11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

Hazırda oxunan: 11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

610988

Orta məktəbi bitirən oğlanlar 18 yaşa çatdıqda və ali təhsil müəssisəsinə qəbul olmadıqda, mövcud qaydalara uyğun olaraq hərbi xidmətə çağırılırlar. Ali məktəblərə, eləcə də 9-cu sinifdən sonra orta ixtisas və ya peşə təhsili müəssisələrinə qəbul olanlara təhsillərini başa vurana qədər möhlət verilir.

Lakin bu möhlət 11-ci sinfi bitirdikdən sonra orta ixtisas və ya peşə təhsili müəssisələrinə qəbul olanlara şamil edilmir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, belə gənclər 18 yaşını tamamladıqda, təhsil aldıqları halda belə, hərbi xidmətə yollanmalıdırlar.

Bu vəziyyət isə gənclərin təhsil seçimlərinə və motivasiyasına təsirsiz ötüşmür. Çünki hər məzun ali məktəbə qəbul ola bilmir. Peşə məktəbi və ya kollecə qəbul olanlar isə təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə gedir, geri qayıtdıqdan sonra isə onların bir çoxu təhsillərini davam etdirməyə maraq göstərmir.

Xatırladaq ki, bu məsələ daha əvvəl də gündəmə gəlsə də, müzakirələr hələki nəticə verməyib. 

Bizim.Media-ya bu barədə danışan deputat Fazil Mustafa bu istiqamədə güzəştlərin tərəfdarı olduğunu bildirib:

“Güzəştlər olmalıdır ki, gənclərin kolleclərdə təhsil almasını stimullaşdırmaq mümkün olsun. Mən bunun tərəfdarıyam, burada təhsillə bağlı yumşalma olmalıdır. Qanunvericilikdə buna hansısa maneə varsa, gündəmə gətirilə, baxıla bilər”.

Milli Məclisin digər üzvü Razi Nurullayev də mövcud yanaşmanı obyektiv hesab etməyib: 

“Bu məsələ cəmiyyət üçün həssas və eyni zamanda strateji əhəmiyyət daşıyan bir mövzudur. Çünki burada söhbət həm gənclərin təhsil hüququndan, həm də dövlətin müdafiə qabiliyyətinin təmin olunmasından gedir. Mövcud yanaşmada 9-cu sinifdən sonra kollecə daxil olanlara möhlət verilməsi, amma 11-ci sinif bazasından daxil olanlara bu hüququn tanınmaması müəyyən suallar doğurur və obyektiv baxımdan bərabərlik prinsipinə tam uyğun görünmür.

Əslində, problem hüquqi texnikadan daha çox yanaşma fərqindən qaynaqlanır.

Qanunvericilikdə “tam orta təhsil almamış şəxslər” anlayışı əsas götürüldüyü üçün 9-cu sinifdən sonra təhsilini davam etdirənlərə möhlət verilir. Lakin reallıqda həm 9-cu, həm də 11-ci sinifdən sonra kollecə və ya peşə təhsilinə gedən gənclərin məqsədi eynidir — peşə və ya ixtisas qazanmaq”.

Deputat bəzi dəyişikliklərin edilə biləcəyini vurğulayıb:

“Birincisi, daxilolma bazasından asılı olmayaraq kollec və peşə təhsili alan bütün gənclərə təhsil müddəti üçün möhlət verilməsi yaxşı olar. Bu, həm sosial ədaləti təmin edər, həm də peşə təhsilinin nüfuzunu artırar.

İkincisi, möhlətin şərti xarakter daşıması mümkündür. Yəni tələbə yalnız faktiki təhsil aldığı və akademik öhdəliklərini yerinə yetirdiyi müddətdə bu hüquqdan yararlansın. Bu, sui-istifadə hallarının qarşısını alar.

Üçüncüsü, peşə təhsili ilə hərbi xidmət arasında əlaqələndirilmiş modellər də tətbiq oluna bilər. Məsələn, müəyyən ixtisaslar üzrə hazırlıq keçmiş gənclərin hərbi xidmətdə həmin bacarıqlardan istifadə etməsi həm ordu, həm də fərdin inkişafı baxımından faydalı olar.

Ümumilikdə, yanaşma belə olmalıdır ki, gənclər ya təhsil, ya da xidmət arasında seçimə məcbur qalmasın. Əksinə, bu iki istiqamət bir-birini tamamlayan proses kimi qurulsun. Bu, həm insan kapitalının inkişafına, həm də dövlətin uzunmüddətli maraqlarına xidmət edər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO