Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

Hazırda oxunan: Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

624249

Məlum olduğu kimi, Milli Məclisdə yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini məhdudlaşdıran qanun layihəsi III oxunuşda qəbul edilib.

Qanunun qəbulu prosesində geniş müzakirələr aparıldı. Xüsusilə diqqət çəkən məqam isə ictimaiyyətin, əsasən də valideynlərin bu qanunun qəbuluna birmənalı şəkildə dəstək göstərməsi oldu.

Problem qanunvericilkdəki boşluqdurmu?

Bu gün sosial platformalar bizim həyatımızın vacib və əvəzolunmaz parçasına çevrilib. Hər birimiz günümüzün ən azı bir neçə saatını sosial şəbəkələrdə keçiririk.

Maraqlıdır ki, bu vaxt göstəricisi uşaqlarda daha çoxdur. Bəzi uşaqlar sutkanın bəlkə də yarısını sosial şəbəklərdə keçirirlər. Metroda, avtobusda telefonla, planşetlə oynayan uşaqları görmək adi haldır. Hətta piyada gedən uşaqların da yola, ayaqlarının altına baxmaq yerinə, telefondan gözünü ayırmadığına şahidlik edirik. Təəssüf ki, bir çox valideynlər bu vəziyyətə səslərini belə çıxarmırlar...

Və bütün bunlardan sonra hər kəs sosial şəbəkələrin zərərindən danışır və bu sahədə yeni qanunun qəbulunu zərurət hesab edirlər.

Valideyn məsuliyyətsizliyi

Problem valideyn məsuliyyətsizliyi və ictimai təşviqdir. Bu gün əksər valideynlər öz məsuliyyətlərini texnologiyaya təslim edib. Onlar körpə uşağı sakit saxlamaq üçün telefonu yeganə çıxış yolu kimi görür. Uşaq ağlayanda telefon verilir, yemək yeməyəndə video göstərilir.
 

Valideyn məşğul olanda sosial şəbəkə "dayə" rolunu oynayır. Beləliklə, problem gündəlik həyatın adi hissəsinə çevrilir və ictimai narahatlıq yaratmır. Belə hallara görə heç bir valideyn qınanmır. Əksinə, çox zaman ətrafdakılar da “yazıq valideyn nə etsin?” deyib keçirlər.


Halbuki bir vaxtlar valideynlər övladlarının küçədə kimlə dostluq etdiyinə, hansı kitabı oxuduğuna, hansı televiziya verilişinə baxdığına ciddi nəzarət edirdilər. Bu gün isə milyonlarla uşağın cibində dünyanın bütün informasiya məkanına çıxış imkanı verən smartfon var.

Maraqlıdır ki, cəmiyyət küçədə siqaret çəkən, içki içən yeniyetməni qınayır. Lakin gecəyarısına qədər sosial şəbəkələrdə vaxt keçirən, yaşına uyğun olmayan məzmunlarla qarşılaşan uşağa münasibətdə demək olar ki, ictimai reaksiya göstərilmir.

Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil...

Sosial şəbəkə uşaqların dünyagörüşünü, psixologiyasını, davranışını və həyat tərzini formalaşdıran güclü təsir alətidir. Burada zorakılıq, aqressiya, təhqir, saxta həyat tərzi, qumar elementləri, təhlükəli "çağırışlar" və mənəvi dəyərlərə zidd məzmunlar uşaqlar üçün bir neçə saniyə ərzində əlçatan olur. Buna baxmayaraq, bu problemə qarşı cəmiyyətimizdə ictimai qınaq hələ də formalaşmayıb.

Bunun əsas səbəblərindən biri sosial şəbəkələrin "müasir həyatın ayrılmaz hissəsi" kimi qəbul edilməsidir. Bir çox valideyn düşünür ki, hər kəs istifadə edirsə, deməli, bunda təhlükəli heç nə yoxdur. Halbuki, uşağın internetdə keçirdiyi saatların artması onun real həyatdan uzaqlaşmasına, ailə münasibətlərinin zəifləməsinə, diqqət və yaddaş problemlərinə, sosial təcridə və psixoloji gərginliyə səbəb ola bilər.

Zərər tədricən formalaşır

İctimai qınağın zəif olmasının başqa bir səbəbi də problemin nəticələrinin dərhal görünməməsidir. Məsələn uşaqda kitab oxumaq vərdişi azalır, ünsiyyət bacarıqları zəifləyir, diqqət dağınıqlığı artır, aqressiv davranışlar çoxalır. Bu dəyişikliklər uzun müddət ərzində meydana çıxdığı üçün cəmiyyət onları sosial şəbəkələrin təsiri ilə əlaqələndirməkdə çətinlik çəkir.
 

Əslində, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi təkcə ailənin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Necə ki, uşağın fiziki təhlükəsizliyi hamını narahat edir, onun informasiya təhlükəsizliyi də eyni dərəcədə əhəmiyyətli olmalıdır. Sosial şəbəkələrə nəzarətsiz çıxış azadlıq deyil, məsuliyyətsizlikdir.


Bu gün uşaqları yalnız küçənin təhlükələrindən qorumaq kifayət etmir. Onların cibində daşıdıqları telefonlar bəzən küçədən daha təhlükəli ola bilir. Cəmiyyət bu həqiqəti nə qədər tez qəbul etsə, gələcək nəsillərin sağlam psixologiyasını, milli-mənəvi dəyərlərini və sosial inkişafını qorumaq bir o qədər mümkün olacaq. İctimai qınaq cəza vasitəsi deyil, məsuliyyət hissinin formalaşmasına xidmət edən sosial mexanizmdir. Bu mexanizm işləmədikdə isə ən böyük zərəri uşaqlar və bütövlükdə cəmiyyət görür.

Problemdən çıxış yolu

Uşaqların sosial şəbəkələrə çıxışınının qarşısını inzibati yolla almaq heç də asan məsələ deyil. Çünki bəzi valideynlər özlərinin sosial platformaya çıxış imkanlarından istifadə edərək də övladlarına “şərait yarada” biləcəklər.

Ona görə də bu problemin həlli üçün ictimai qınaq gündəmə gəlməlidir. İnsanlar ictimai yerlərdə uşaqların telefon və planşetlə oynamasına laqeyd yanaşmamalıdırlar. Yeri gələndə uşağa və yaxud onun yanındakı valideynə öz etirazlarını bildirməlidirlər.

Bundan əlavə, məktəblər və ictimai institutlar da bu məsələdə daha fəal olmalıdır. Rəqəmsal savadlılıq yalnız kompüterdən istifadə etməyi öyrətmək deyil, həm də internetin təhlükələrini aşılamaqdır. Uşaqlar sosial şəbəkələrdən necə təhlükəsiz istifadə etməyi, şəxsi məlumatlarını necə qorumalı olduqlarını və dezinformasiyanı necə tanımağı öyrənməlidirlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO