Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Hazırda oxunan: Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

643115

Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuyan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.

Ceyhun Bayramovun bu il Yaponiyaya həyata keçirdiyi səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Azərbaycanın beynəlxalq tədbirlərə, o cümlədən COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq əməkdaşlığın təşviqinə, dayanıqlı inkişaf gündəliyinə və qlobal çağırışların həllinə verdiyi töhfənin göstəricisi olduğu qeyd edilib.


Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, qarşılıqlı dəstək və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İnsanlar arasında təmasların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin ikitərəfli əlaqələrin və turizm mübadiləsinin təşviqinə xidmət etdiyi bildirilib.

Cüdo və sumo kimi idman növləri vasitəsilə xalqlarımız arasında qarşılıqlı marağın və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün mövcud imkanlar qeyd olunub. Qeyd edilən sahələrdə ölkəmizdə keçirilən mötəbər yarışların əhəmiyyəti vurğulanıb.

Nazir səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO