Ofisianta telefon nömrəsi verən qadının əri

Ofisianta telefon nömrəsi verən qadının əri

Hazırda oxunan: Ofisianta telefon nömrəsi verən qadının əri

97973
Cəmi bircə dəfə toyların birində ofisiant işləmişəm. Deyəsən, 2007-ci il idi. Bakı Dövlət Universitetinin birinci kursunda oxuyurdum. Restoranı işlədən oğlan yaxın dostum idi. 

Dedim, bircə gün pulsuz işləyim, xoşuna gəlsə, sonra günü on manatdan razılaşarıq. Rayon toyu idi. Təxminən belə başa düşdüm ki, qız evi Bakıda yaşayır deyə oğlan evi şəhərə gəlib toyu burda yola verib getmək planı qurub. Restoranda iki yüz nəfər adam olardı, çox olmazdı, amma az olardı. Stollar bölünmüşdü, bir tərəfdə qız evi, o biri tərəfdə oğlan evi oturmuşdu. Düzü, heç mən bilmədim ki, qulluq elədiyim adamlar hansı tərəfdəndir. Ya da dəqiq yadımda qalmayıb.  

Qulluq elədiyim stolda əvvəlcə dörd-beş nəfər kişi oturdu, oturan kimi də məni yanına çağırıb soruşdular: 

- Bu stola sən baxacaqsan? 

 - Bəli...   

- Bizə yaxşı qulluq elə, axırda yaxşı olacaq.  Bildim nəyi nəzərdə tutur. Yəni demək istəyir ki, cibinə pul qoyacağam. Mətbəxdə nə vardısa, hamısını daşıyıb tökdüm qulluq elədiyim adamların qabağına. Bir az keçəndən sonra həmin stola kişilərin sayı qədər qadınlar da gəldi, hərəsinin yanında bir, ya iki uşaq da vardı. Təcrübəsiz olduğumu qəti bildirmədim,  tez bir əlimi belimə qoyub qadının birinə sarı əyildim: 

- Xanım, hansı sudan süzüm? Bu sözü deyən kimi elə bil üzümdə şimşək saçdı. Bu cür səhnələr Hindistan filmlərində tez-tez olur. Qadın bir neçə saniyə üzümə zilləndi. Əvvəlcə elə bildim məni tanıyır. Fikirləşdim ki, bəlkə, haradasa görüb. Ola bilər, cin kimi burdan batıb o tərəfdən çıxan adamam. 

- Hələlik heç nə istəmirəm, çox sağ olun ”“  xanım çox ehtiraslı bir səslə dedi.  Sonra o biri qadınlara yaxınlaşdım, hərəsi bir şey istədi, hamısını da canla-başla yerinə yetirdim. Toy boyu üzərimdə iki baxış hiss eləyirdim. Birincisi restoranı işlədən dostum idi, uzaqdan mənə fikir verirdi. Yəni o mənada ki, təcrübəsizəm, birdən qonaqları məmnun eləyə bilmərəm. İkincisi isə həmin o qadın idi. Hansı ki, yaxınlaşıb nə istədiyini soruşdum, o da dedi ki, hələ heç nə istəmirəm. Mənə necə baxırdı, ilahi, bəlkə də, ömrümdə mənə elə baxan olmayıb.  

Toyun gedişində bir çox məsələlər mənə aydın oldu. Məsələn, bildim ki, bu stolda oturan kişilərin hamısı qardaşdır, qadınlarsa onların arvadlarıdır. Ta böyük qardaş hansıdır, kiçik qardaş hansıdır, orasını dəqiq bilmədim. Stolda bir qaynana da vardı. Fikirləşdim ki, yəqin, qayınata rəhmətə gedib. Gözləri mənə zillənən qadınsa toy boyu çox sakit və təmkinli idi. Əyninə yaşıl rəngdə tül bir don geyinmişdi, çiyninə də nazik şərf atmışdı. Balaca uşağını da qucağında oturmuşdu, hiss elədim ki, uşağa qarşı o qədər məhəbbət hissi yoxdur. Tez-tez əri ona tərəf əyilir, nəsə lazım olub-olmadığını soruşur, uşağın üzündən bir çimdik alıb təzədən rumkasının yanına qayıdır.  Hərdən restoranın həyətinə siqaret çəkməyə çıxırdım. Görürdüm ki, ofisiant işləyən uşaqlar küncdə-bucaqda ciblərinə qoyulan pulları sayır, saya-saya pulu sanki sığallayır, hamarlayıb səliqə ilə ciblərinə qoyurdular. Həmin mənzərə gözümün qabağından getmir. O vaxtdan hansı restoranda, kafedə otururamsa, həmişə çalışıram ki, ofisiantın cibinə pul qoyum. Düzü, siqaret çəkə-çəkə o qadın da mənim ağlımdan çıxmırdı, əməlli-başlı fikrimdə özünə yer eləmişdi. Sarı saçları vardı. Zahirən aldadıcı təmkini olsa da, hiss elədim ki, daxilən çox şeytandır. Yəni adamın qarnına bıçaq soxdurar, sonra kənarda dayanıb meyitinə tamaşa eləyər, özü də məsələdən alnı açıq, üzü ağ elə çıxar ki, Allah da baş açmaz ki, nə işdir.   

