Qaxda Çar Nikolayın tikdirdiyi 125 yaşlı körpü niyə BAĞLANDI? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Qaxda Çar Nikolayın tikdirdiyi 125 yaşlı körpü niyə BAĞLANDI? – Rəsmi AÇIQLAMA 

101090

Qax rayonunun Kürmük çayı üzərində tənha qalmış dəmir konstruksiyalı körpünün girişinin bağlandığı bildirilir. 125 yaşı olan körpü istismarda olsa da, həm də təmir-bərpaya ehtiyacı var.

Qeyd edək ki, uzunluğu 93 metr, eni isə 5,55 metr və iki aşırımdan ibarət olan körpünün tikilişində kiçik bir hissədə belə, qaynaq işi aparılmayıb. Yalnız pərçimləmə yolu ilə tikilib.
Körpünün salınmasında məqsəd isə rayonun bir sıra kəndlərinin və qonşu Şəki rayonunun Qaxla əlaqəsinin yaradılması olub. Metal konstruksiyalı bu körpü dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata götürülüb və qorunur.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Bizim.Media-ya bildirib ki, qeyd olunan körpü tarixi abidə kimi reyestrə daxildir və işləkdir:

“Körpü istifadə olunur və bağlanmayıb. Bərpa olunub-olunmaması ilə bağlı hələki məlumatımız yoxdur. Olsa belə dəmir körpü sökülməyəcək”.

Məlumat üçün bildirək ki, 1890-cı illərdə isə Mərkəzi Asiyanın Rusiyaya birləşdirilməsi prosesi başa çatandan sonra, Rusiya ölkənin bütün ərazilərinə yollar çəkməyə başladı. Bundan sonra Türkiyəyə, İrana hərbi yol məqsədi üçün belə körpülər tikildi.

Haqqında danışdığımız bu körpünün tikilməsinin digər səbəbi isə dağ yolundan birbaşa Sarıbaş və İlisi kəndlərinə rahat gedə bilmək idi. Bu körpü 1897-ci ildə alman mütəxəssisləri tərəfindən tikilib. Körpünün üstündəki zəng isə o dövrdə fəhlələri işə çağırmaq məqsədilə qoyulub.
Həmin zəng indi də yerində qalır. Bu körpü tikilib qurtardıqdan sonra, belə körpülərin tikilməsinə ara verilib. Bunun səbəbi isə iqtisadi böhranla bağlı olub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO