Moderator.az-a Şəhriyar İbrahimov adlı oxucumuz öz şeirlərini göndərib və saytın "Ədəbiyyat" səhifəsində yerləşdirilməsini xahiş edib. Mühakimə yürütməyi oxucuların ixtiyarına buraxırıq:
Hər küçədə bir xatirə
Tənha evin bir küncünə qısılıb.
Xatirələr qırıntısı səpərsən,
Hərdən onun ətri gələn yastığı,
Qucaqlayıb miskin-miskin öpərsən...
Kədər gəlib tez-tez səni yoxlayar,
Bir cüt öpüş dəfn olunar yanaqda.
Xatirələr ürəyini oxlayar,
Neçə gülüş lal dayanar dodaqda...
Külək əsər, küçələri dağıdar,
Külək əsər, dərdi-səri dağıtmaz.
Xəyal dönər gözlərinə qayıdar,
Ancaq özü bir də geri qayıtmaz...
Hər küçədə bir xatirə, min dilək.
Ögey baxar o küçələr, səkilər.
Ağ saçların şaxta vuran budaqtək,
Çiyinlərə yarpaq-yarpaq tökülər...
Tək çəkərsən bu sevginin yükünü,
Hər döngədə bir iz gəzər baxışlar.
Xatirələr dolandıqca səkini,
Ürəyinə bir qəriblik bağışlar...
Qəmgin gözdən töküldükcə gilələr,
Ümidlərin göz yaşında boğular.
Otağında tək qalanda gecələr,
Eşq əzabı min çalarda doğular...
Nakam eşqin bu dilbilməz həsrəti,
Dodağından gülüşünü aralar.
Qara bəxtin qara geymiş qisməti,
Neçə yerdən ürəyini yaralar..
Həsrət yükü nə dözülməz, nə böyük,
Ağır olar, çətin olar daşımaq.
Gömülərsən bu əzaba ömürlük,
İndən belə lüzumsuzdur yaşamaq...
Sığınmağa bircə qucaq gəzərsən
Gedər gənclik, yaz ömrünə qış gələr,
Həyat daha gözlərinə boş gələr,
Qocalarsan, yaş üstünə yaş gələr,
Yorğun gözlər həsrət ilə yol çəkər,
Hər ötən yaş ölümünə qol çəkər...
İtmiş pultək o günləri ararsan,
Qarşına bir araq qoyub vurarsan,
İçib-içib ağlayarsan, durarsan,
Xatirinə evin düşər, yar düşər,
Qəlbinə od, saçlarına qar düşər...
Kövrələrsən ürəyini sıxarsan,
Ard-ardina siqaretlər yaxarsan.
Bir kinotək öz ömrünə baxarsan,
Xatirələr harayına hay verər.
Ötən günlər həsrətindən pay verər..
Bir baş çəkər uşaqliğa yaddaşın,
O kənd, o ev,o ailə, dam-daşın,
Yada düşər anan, bacın, qardaşın
Xatirələr dönüb gözdə nəm olar,
Həsrət olar,kədər olar, qəm olar...
Xəyal dönər doğma ata yurduna,
Xatirələr çata bilməz dadına,
Öyüd verən atan düşər yadına.
Batıb qəmə, həsrət ilə anarsan,
Yaş ötdükcə o günlərə yanarsan...
Doğmalardan nə qalan var,nə sağı,
Məzarlardan gələr sənə sorağı,
Qoca yaşda yetim uşaq sayağı,
Sığınmağa bircə qucaq gəzərsən..
Həyatdan da,özündən də bezərsən...
Müəllif ; Şəhriyar İbrahimov
O qızın gözündə basdırın məni...
(Şəhriyar İbrahimov)
Xəyallar puç oldu, ümidlər bitdi.
Tanrı da ümidin, kəsdi bu quldan.
Ağıl da, məntiq də, baş aldı getdi,
Eşqimin ömrümə gəldiyi yoldan...
Göz yaşı ayrılıq çeşməsi sanki,
Mənə məhəbbətin həsrəti tanış,
Zamanla öyrənib anlamışam ki,
Sevgi, ayrılığın uşaqlığıymış...
Vəfasız ömrümün qonağı payız.
Ömrüm sətir-sətir xəzələ dönür.
Mənim sənsizliyin aciz, əlacsız.
Qəmli bir şeirə, qəzələ dönür...
Sənin yoxluğunda dodağım gülür.
İçimdə xəlvətcə qanayır ürək,
Ağarmış saçlarım bir-bir tökülür,
Dağlardan ayrılan qar uçqunutək...
Ürək inildəyər ürək darıxar,
Neçə yaxınlar var gözdən uzaqda.
Hələ yolumuza min kədər çıxar,
Hər biri gözləyir dayanacaqda...
Sənin yoxluğundan bezdi şeirlər,
Nə qədər yazacam,susdurun məni.
Ölsəm cəsədimə tapılmasa yer,
O qızın gözündə basdırın məni...




































































































