Moderator.az-a AMI-nin Mingəçevir filialının müəlliməsi Zəminə Xosrov qızı tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış növbəti müraciət daxil olub, onu təqdim edirik:
Cənab nazir!
Sizə müraciətimdən 2 ay sonra nazirliyin filiala ezam olunan əməkdaşı Ceyhun Mirzə araşdırma apardı. Qeyd etdiyim faktlar öz təsdiqini tapdı və akt tərtib edildi və mən o aktla tanış olduqdan sonra imzaladım. Aktda qanun pozuntuları öz əksini tapmışdı. Amma çox təəssüf edirəm ki, bu araşdırmadan bir aydan artıq zaman keçsə də heç bir tədbir görülmədi. Dəfələrlə əlaqə saxlasam da Ceyhun müəllim aktın Sizə təqdim olunduğunu və qərarı Sizin verəcəyinizi bildirir.
Cənab Nazir!
Mən inana bilmirəm ki, bu akt Sizə təqdim olunsun və Siz heç bir tədbir görməyəsiniz, eyni zamanda bir təhsil müəssisəsində müəllimin dekan tərəfindən doyulməsinə, şərəf və ləyaqətinin alçaldılmasına, əmək qanunvericiliyinin pozulmasına, imtahan sənədlərinin saxtalasdırılmasına göz yumasınız.
Yazib sizə təkrar olaraq bildirirəm ki, mən AMI-nin Mingəçevir filialında Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Fevralın 23-də AMİ-nin Mingəçevir filialınin dekanı Həqiqət Qədimova məni kabinetində döyərək bədən xəsarətləri yetirmişdir. Səbəb mənim dekanın sessiya imtahanları zamanı saxtakarlıq və korrupsiya əməllərinə etiraz etməyim olub. Çünki dərslərə davam etməyən tələbələrə ən yüksək bal və imtahanda yüksək qiymət yazmağımı tələb etməklə məni də bu çirkin əməllərinə cəlb etmək istəyirdi. Bundan sonra mənə qərəzli münasibət göstərən dekan 5 günlük iş gunu olduğu halda şənbə günü məni dərsə gətizdirirdi...
Mən buna narazılıq etdim ki, bu qanun pozuntusudur. Kabinetində dekan qəfil hücum edərək üzümü cırıb, bədənimə çoxsaylı zərbələr yetirib, saçımı yoldu. Bunu qəflətən etdiyindən muqavimət də göstərə bilmədim...
Mən həmin hadisə günü dərhal həyat yoldaşım ilə əlaqə saxlayaraq onunla birlikdə polis şöbəsinə gəlib ərizə ilə müraciət etdim. Lakin Həqiqət Qədimova dekan olduğundan və bu olayın səbəbi saxtakarlıq və korrupsiya faktı olduğundan Mingəçevir şəhər prokurorluğuna ərizə verdim. Məni tibbi ekspertizaya da göndərdilər. Gələcəyin müəllimini yetişdirən bir ali təhsil ocağında saxtakarlığa getməyən müəllimin döyülməsi və müəssisənin rəhbərinin buna bu günə qədər münasibət göstərməməsi, müxtəlif vasitələrlə mənə təzyiq edilməsi burda nələrin baş verməsindən xəbər verir. Dekanın qiymətlərini düzəltməyi söz verdiyi bir neçə tələbəyə görə mənim dərsim şənbə gününə salınmışdır. Onomalogiya fənnindən mühazirə və bir qrupun seminarı dərs cədvəlinə belə salınmamışdı. Mənim yerli prokurorluğa şikayətimdən sonra iz itirmək üçün dərs ilinin bitməsinə 2 ay qalmış 29 mart tarixindən cədvəli yenidən dəyişıbdir. Amma dərs jurnallarında qeydiyyatlarımi, dərs sillabuslarında qeydlərimi dəyişə bilməyib. Beş günlük iş günü rejimi ilə fəaliyyət göstərən bir müəsisədə şənbə günü cədvələ salınmadan heç bir razılaşma aparılmadan dərs keçilməsi əmək qanunvericiliyinə zidd deyilmi? Bu mənim və tələbələrin hüququnun pozulması deyilmi?
Cənab nazir!
Mən yuxarıda qeyd etdiyim kimi hüquq mühafizə orqanlarına və aidiyyatı üzrə Təhsil Nazirliyinə müraciət etmişəm. Çünki məsələ tək mənim fiziki xəsarət almağımda deyil. Mənim şərəf və ləyaqətim alçaldılıb. Müəllim şəxsiyyətim təhqir olunub. Hər kəs filialda bilir ki, mən intriqalardan uzaq, başımı aşağı salıb dərsimi deyən adamam. Həqiqət Qədimova əslində heç müəllim deyil. Filiala gələnədək bir gün də olsun auditoriya görməyib. Gəncə Kənd Təsərrüfati İnstitutunu şərabçılıq ixtisasi üzrə bitirib. AMİ-nin Gəncə filialının saxta Yenidənhazırlanma diplomu ilə AMEA-ya dissertantura şöbəsinə qəbul olub. Bu saxta sənəd olmasa onu şərabçı ixtisasından Azərbaycan dilçiliyi üzrə doktoranturaya qəbul etməzdilər. O bu sənədi əldə etdiyi zaman filialda 1 ştat laborant işləyib. Həmin sənəddə onun orada əyani təhsıl aldığı qeyd olunub. Bu özu sənəd saxtakarlığıdır...
Bu gün də başdan ayağa saxtakarlıqla məşğuldur. Dərsə davam etməyən tələbələrdən pul alıb qiymət yazır, sessiya sənədləri yoxlansa hər şey aydın olacaq. Yay imtahan sessiyasında bir qrupun imtahan cədvəlində bütöv qrupa mən qiymət yazmışam. Bir neçə tələbəyə mənim yerimə başqa müəllimə imza etdirib. Yazdıqlarımı sübut etməyə hazıram. Qış imtahan sessiyasında mənim mühazirə apardığım 4 qrupda imtahanları Afət Quliyevaya və orta məktəbdən təqaüdə çıxmış və filialda işə götürülmüş Gülarə Mahmudovaya yoxlatdırdı. Çünki mən o saxtakarlıqlara getmədim. Bunun özü ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"yə ziddir. Bu işlərdə ona yardımçı olan 0,5 ştat vahidi ilə işə götürülmüş Gularə Mahmudovanın dərs yükünə ilin əvvəlində mənim 1 ştat dərs yükümün 0,25 ştatını əlavə etdilər. Halbuki mən o filialda hər iki müəllimdən əvvəl çalışıram. Eyni zamanda Azərbaycan dilçiliyi üzrə dissertanturada təhsil alir və daima öz üzərimdə çalışıram, mütəmadi olaraq elmi məqalələrim çap olunur.
Həqiqət Qədimova 2011- ci ildə kafedra müdiri işləyən zaman adıma mövcud olmayan dərsləri yazmışdır. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsində başqa müəllimlərimizlə yanaşı mən də sorğu-sual olundum. O zaman da buna narazılığımı bildirmisdim.
2008-ci ildə filialda keçirilən və hörmətli rektorumuz Aqiyə Naxçıvanlının da iştirak etdiyi iclasda filialın keçmış direktoru Aslan Dəmirov kimi bir ziyalının üzünə durdu ki, məndən bu qədər pul alıb ki, dekan qoyacam, indi də qoymur. Dekan keçdikdən sonra “mən bu qədər verib dekan gəlmişəm”x9d deyir. Bizim günahımız nədir? Pul verib dekan keçməsi müəllimi döyməyə haqmı verir?
Cənab nazir!
Ceyhun Mirzənin tərtib etdiyi aktda bütün faktlar öz təsdiqini tapdığı qeyd olundu. Əmək Müfəttişliyinin yoxlaması da faktları təsdiq edib. Məktuba mənə verilən cavabı əlavə edirəm. Amma Təhsil Nazirliyinin yoxlamasından sonra heç bir ölçü götürülməyib. Əksinə, Əmək Müfəttişliyinin yoxlaması zamanı yoxlamanın gəlişinə irad bildirən filialın direktoru Rasim Şükürov bu məsələnin artıq nazirlikdə yoluna qoyulduğunu bildirdi. Mən anlaya bilmirəm ki, bu qədər qanun pozuntuları aktlaşdırıldığı halda necə Təhsil Nazirliyi Rasim müəllim demişkən “bu məsələni bağlasın”x9d
Hörmətli Mikayıl müəllim!
Ali məktəbdə pedaqoji fakultənin şərabçı ixtisaslı dekanı qoçuluq edib müəllimi doyürsə, əmək qanunvericiliyi pozulursa, imtahan sessiya sənədləri saxtalaşdırılırsa, rüşvət baş alıb gedirsə, məncə artıq təxirəsalınmaz qərarlar qəbul etməyin zamanı çatıb!
Müəllimin ali təhsil ocağında döyülməsindən biabirçı hal ola bilməz. Mən bir müəllim, bir ana, azərbaycanlı qadını kimi Sizdən aşkarlanmış bu qanun pozuntuları ilə bağlı ölçü götürülməsini, mənə fiziki və mənəvi zərbə vurmuş dekan Həqiqət Qədimovanın hərəkətlərinə hüquqi qiymət verilməsini və onun haqqında qanunlara uyğun olaraq ciddi tədbir görülməsini son dərəcə xahiş edirəm.
































































































