Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla bağlı başlayan istintaqa Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın da cəlb olunması barədə məlumat vermişdik. İstintaqda ifadə verdikdən sonra həbs ediləcəyi barədə xəbərlər alan Mətanət Əzizova gecə ikən ölkəni tərk etmişdi. Bir neçə gün öncə isə o, mətbuata açıqlamasında getməsinin səbəblərinə aydınlıq gətirmişdi.
“Bu məsələ təkcə Mətanətlə bağlı deyil. İş hələ davam edir. Hələ də bunların mənim qızımdan nə istədiklərini başa düşə bilmirəm”. Bu sözləri Mətanət Əzizovanın anası, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı musavat.com-a deyib. O, qızının ölkəni tərk etməsinin səbəblərindən də danışıb: “Mətanətin yaxınlarda 40 yaşı tamam olacaq. Əgər 18 yaşı olsaydı, ölkədən getməsinə imkan verməzdim. Qızımın 18 yaşda oğlu var. Gedəndən sonra verdiyi müsahibədə ölkəni tərk etdiyini bildirib. Təəssüf edirəm ki, mətbuatda bu xəbər qaçmaq kimi verilib. Onu çox təhlükəli vəziyyətlər gözləyirdi. Hər kəs gördü ki, Mətanətin həbs edilmək təhlükəsi var. Ona verilən informasiya da dəqiq idi. Ad çəkmək istəmirəm. Çünki o insan ailəmə yaxşılıq edib”.
Hüquq müdafiəçisi qızının evində axtarış aparılarkən ev əşyalarının aparıldığını bildirdi: “Gözü gördükləri bütün əşyaları aparıblar. Bəzi sənədlərimiz hazırda tapılmır. Hətta həyat yoldaşımın ölüm kağızını belə aparıblar. Həmin gün evə hücum, polis əhatəsi, nəvəmə qarşı təzyiqlər, ondan sonrakı situasiyalar istintaqın nə yerdə olduğunu sübut edir. Qızımın övladı Camal xəstədir. Neçə illərdir ki, Mətanət onu xaricdə tanış həkim vasitəsilə müalicə etdirirdi. İndi nəvəmi də xaricə buraxmırlar. Artıq onun həyatı təhlükədədir. O, yüksək balla Diplomatiya Akademiyasına qəbul olub. Son günlərdə yaşadığı şokla bağlı sonuncu imtahanı çox zəif verib. Necə olacağını bilmirəm. Axtarış aparılan zaman Camalın kompüterini aparıblar. Onun içərisində kurs işləri, dərs ləvazimatları var. Dəfələrlə xahiş etsək də, qaytarmadılar. Bütün bunlardan sonra prokurorluğun verdiyi bəyanata necə inana bilərəm?”
Mirvari xanım Leyla Yunusla bağlı dindirilən şahidlərin içərisində ən böyük hücumun qızına qarşı olduğunu söylədi: “Prokurorluq çox şahid dindirib. Hansına qarşı bu qədər hücum olub? Hansının ailəsi girovluqdadır? Artıq beynəlxalq təşkilatlar məndən ötrü də nigarandır. Qızımın ölkəni tərk etməsində Leyla Yunusun əli yoxdur. Prokurorluğun bəyanatı heç bir reallığı əks etdirmir. Hazırda Avropa ölkələrinin birindədir. 3 güclü təşkilatın nəzarətindədir. Həddindən artıq əsəb sarsıntısı keçirdiyi üçün müalicə olunur”.
“Sizə qarşı hər hansı bir təhlükələr varmı” sualına hüquq müdafiəçisi belə cavab verib: “Özümə qarşı heç bir təhlükə gözləmirəm. İnanın ki, zərrə qədər heç nədən qorxum yoxdur. Ədalət naminə demək lazımdır ki, indiyə qədər özümə qarşı təhlükələr görməmişəm. Sadəcə, stresslər keçirmişəm. İşlərim yolunda gedir, narahatçılıq yoxdur. İnsanın ailəsində olan təhlükələr ən böyük zərbədir. Hansı ki, mənə qarşı bunlar oldu”.
Mirvari Qəhrəmanlı qızı üçün çox darıxdığını da diqqətimizə çatdırdı: “Gecələr ürəyim göynəyir. Axı o, mənim balamdır. İki qızım var. 18 yaşlı nəvəm dünən yanıma gələrək, başını çiynimə qoyub ”nənə, anamı istəyirəm" dedi. O, ana övladıdır. Ananı balaya, övladı anaya həsrət qoymaq olmaz. Mətanət bilir ki, övladını görmək üçün Azərbaycana gəlsə, dərhal həbs ediləcək".
Mirvari Qəhrəmanlı səhhətində problemlər qaldığını da söylədi: “Həkimlər ikinci dəfə insult keçirsəm, öləcəyimi deyirlər”.
Musavat/com
































































































