
- A-
- A
- A+
ABŞ-da nüvə kompleksində YANĞIN – İkinci “Çernobıl” faciəsi baş verəcək?
Ağ Evin Energetika Nazirliyinə aid Cənubi Karolinadakı Savanna-River nüvə kompleksinin ərazisində yerləşən Savanna-River Milli Laboratoriyasında yanğın baş verib. Hadisə radioaktiv maddələrin havaya sızması ilə müşayiət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə WRDW/WAGT telekanalı kompleksin administrasiyasına istinadla məlumat yayıb.
Qəza sahəsinə fövqəladə xidmət əməkdaşlarının cəlb edildiyi bildirilib:
“Hazırda Savanna-River ərazisindən kənarda hər hansı fəsadın olduğunu göstərən əlamət yoxdur”.
Bəyanatda hadisənin başvermə səbəbləri açıqlanmayıb, əlavə məlumatların daha sonra veriləcəyi qeyd olunub.
Məlumata görə, yanğın laboratoriyanın bir otağında qeydə alınıb. Telekanalın məlumatına görə, yanğın söndürülsə də, torpaq səviyyəsində radioaktiv maddələrin filtrlənməmiş sızması baş verib.
Daha sonra Savanna-River administrasiyası "X" hesabında yerli vaxtla saat 21:45-də fövqəladə vəziyyət rejiminin ləğv edildiyini bəyan edib. Mühafizə tədbirləri aradan qaldırılıb, kompleksin ərazisinə giriş bərpa olunub.
Qeyd edək ki, kompleks ərazisində fövqəladə vəziyyət rejimi oktyabrın 28-i yerli vaxtla saat 17:39-da elan edilmişdi. Ehtiyat tədbiri olaraq əraziyə giriş bağlanmış, yaxınlıqdakı dəmir yolu, çay və hava hərəkəti məhdudlaşdırılmışdı. Qəza-xilasetmə işlərinə cəlb olunmayan əməkdaşlara təhlükəsiz yerlərdə qalmaq tapşırılmışdı.
Məlumat üçün bildirək ki, Savanna-River kompleksi 1950-ci illərin əvvəllərində nüvə silahı üçün materialların — ilk növbədə plutonium-239 və tritiumun istehsalı məqsədilə tikilib. Müəssisə hazırda da ABŞ-ın nüvə arsenalının təminatında iştirak edir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, müəssisədə nüvə silahında istifadə olunan hidrogenin radioaktiv izotopu — tritiumun hasilatı, emalı və zənginləşdirilməsi həyata keçirilir. Kompleksin digər vəzifələrinə radioaktiv tullantıların və artıq nüvə materiallarının idarə olunması daxildir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































