Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukrayna lideri Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ərazisindəki obyektlərə zərbələrin tənzimlənməsinə (korreksiya edilməsinə) kömək etdiyi iddia olunan hərbi texnikanı Ukrayna sərhədindən geri çəkməsi üçün bir həftə vaxt verib.
O bəyan edib ki, əgər Minsk həmin texnikanı geri çəkməsə, bunu Ukrayna edəcəyik.
Ukrayna prezidenti Lukaşenkonun üzrxahlığına da münasibət bildirərək qeyd edib ki, "heç kim sadəcə sözlərə görə incimir".
“Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Artıq zaman daralır və Zelenskinin verdiyi vaxt sona yaxınlaşır.
Doğrudanmı, Ukrayna Belarusa qarşı da cəbhə açacaq?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, Zelenski hələlik bəyanat verir:
“Sonra necə olacağını proqnozlaşdırmaqsa çox çətindir. Amma görünən odur ki, Ukrayna 4 ildir ki, Rusiyaya qarşı vuruşur və bu müharibədə əsaslı bir uğur qazana bilməyib. Belə bir vəziyyətdə rəsmi Kiyevin ikinci bir cəbhə açacağı və Belarusla vuruşacağı məntiqli görünmür.
Çünki indiki vəziyyətə Ukraynanın iki cəbhədə vuruşması və hər hansı bir uğur qazanması inandırıcı görünmür. Ona görə də Zelenskinin bu təhdidi sadəcə olaraq diplomatik gedişdir. Bununla o, ölkəsinin narahatlığını Belarusa çatdırmaq istəyir”.
Surxay Atakişiyev, Bizim.Media


































































