 Siqareti çəkib restorana daxil olanda gördüm ki, aləm bir-birinə qarışıb. Mənim oturduğum stolda bir dənə də adam qalmamışdı. İşıqlar sönmüşdü, yarıqaranlıq bir vəziyyətdə hamı rəqs eləyirdi. Həmin qadın qayınanasını qucaqlayıb restoranın bir az işıqlı tərəfində şeytan-şeytan dingildəyirdi. Üzünə də qəribə bir gülüş qonmuşdu, elə bil ağ göyərçin sudan çıxıb budağın üstündə çırpınır, özünü qurulayır. Yanından keçəndə barmağını çiynimə göyərçin ayaqları kimi yavaşca toxundurdu, sonra göz vurdu, sonra da yüngülcə gülümsündü. Dəli oldum. Məni titrətmə tutdu. Tez stoldan artıq şeyləri yığıb mətbəxə keçmək istəyəndə gördüm mən tərəfə bükülmüş kağız tulladı. Qəfil geri necə çəkildimsə elə bil üstümə qumbara atdılar. Bir az tərəddüd elədim. Tərəddüd elədim deyəndə ki, qorxdum. Dedim, yaxşı deyil, əri görüb eləyər, qayınları da burdadır, məni eşşək sudan qayıdana kimi çırparlar. Nə bilim, bəlkə, öldürə də bilərlər. Amma qadın da çox şeytandır, ona görə ölmək yox, amma yaralanmağa dəyər. Həyəcanlı bir vəziyyətdə kağızı götürüb cibimə necə qoydumsa, elə bil kimsə cibimə zəhmət haqqı qoydu. Restoranın həyətində gizlin bir yer vardı, çəkilib həmin küncə təzədən bir siqaret yandırıb kağızı açdım ki, şeytan telefon nömrəsi yazılıb.

 Deyəsən, nömrəni oxumadım, qatlayıb qoydum cibimə, elə bildim kimsə məni güdür.  Toy qurtarmaq üzrə idi. Bir azdan aş gələcəkdi. Qorxumdan stolun yanına qayıda bilmirdim. Mənə elə gəlirdi ki, qadının əri hər şeyi bilir. Xüsusən, bükülmüş kağızı cibimə qoyandan sonra əri məni tez-tez yanına çağırırdı. Hər dəfə çağıranda şübhə məni basırdı. Amma çağıran kimi deyirdi, filan şeydən gətir, araq gətir, pivə gətir. O nə deyirdi, mən də o saat həll eləyirdim. Bir tərəfdən də, ürəyim tələsirdi, elə bil üstümdə narkotik vardı. Bilmədim nə edəm, gördüm, baş qarışıb, tez kağızı cibimdən çıxarıb corabımın boğazında gizlətdim. Ancaq yenə də canımda gizilti vardı. Elə bil əmin idim ki, toyun axırında qadının əri mənimlə haqq-hesab çürüdəcək.  Əslində, mənim heç bir günahım yox idi. Nömrəni sənin arvadın mənə verib. Ancaq bir məsələ də vardı ki, onun arvadının telefon nömrəsi mənim cibimdə idi. Heç nömrəni götürəndən sonra qorxumdan qadının üzünə də baxa bilmirdim. Özümü elə aparırdım ki, guya mənim  heç nədən xəbərim yoxdur, o kağızı da adicə bir zibil kimi harasa atmışam gedib. Yenə də arxayın oldum deyə imkan tapıb kağızı corabımın boğazından sürüşdürüb lap aşağı tərəfə ayağımın altına kimi gətirib çıxardım. Həyəcandan tər məni basmışdı. Fikirləşdim ki, yəqin telefon nömrəsi də tərin içində oxunmaz bir hala gəlib. Kimsə ayaqqabımı çıxarsaydı, corabımın içinə baxsaydı,  görərdi ki, həqiqətən də belədir, yəni nömrə oxunmur.

  O günü unutmaram, toy boyu çəkdiyim stresslər heç vaxt yadımdan çıxmır. O gündən sonra bu hadisəni dost-tanışa nağıl kimi danışıram. İndiki ağlım olsaydı, təbii ki, belə bir vəziyyətə düşməzdim. Ümumiyyətlə, zaman-zaman mənim başıma çox belə maraqlı hadisələr gəlib. Həvəsim olduqca bir-bir yazıya alıram. Həmin toy da qəribə bir tərzdə başa çatdı. Axıra yaxın dava düşdü, qışqır-bağır qopdu. Davanın ən qızğın yerində qadının əri uzaqdan əl eləyib məni yanına çağırdı. Qardaşları da yanında idi. Artıq hər şeyi dərk elədim. Bildim ki, məsələ nədir. İstədim, qaçam. Ancaq restoranı işlədən yaxın dostumun olduğu üçün fikirləşdim ki, hansı yolla olur-olsun, məni tapacaqlar. Qoy gedim, hadisə necə olubsa, danışım, məsələ qurtarsın. Qollarım boşaldı. Dizlərim əsirdi. Sidik də bir yandan qarnımı deşirdi. Həyəcanlananda işəmək adam dəli eləyir. 

Az qalsın şalvarımı isladam. Vəhşi kimi oğlanlar idi, dörd qardaşın dördü da canavar kimi dayanıb mən gələn tərəfə baxırdılar. Dilim-dodağım qurumuşdu. İstədim qışqıram, hamını çağıram, mənə kömək eləsinlər. Ancaq səsim də batmışdı. Çatan kim qadının əri qolunu boynuma salıb məni bir az kənara çəkdi. Əlini cibinə salıb bir kağız parçası çıxardı. 

 - Bu mənim telefon nömrəmdir ”“ barmağı ilə restoranın çıxışı tərəfində qırmızı paltarlı ayrı qadını göstərdi ”“ xahiş edirəm, bu kağızı o qadına verərsən... eleqraf.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO