İrəvanda çadırlar sökülür, Paşinyan “Qarabağ Azərbaycandır” deyir: Ermənistanda nə baş verir?

Hazırda oxunan: İrəvanda çadırlar sökülür, Paşinyan “Qarabağ Azərbaycandır” deyir: Ermənistanda nə baş verir?

79553

Nəyinsə sonu, nəyinsə başlanğıcıdır. Ermənistan müxalifətin 45 günlük küçə mübarizəsi sona çatdı. Artıq ötən gün Ermənistanda müxalifətçilərin küçələrdə qurduqları çadırlar sökülüb, nəqliyyatın hərəkəti bərpa olunub.

Halbuki, erməni müxalifəti Paşinyan istefa verməyənə qədər çadırlarda qalacaqlarını bəyan etmişdilər.

Lakin, bu bəyanatı verənlər iyunun 14-dəki son mitinqdə çadırların sökülməsinə qərar verdilər. Bu qərar əslində müxalifətin biabırçı məğlubiyyəti idi. Çünki 45 günlük “müqavimət”də müxalifət heç bir nəticə əldə etmədi.
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifətçilər İrəvan meydanlarını tərk etdilər - Paşinyanın partiyası


Yəni Nikol Paşinyan nəinki devrilmədi, əksinə müxalifətin “səyləri” ilə öz mövqeyini bir qədər də möhkəmləndirdi. İndi Paşinyan iqtidarı İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə həmişəkindən daha güclüdür.

Artıq, indiki müxalifətin heç bir perspektivi, Köçəryanla və Sarkisyanınsa dövlət siyasətində iştirak şansları faktiki olaraq qalmadı.Bu təkcə indiki müxalifətin iflası deyildi. Bu həm də ultramillətçi qüvvələr- Qaregin Nijde ideyalarının daşıyıcılarına və terrorçu “Daşnaksütyun” partiyasına sarsıdıcı zərbədir.

Bəs yaxın gələcəkdə Paşinyan iqtidarına qarşı hansı yeni qüvvələrin ortaya çıxacağı gözlənilir?

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən  politoloq Fikrət Sadıqov bildirdi ki, “ultramillətçi erməni siyasətçiləri üçün bu çox ağır məğlubiyyətdir. Amma onların sonu deyil. Çünki, bu bədnam qüvvələri erməni diasporu öz maraqları üçün hər zaman dəstəkləyib.

Bundan sonra da bu dəstək olacaq. Lakin, Vanetsyanın, Saqatelyanın, Köçəryanın, Sarkisyanın və digərlərinin özlərinə gəlməsi üçün müəyyən vaxt lazımdır. Ən azından ilin sonunadək onlardan aktivlik gözləmək ağılsızlıq olardı”.

Fikrət Sadıqov indiki şəraitdə Ermənistanda yeni qüvvələrint oraya çıxma ehtimalını da öz münasibətini bildirdi.

“İndiki vaxtda Ermənistanda liberal qüvvələrə daha çox ehtiyac var. O qüvvələrə ki, ən azından reallıqları düzgün qiymətləndirə bilirlər. Bu mənada ilk yada düşən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. İndiki vəziyyətdə onunda istənilən sosial bazası yoxdur.

Lakin, o bu məsələni həll etsə, tərəfdarlarının sayını artırsa Paşinyana çox ciddi başağrısı ola bilər”-deyə politoloq fikirlərini tamamlayıb.
Xatırladaq ki, siyasi rəqiblərini güncə sıxışdıran Paşinyan dünən maraqlı açıqlamalar edib. O bildirib ki, “Danışıqlar prosesinin bütün tarixi ərzində Robert Köçəryan və Serj Sarkisyan və onların siyasi peyki Daşnaksütyun Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” prinsipini rəhbər tutmayıb”. 

Ermənistan baş nazirinin bu tonda danışması onun müxalifət üzərindəki qələbəsinin təsdiqidir. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağı günün uzaqda olmamasının sübutudur. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO