Tanınmış təhsil eksperti, professor, əməkdar elm xadimi Şahlar Əsgərov bu günlərdə prezident İlham Əliyev tərəfindən rayon təhsil şöbələrinin ləğv edilməsiylə bağlı imzalanan sərəncamın əhəmiyyətini Moderator.az-a şərh eləyib:
“İstənilən halda bu qərar təhsildə inkişafa ciddi təsir edəcək və onun keyfiyyətini qaldıracaq. Çünki etiraf edək ki, rayon təhsil şöbələri icra hakimiyyətlərindən tam asılı vəziyyətdə idi . Bu sərəncamla icra hakimiyyətlərinin bu imkanı əlindən alındı. Bu qərar təhsili xeyli müstəqilləşdirəcək. Bu müstəqillik və azadlıqsa heç şübhəsiz, təhsilin keyfiyyətinə müsbət təsir edəcək. Özü də bu sərəncam bu günədək təhsil islahatları sahəsində atılmış ən genişmiqyaslı adddımdır və söhbət struktur islahatdan gedir. Bu günədək təhsillə bağlı çoxsaylı sərəncam və qərarlar verilib. Ən fundamentalı və bütövlükdə təhsil sistemini kökündən ciddi dəyişəcək ən əhatəlisi bu sərəncamdır. Bu sərəncam təhsil strategiyasından doğan bir addımdır və əvvəldən də strategiyada qeyd olunmuşdu ki, struktur islahatları aparılmalıdır.”
“Belə demək olarmı ki, bu günədək nəinki məktəb direktorlarını, hətta müəllimləri və texniki işçiləri də təyin etmək imkanında olan icra başçılarının bazarı bağlandı?”
Şahlar Əsəgrov da etiraf edir ki, icra başçılarının təhsilə müdaxiləsi hər zaman işin təhsilin ziyanına olub:
“Həqiqətən də icra başçıları bu günədək təhsil prosesinə yaxından müdaxilə ediblər və etiraf edək ki, çox vaxt bu müdaxilə də işin xeyrinə deyil, ziyanına olub. Təsəvvür edin ki, icra başçıları məktəb direktorlarını təyin edərkən təhsilimizin taleyini deyil, öz korporativ maraqlarını əsas götürürdülər. Amma icra başçılarının bu səlahiyyəti əllərindən alındı. Amma indi gərək nazirlik elə mexanizm və idarəçilik sistemi tətbiq edə ki, direktorlar ən yaxşıların içindən seçilə və onun təyinatı əvvəlki kimi başçıların təyinatına bənzəməyə.Yəni regional təhsil idarələri elə təşkil olunmalıdır ki, nazirliyin görən gözü, eşidən qulağı olsun və nöqsanları maksimum qısa vaxtda aradan qaldırmaq mümkün olsun. Hesab edirəm ki, köklü kadr islahatlarına da başlamağın vaxtıdır və ümummilli mənafe, təhsil sisteminin inkişafı üçün can yandıran adamlar seçilib irəli çəkilməlidir. Əks halda yenə də qabağa getmək mümkün olmayacaq. Bu müqayisəyə görə məni qınamasınlar, bir dəfə internetdə bir şəkil görmüşdüm. Təsəvvür edin ki, qoyun sürüsüdür, diqqətlə baxanda görürsən ki, o sürünün içində bir dənə də qoyun var, amma o əslində qoyun dərisi geyinmiş canavardı. Yəni kobud müqayisə də olsa, canavarları məktəb direktoru təyin etmək olmaz. Gəlin Unutmayaq ki, bizim təhsil tariximizdə kişini dekretə çıxaran məktəb direktorları və təhsil şöbə müdirləri də olub olub. Regional təhsil idarələrinin müdirləri məktəb direktorları millətini, dövlətini, prezidentini sevən insanların içərisindən seçməyi bacarmalıdırlar. Elə etmək lazımdır ki, o adam təhsil üçün öz bilik və bacarığını, enerjisini şam kimi əritməyə hazır olsun və xaraktercə şəxsi mənafe güdməyən birisi olsun.”




































































































