ATV-də yayınlanan "Gündəlik" proqramında az qala gündəlik çıxarılan hoqqalar cəmiyyətin qəzəbinə səbəb olub. Bu azmış kimi 10 milyonluq auditoriya qarşısında aparıcı Mətanət Əliverdiyevanın ağzına su dolduraraq Rəhim Rəhimlinin üzünə su püfləməsinə təpki göstərənlərə növbəti verilişdə üzr istəmək əvəzinə təhqir edərək onları mədəniyyətdən və şounun nə olduğundan bixəbər adlandırması artıq əndazənin aşdığını göstərir.
Moderator.az-a müraciət edən bir neçə tamaşaçı xanım aparıcının və bu cür proqramların efirə buraxılmasına cavabdeh olanların cəzalandırılması üçün onlara kömək etməyimizi, daha doğrusu, məsləhət verməyimizi istəyir.
Biz də kömək üçün dosta zəng variantını seçdik, tanınmış media eksperti Qulu Məhərrəmliyə ağız açaraq məsələyə münasibətini öyrənmişik:
"İstənilən tamaşaçının narazı qaldığı televeriliş və ya aparıcı haqqında MTRŞ-yə şikayət etmək hüququ var, bu şikayətin nəticəsinin olub-olmaması başqa məsələdir. Yox, əgər tamaşaçı verilişdə təhqir elementi görürsə, ya kollektiv, ya da fərdi şəkildə MTRŞ vasitəsilə, ya da birbaşa məhkəməyə müraciət edə bilər".
































































































