Son günlər Qarabağda yeni bir savaşın başlanması ehtimalı ilə bağlı səslənən proqnozların sayı sürətlə artmaqdadır. Cəbhə xəttindəki lokal toqquşmaların geniş vüsət alması, hərbi-siyasi liderlərin verdiyi sərt bəyanatlar və s. müharibə ehtimalını gücləndirən əsas amillər hesab olunur. Lakin bəzi ekspertlər hesab edir ki, yeni bir savaşın reallaşması Rusiyanın istək və iradəsindən asılı olan bir məsələ olduğundan, Azərbaycan və Ermənistanın bu məsələyə öz iradələri əsnasında qərar verməsi mümkünsüzdür.
Moderator.az-ın sualını cavablandıran tanınmış politoloq Fərhad Mehdiyev indiki məqamda yeni bir savaşın başlanmasının inandırıcı görünmədiyini vurğuladı: “Qarabağda müharibənin indiki vəziyyətdə başlaması istisna olunur. Müharibələr nisbi sabitlik olan və hakimiyyət boşluğu olmayan dövlərdə, heç bir ölkənin tək başına verəcəyi qərarla başlamır. Əvvəlcə koalisiyalar, bloklar qurulur, sövdələşmələr aparılır. Kimisə yanınıza çəkirsiniz, kiminsə neytrallığını əldə edirsiniz.
Bu gün Azərbaycan baxımından bunları demək mümkün deyildir. Heç bir güçlü dövlət bizə dəstək sözü verməyib, tərsinə Rusiya bəzən hədə-qorxu gəlir. Yəni Azərbaycanın indiki şəraitdə müharibəni başlatması özü baxımından düzgün deyildir. Lakin müharibə üçün daim hazır vəziyyətdə olmaq, hazırlanmaq lazımdır.
Müharibə Rusiyaya da lazım deyil. Çünki hazırki vəziyyət onun üçün ən ideal olandır. Bundan daha yaxşısı Rusiya üçün ola da bilməz. Məsələn, Rusiyaya heç Ermənistanın da müharibəni udması sərf eləməz, çünki belə halda o, daha müstəqil hala gələr”.
Seymur Əliyev







































































































