Hadı, Abid, Əfruz və Cavid...

Hadı, Abid, Əfruz və Cavid...

Hazırda oxunan: Hadı, Abid, Əfruz və Cavid...

80243
(satirik hekayə)
 
Hadı, Abid, Əfruz və Cavid dörd dost idilər. Onlar uzun bir səyahətə çıxmağı qərara aldılar. Beləcə yol azuqələrini də götürüb yola düzəldilər. Kəndlərdən, qəsəbələrdən, şəhərlərdən, ölkələrdən keçdilər. Yol boyunca onlarla bu səyahətə bir xeyli adam qoşuldu. Bunlar Sədəf, Nəcəf, Naxələf, Alim, Həlim, Zalim, Ariz, Fariz və Nacins idilər.
    
Xeyli yol getdikdən sonra ucu-bucağı görünməyən böyük düzəngaha çatdılar. Bir müddət burada qalıb dincəlməyi düşündülər. Hadı yoldaşları başına yığıb onlara bir təklif etdi:
-Yoldaşlar, məncə bizim böyük bir dəstəmiz var. Bu dəstəyə bir rəhbər lazımdır ki, baş verən problemlərə, təhlükələrə görə məsuliyyət daşısın. Bizim ehtiyaclarımızı ödəməkdə yardımçı olsun. Necə təklifdir?
-Bəli! Razıyam!
-Yaxşı təklifdir. Olsun!
-Mən də razıyam! ”“ deyə müxtəlif səslər ucaldı.
     
Hadı təklifinin qəbul edildiyindən məmnun olub davam etdi:
-Gəlin bu rəhbəri səsvermə üsulu ilə seçək. Məlumunuzdur ki, belə böyük bir dəstəni idarə etməyə qadınların gücü çatmaz. Ona görə də namizədlər kişilərdən olmalıdır. Dəstəmizdəki kişilərdən kim lider olmaq istəyirsə əlini qaldırsın.
 Abid və Hadı əllərini birinci qaldırdılar. Daha sonra Alim və Zalim də əl qaldırıb namizədlik irəli sürdülər. Belə ki, dörd namizəd seçildikdən sonra Hadı üzünü Cavidə tutdu:
-Cavid, səsvermə üçün kağızların hazırlanmasını sənə tapşırıram. Əfruz xanım isə ziyalı insan olduğuna görə səsverməyə nəzarəti ona həvalə edirəm. Hər şey ədalətli olsun!
 Hadı tapşırıqlarını verdikdən sonra Cavid kağızları hazırladı. Əfruz isə səsvermə qaydasını yoldaşlara izah etdi. Daha sonra Hadı Əfruzu öz yanına çağırdı və pıçıltı ilə dedi:
-Əfruz, elə et ki, mən seçilim. Əgər mən seçilsəm, səni öz katibəm qoyacağam. 
-Baş üstə. ”“ dedi Əfruz və dərhal dəstədə etibar etdiyi iki nəfərin yanına qaçdı.
    
Bu iki nəfər Naxələf və Nacins idi. Onlar Əfruzla yaxşı yola gedir, mehribanlıqla dil tapırdılar. Əfruz Naxələf və Nacinsə tapşırdı ki, onlar səs qutusuna Hadının adı yazılan çoxlu kağızlar atsınlar. Naxələf və Nacins sevinclə razılaşdılar.
     
Çox keçmədi ki, səsvermə başladı. Dəstə üzvləri bir-bir yaxınlaşıb qutuya kağız atırdılar. Cavid isə Əfruzla səsvermənin getişatı haqqında söhbət edirdi. Elə bu vaxt Cavid gördü ki, Naxələf qutuya topa kağızlar atdı. Bunu görüb Əfruzdan soruşdu:
-Əfruz, axı səsvermə ədalətli deyil. Naxələf qutuya çoxlu kağızlar atır.
     
Əfruz hirslənib özündən çıxdı:
-Sən niyə camaata böhtan atırsan? 
-Mən böhtan atmıram, gördüyümü deyirəm. 
    
Elə bu əsnada Cavid Nacinsin də qutuya topa kağızlar atdığını gördü. O, yenə Əfruza baxıb:
-Axı Nacins də ora çoxlu kağızlar atır. Bu ədalətli deyil! ”“ dedi.
-Sən mənnən hücum eliyəcəysən? ”“ deyə Əfruz qəzəblə qışqırdı və əl atıb Cavidin qıvrım saçlarından yapışdı.
-Burax məni, saçlarımı yolma. ”“ dedi Cavid.
-Hadını bura çağırın! ”“ deyə Əfruz yenidən qışqırdı. 
    
Hadı, Abid və Zalim Əfruzun köməyinə gəldilər. Onlar da Cavidin qıvrım saçlarından yapışıb onu dəstədən bir xeyli uzağa apardılar. Cavidi düzəngahda azdırıb geri qayıtdıqda səsvermə artıq bitmişdi. Əfruz qutudan kağızları açıb yüksək səslə oxumağa başladı. Qutudan Alimin adı yazılan 5 kağız çıxdı. Onlar Alimin savadına, ziyasına, dünyagörüşünə, ədalətinə inanıb onun lider olmağını istəmişdilər. Amma qutudan Hadının adı yazılan 30 kağız çıxınca Alim dözməyib dilləndi:
-Axı bizim dəstədə heç 30 nəfər yoxdur. Bu necə ola bilər?
-Düzəngah ilanları da mənim lider olmağımı istəyərək mənə səs vermişdir. Bunu qəbul etməyənlər həmin ilanlara yem olacaqdır! ”“ deyə Hadı uca səslə bağırdı.
     
Alim qorxudan səsini kəsdi. Cavid isə bir xeyli axtarışdan sonra bu geniş düzəngahda nəhayət ki, öz yoldaşlarını tapdı. O, gəlib çıxanda artıq Hadı lider seçilmişdi. Cavid də onun kimə hansı vəzifəni verəcəyini səbrsizliklə gözləyirdi. Bölgü zamanı Abid təhlükəsizliyi təmin etmək üçün səlahiyyətli şəxs, Əfruz bütün işlər üzrə Hadının köməkçisi, Zalim əmrləri icra edən şəxs vəzifəsinə təyin olundu. Nacins və Naxələfə vəkillik, Alimə isə yük daşımaq həvalə olundu. Dəstənin digər üzvlərinə isə sadəcə susmaq, onlara veriləni yemək, hər işlə razılaşmaq, bütün deyilənlərə sakitcə riayət etmək tapşırıldı. 
    
Onlar düzəngahda çadırlarını qurdular. Ən yaxşı, təhlükəsiz, gözəl çadırı Hadı özünə götürdü. Abid, Zalim və Əfruza isə ikinci dərəcəli gözəlliyə və yaraşığa mailk çadırlar verildi. Üçüncü dərəcəli çadırlar Nacinslə Naxələfin oldu. Alim, Cavid, Həlim, Nəcəf, Sədəf, Ariz və Farizə isə ən keyfiyyətsiz, eybəcər, yamaqlı çadır verdilər və onların hamısı bu dar çadıra yerləşdirildi.
    
Bir müddət sonra Hadının azuqəsi tükənməyə başladı. O, Əfruzu yanına çağırıb dedi:
-Bax, mənim yeməyim bitir. Get dəstənin bütün üzvlərindən yemək topla mənimçün gətir.
    
Əfruz dərhal Hadının tapşırığını yerinə yetirdi. Beləcə Hadının çoxlu azuqəsi oldu. Amma gözü yenə doymadı. O, Əfruzu yenidən yanına çağırdı və dedi:
-Dəstədə hamının yeməyi tükənib. Amma sənin çoxlu yeməklərin var. İndi sən öz bütün azuqəni gətir mənim üçün. Aclığın olanda gedib düzəngahı gəzərsən. Burda hər cür yemək taparsan.
     
