam bir neçə il gözlədikdən sonra məni yetimlər evinə atıb, başqa biri ilə ailə qurdu. Mən böyüyüb yetimxanadan çıxandan sonra peşə məktəbini bitirib işə başladım. Ata-ana yanğısı isə heç cür canımdan çıxmadı. Neçə il sinəmdə qubar bağlayan bu sirri ilk dəfə burda sizə söylədim. 
Aparıcı:
”“ Atanızın adını, soyadını deyə bilərsinizmi? ”“  deyə soruşdu. 
”“ Atamın adı Qəşəm, soyadı Abbasov, atasının adı Qasım olub.
Söz kişinin ağzından çıxar-çıxmaz aparıcı heyrətlə soruşdu: 
”“ Necə, necə? ”“ Dönüb neçə gündü ağlamaqdan üzülən cavan oğlana baxdı və əlavə elədi. ”“ Bu necə ola bilər? Uşaq evində böyüyən bu cavan oğlan da Abbasov Qəşəm Qasım oğludur. 
Salonda əyləşənlər mat-məəttəl qalmışdılar. Kişi dəsmalla yanağından sel kimi axan göz yaşını silərək oğlana baxıb: 
”“ Belə çıxır ki, bu cavan oğlan mənim dədəmdir, ”“ deyib ayağa durdu, oğlana yaxınlaşıb, onu bağrına basdı, üz-gözündən öpdü: ”“ Gəl, dədə, sən müharibəyə gedəndən sonra biz elə bilmişik həlak olmusan. Bəs sağ qalmağın barədə niyə bizə xəbər verməmisən, bilək ki, salamatsan?
Həm aparıcı, həm salonda əyləşənlər, həm də cavan oğlan çaşbaş qalmışdı.
Dəmirli: 
”“ Dədə, sənin bizə qoyub getdiyin evin yerini bilmirsən? İndi mən də ikimərtəbəli 10 otaqlı mənzildə tək-tənha yaşayıram. Dədə, yetimlik bilirsənmi nə pis şeydir? Atanın övladı dünyaya gətirməsi həyatın qanunudur. Axı uşağın da yaxşı böyüməsi üçün ana qayğısı, ata hənirtisi lazımdır. Bax gör, iyirmi yaşlı cavan oğlan artıq böyüyüb, özü bir kişidir, onun ata-anası olmasa da, yaşayacaq, ailə qurub özü də, başqaları kimi, ev-eşik, ailə-uşaq sahibi olacaq.
İndiyədək susaraq tamaşa edən salondakılar ayağa qalxaraq əl çalmağa başladılar. Sevincdən, qışqır-bağırdan ağız deyəni qulaq eşitmirdi.
Beləcə, Dəmirlinin girdiyi oğul-ata rolu baş tutdu.
Qəşəmi evinə gətirib, onu özünə məxsus otaqda yerləşdirdi. Əyin-başına görüm-baxım elədi. Sənədlərini qaydaya salıb, Novruz bayramı ərəfəsində bayram süfrəsində Qəşəmə dedi: 
”“ Oğlum, oxumaqla aran necədi? 
”“ Mən əlaçı olmuşam. 
”“ O zaman sənədlərini hazırlayıb bu il universitetlərin birinə imtahan ver, inşallah, qəbul olunarsan.
Qəşəmin sevincinin həddi-hüdudu yox idi. İmtahanları uğurla verib, hüquq fakültəsinə daxil oldu. Universiteti fərqlənmə diplomu ilə başa vurdu.
Dəmirli Qəşəmi evləndirdi. Bir ildən sonra gözəl bir oğlan uşağı dünyaya gəldi, bu körpə gəlişiylə evi sevincə qərq etdi...
...Bir gün Dəmirli dünyasını dəyişdi. Qəşəm bu zərbədən çox sarsıldı. Niyə də sarsılmasın axı... Yetim dünyasında ona sahib çıxan böyük bir insanı, əzizini itirmişdi. O insanın şərəfli ruhu naminə Qəşəm oğluna Dəmirli adı verdi.
Bir müddətdən sonra Qəşəm hakim vəzifəsinə təyin olundu. Günlərin bir günü icraatında olduğu işlə bağlı apardığı məhkəmə prosesi zamanı sanki qulağına bir səs gəldi. Sədrlik etdiyi işdə iştirak edən şəxsin adı və soyadı onu düşünməyə vadar etdi. Mühakimə edilənin adı və soyadı Abbasov Qənbər Qasım oğlu idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO