Moderator.az xəbər verir ki, bu gün keçmiş müdafiə naziri Rəhim Qazıyevin anası Libadə xanımın 95 yaşı tamam olub. Maraqlıdır ki, bu gün eyni zamanda 95 yaşlı bu nurani ağbirçək anamızın ailə həyatı qurmasının 75 ili də tamam olub.
Moderator.az - ın baş redaktoru yaşı az qala bir əsri haqlamış yubilyarı təbrik etmək üçün ona baş çəkib və xeyli həmsöhbət olub. Baş redaktora Rəhim Qazıyevin qardaşı Rahab Qazıyev bələdçilik edib.
Qeyd edək ki, Qazıyeva Libadə Məmməd qızı 1920 ci ildə Şəki şəhərində anadan olub. Libadə xanım 27.09. 1940 cı ildə Qazıyev Həsən Məmməd oğlu ilə ailə qurub. Həyat yoldaşı 13 fevral 1985 - ci ildə rəhmətə gedib və Şəkidə dəfn olunub.
Libadə xanım 8 uşaq anasıdır və “Qəhraman ana”x9d medalı ilə təltif olunan analarımızdandır. 12 nəvə, 11 nəticəsi olan Libadə xanımın bu ilin 18 sentyabrında birinci nəticəsinin toyu olub.
Libadə xanım 1968 - ci ildən Bakıda yaşayır və evdar qadın olub.
Diqqətçəkən bir məqam Libadə xanımın yaşadığı mənzilin zirzəmidən heç nə ilə fərqlənmədiyi, olduqca kasıb və təmirsiz olmasıdır. İllər uzunu Rəhim Qazıyevin sərvət sahibi olması haqqında nağıl uyduranlar onun öz evini və anasının evini görüb xəcalət çəkməyə bilməzlər. Özü də tanıyanlar bilir ki, Rəhim Qazıyev anasını dünyalar qədər istəyir və gözünü belə ondan əsirgəməyən bir övladdır. Yəni imkanı olsa anasını bu cür zirzəmidə yaşatmazdı hər halda.
Libadə xanım deyir ki, Rəhim Qazıyev həbsdən çıxından hər gün gəlib onu ziyarət edir və bununla kifayətlənməyərək gündə ən azı iki dəfə də zəng vurub əhvalını soruşur. Bir sözlə, arvad övladlarından ağızdoluşu danışır və Allaha ona belə övladlar verməsinə görə hər gün şükr etdiyini də dilə gətirir.
Biz də bu ağbirçək anaya Allahdan uzun ömür arzulayırıq və heç olmasa 100 yaşını təmirli evdə qeyd etməsini Rəbbimizdən təmənna edirik.






































































