Əfruz təəccüblə və qorxa-qorxa cavab verdi:
-Axı mən düzəngahı gəzməyə qorxuram. Həm də mən sənin köməkçinəm. Burda olmasam işlərimi kim görəcək?
-O zaman işin bitəndən sonra gedib yemək axtararsan.
-Bəs deməzlər ki, o boyda rəhbərin köməkçisi bir tikə çörək axtarır?
-Deməzlər. Çörək qazanmaq ayıb deyil, ay Əfruz!
-Aydındır, Hadı! Baş üstə!
    
Beləcə Əfruz hər gün düzəngahı gəzib azuqə axtarmaqla məşğul oldu. Alim də onun tapdığı meyvələri, bitkiləri, ovladığı heyvanları daşımaqla, yuyub təmizləməklə məşğul olurdu.
    
Günlərin birində düzəngahda istinin dərəcəsi yüksəldi. İstidən çölə çıxmaq olmurdu. Hamı öz çadırına sığınmışdı. Alim, Cavid, Həlim, Nəcəf, Sədəf, Ariz və Farizin yaşadığı çadır çox dar idi. Eyni zamanda gün istisindən getdikcə qızan materiala malik idi. Çox keçmədi ki, günün şüalarından ot tutub yanmağa başladı. Çadırdakı biçarələr Abidin yanına gəldilər. Abid öz çadırında mışıl-mışıl yatmışdı. Cavid onu oyatdı. Abid çadırdan çıxıb:
-Nə var? Nə olub? Niyə gəlmisiz? ”“ deyə soruşdu.
    
Cavid hirslə dedi:
-Sən bizim təhlükəsizliyimizə görə məsuliyyət daşıyırsan. Bizim çadırın materialı elə zəif idi ki, günün istisindən od tutub yandı. Bu çadırı bizə kim verib?
-Sənə nə dəxli var, ay oğul? ”“ deyə Abid cavab verdi.
-Necə yəni mənə nə dəxli? Mən də bu çadırda qalırdım. Bu qədər insan az qala yanıb külə dönəcəkdi. Axı bu çadırları bizə kim verib?
-Mən nə bilim!? Alabala!
-Axı bizim dəstədə Alabala adlı biri yoxdur. ”“ deyə Cavid təəccüblə soruşdu.
-Allah sizi saxlasın. ”“ deyib, Abid gülərək öz çadırına girdi.
    
Buna daha da hirslənən Cavid Alim, Həlim, Nəcəf, Sədəf, Ariz və Farizə tapşırdı ki, od vurub hamının çadırını yandırsınlar. Onlar birinci Nacinslə, Naxələfin, daha sonra Abidin, sonra Əfruzun, sonra da Hadının çadırına od vurdular. Çadırlar yanmağa başlayanda Cavid öz tərəfdaşları ilə birlikdə düzəngahdan qaçmağa başladı. Onlar isə yanan çadırların içindən zorla qurtuldular. Düzəngahdakı istinin altında yanan Nacins və Naxələf Əfruzla Abidə üsyan etdi, Əfruzla Abid isə Hadının yaxasından yapışdı. Elə bu əsnada Zalim söhbətə qarışdı:
-Sizə qurban olum mən! Dalaşmayın! Gəlin, oturun söhbət edək, dərdləşək. Sizin dərdləşməyə ehtiyacınız var!
    
Onlar Zalimin bu təklifinə qəzəblənib onu döyməyə başladılar. Zalim də öz canını onların əlindən güclə xilas edib qaçdı. Daha sonra Nacins və Naxələf də onlardan ayrılıb getdi. Yalnız qalan Hadı, Abid və Əfruz isə düzəngahda dizlərini qucaqlayıb oturaraq yeni liderlik xəyalları qurmağa başladılar...
 
Müəllif: Orxan Bahadırsoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO