Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

Hazırda oxunan: Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA

642392

Türkiyədə minlərlə Azərbaycan vətəndaşı yaşayır, çalışır, təhsil alır. Lakin qardaş hesab edib üz tutduqları ölkədə onları heç də asan həyat gözləmir. 

Xüsusilə də, son dövrlərdə Türkiyədə miqrasiya qaydalarının sərtləşdirilməsi azərbaycanlıların da oturum icazəsi ilə bağlı ciddi çətinliklərlə üzləşməsinə səbəb olub. Turistik oturum müraciətlərinin rədd edilməsi, bəzi məhəllələrdə əcnəbilərin qeydiyyatına qoyulan məhdudiyyətlər, sənədləşmə problemləri və uzanan bürokratik prosedurlar insanların həyatını çətinləşdirir.

Bəli, Azərbaycan və Türkiyə “bir millət, iki dövlət”dir. Amma Türkiyə bu prinsipə uyğun olaraq Azərbaycan vətəndaşları üçün heç bir əlavə güzəşt göstərməyib. Azərbaycan da heç vaxt qardaşlığı əsas gətirərək Türkiyədən əlavə imtiyaz tələb etməyib, nə də vətəndaşlarımızın üzləşdiyi problemləri qabartmayıb. Ancaq vətəndaşlarımıza bürokratik əngəllərin yaradılması da narahatlıq doğurmaya bilməz. 

Turistlər üçün müvəqqəti yaşama icazəsinin məhdudlaşdırılması

Türkiyədə azərbaycanlıların üzləşdiyi əsas problemlərdən biri turistik məqsədlə oturum icazəsi almaq imkanlarının məhdudlaşdırılmasıdır. Əvvəllər Türkiyədə uzun müddət qalmaq istəyən Azərbaycan vətəndaşları ev kirayəsi müqaviləsi və digər tələb olunan sənədləri təqdim etməklə bir və ya iki illik müvəqqəti yaşayış icazəsi almağa ümid edə bilirdilər. Lakin miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bu proses xeyli çətinləşib.

Hazırda yalnız turistik məqsədlə ölkədə qalmaq üçün edilən bir sıra müraciətlər rədd edilir. Bu isə Türkiyəyə səfər edən, burada yaşamaq istəyən, lakin hələ iş və ya təhsil əsasında yaşayış icazəsi almaq imkanı olmayan azərbaycanlıları çətin vəziyyətdə qoyur. 

Adres kvotaları: Kirayə müqaviləsi var, oturum icazəsi yoxdur

Türkiyədə oturum icazəsi almağa çalışan azərbaycanlıların qarşılaşdığı digər ciddi maneə ünvan qeydiyyatı ilə bağlı yaradılan məhdudiyyətlərdir. Belə ki, miqrasiya siyasəti çərçivəsində əcnəbilərin sıx yaşadığı bir sıra məhəllələrdə yeni yaşayış icazəsi müraciətlərinə məhdudiyyətlər tətbiq olunub. Nəticədə, qanuni şəkildə ev kirayələyən şəxslər belə, seçdikləri ünvanda əcnəbilərin qeydiyyatı üçün müəyyən edilmiş məhdudiyyətlərə görə oturum icazəsi almaqda çətinlik çəkə bilirlər.

Bu vəziyyət xüsusilə İstanbul kimi böyük şəhərlərdə yaşayan azərbaycanlılar üçün əlavə problemlər yaradır. Şəxs ev sahibi ilə rəsmi kirayə müqaviləsi bağlayır, yaşayış yeri üçün ödəniş edir, sənədlərini hazırlayır. Lakin müraciət zamanı həmin ünvanın yeni əcnəbi qeydiyyatı üçün uyğun olmadığı bildirilir. Bəzi hallarda isə əvvəlki sakinlərin qeydiyyatının sistemdən silinməməsi və ya ünvan məlumatlarındakı uyğunsuzluqlar əsas gətirilərək müraciətin qəbuluna maneə törədilir. 

Nəticədə, müraciət edən şəxs özündən asılı olmayan səbəblərə görə başqa ev axtarmağa, yenidən kirayə haqqı və depozit ödəməyə, sənədlərini təkrar hazırlamağa məcbur qalır. 

Miqrasiya idarələrində bitməyən süründürməçilik

Azərbaycanlıların Türkiyədə ən çox yaşadıqları problemlərdən biri də müraciətlərin araşdırılması, sənədlərin yoxlanılması və yekun qərarın verilməsi prosesinin uzanmasıdır. Yaşayış icazəsi üçün tələb olunan sənədlər təqdim edilsə belə, müraciətin hansı mərhələdə olduğu, əlavə sənədə ehtiyac yaranıb-yaranmadığı və qərarın nə zaman veriləcəyi barədə aydın məlumat əldə etmək həmişə mümkün olmur.

Türkiyənin miqrasiya prosedurlarında müraciətlərin qiymətləndirilməsi üçün nəzərdə tutulan müddət 90 gündür. Bəzi hallarda müraciət edənlərdən əlavə sənədlər, o cümlədən apostil təsdiqli doğum haqqında şəhadətnamə, bank hesabından çıxarış və ya maddi təminatı təsdiqləyən digər sənədlər tələb oluna bilər. Lakin  məsələ azərbaycanlılara gələndə bu hallara mütəmadi olaraq rast gəlinir. 

Təbii ki, belə sənədlərin hazırlanması müəyyən vaxt və əlavə xərc tələb edir. Əgər əlavə tələblər əvvəlcədən aydın izah edilmirsə və ya təqdim olunmuş sənədlər sistemdə vaxtında qeydə alınmırsa, proses daha da uzanır.

Tələbələr üçün əlavə maneələr

Türkiyədəki azərbaycanlıların üzləşdiyi problemlər oturum icazəsi almaq və ya onu uzatmaq istəyən digər şəxslərlə də məhdudlaşmır. Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələr üçün də sənədləşmə, sığorta və qeydiyyat prosedurları mühüm məsələdir.

Qeyd edək ki, tələbə oturumunun alınması və uzadılması təhsil statusunun təsdiqi, tələb olunan sənədlərin təqdim edilməsi və müvafiq inzibati prosedurların yerinə yetirilməsini tələb edir. Bu proseslərdə universitetlərlə miqrasiya qurumları arasında məlumat mübadiləsinin düzgün qurulması xüsusi əhəmiyyət daşıyır.

Lakin ali təhsil müəssisələrinin məlumatları ilə miqrasiya sistemlərindəki məlumatlar arasında uyğunsuzluqların yaranması, əlavə sənədlərin tələb edilməsi və müraciətlərin gecikməsi azərbayacanlı tələbələr üçün ciddi bürokratik əngələ çevrilib.

Xüsusilə İstanbul və Ankara kimi böyük şəhərlərdə təhsil alan azərbaycanlı tələbələr sənədləşmə prosesində daha ciddi çətinliklərlə üzləşirlər. Müraciətlərin sayının çox olması səbəbindən onlar bəzən həftələrlə növbə gözləməli olurlar. 

Əlbəttə, Türkiyənin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq və öz qanunlarını tətbiq etmək hüququ var. Ancaq qanuni şəkildə yaşayan, təhsil alan və işləyən azərbaycanlıların sistemdəki uyğunsuzluqlar səbəbindən çıxılmaz vəziyyətə salınması məyusedici haldır. Üstəlik, bu cür hallarla qarşılaşan vətəndaşlarımızın sayı kifayət qədər çoxdur.

Ünvan problemi, minlərlə lirəlik zərər

Azərbaycan vətəndaşı, kino və serial aktyoru Emin adlı şəxs sosial şəbəkədə yazdığı şikayətdə bildirib ki, Türkiyədə, xüsusilə tarixi layihələrdə iştirak edərək karyerasını davam etdirmək istəyib. Lakin oturum icazəsi ilə bağlı problemlər səbəbindən aylarla davam edən bürokratik çətinliklərlə üzləşib.

Onun sözlərinə görə, tələb olunan sənədləri Azərbaycandan hazırladaraq təqdim edib, rüsumları ödəyib. Buna baxmayaraq, kirayələdiyi ilk evdə əcnəbi qeydiyyatı kvotasının dolduğu bildirilib. İkinci evdə əvvəlki kirayəçilərin qeydiyyatı sistemdən silinmədiyi, üçüncü ünvanda isə başqa şəxsin qeydiyyatda olduğu məlum olub.

Emin dəfələrlə köçmək məcburiyyətində qaldığını, ümumi maddi itkisinin təxminən 90 min türk lirəsinə çatdığını bildirib. Təxminən səkkiz ay davam edən prosesdən sonra o, Türkiyədən ayrılmaq məcburiyyətində qalıb.


25 illik həyat və yarımçıq qalan müraciət

Digər Azərbaycan vətəndaşı Günay xanım da sosial şəbəkə hesabında qeyd edib ki, 25 ildən artıqdır Türkiyədə həkim kimi çalışır. Ailəsinin üzvləri Türkiyə vətəndaşı olsa da, uzunmüddətli oturum icazəsinin uzadılması ilə bağlı müraciəti nəticəsiz qalıb.

Onun bildirdiyinə görə, 11 mart 2026-cı ildə təqdim etdiyi müraciətə 90 gündən artıq müddət keçsə də, baxılmayıb. Miqrasiya İdarəsi və 157 nömrəli məlumat xətti ilə dəfələrlə əlaqə saxlasa da, konkret cavab ala bilməyib.


Azərbaycanlı olduğu üçün ayrı-seçkiliklə üzləşmək 

Türkiyədə təhsil almış və təxminən səkkiz ildir bu ölkədə yaşayan Mürsəl adlı Azərbaycan vətəndaşı da oturum icazəsinin uzadılması zamanı problemlərlə üzləşdiyini bildirib.

O sosial şəbəkə hesabında yazıb ki, Pendik İlçe Miqrasiya İdarəsində müraciət edərkən əməkdaşlardan biri ona “Azərisiniz, sizlər çoxaldınız” ifadəsini işlədib. Mürsəl bütün sənədlərini təqdim etdikdən sonra ondan dəfələrlə əlavə sənəd tələb olunduğunu, hansı oturum növünə müraciət etməli olduğu barədə ziddiyyətli məlumatlar aldığını qeyd edib. Daşınmaz əmlak sənədinin əvvəlcə uyğun hesab edildiyini, daha sonra isə qəbul olunmadığını da bildirib.


Təqdim edilən sənədlər niyə sistemdə görünmür?

Başqa bir Azərbaycan vətəndaşı Esmira xanım isə sosial şəbəkə hesabında yazdığı şikayətində sənədlərin sistemdə vaxtında qeydə alınmaması problemini vurğulayıb.

Onun sözlərinə görə, qardaşı üçün qısamüddətli oturum icazəsinə müraciət edilib. Çatışmayan sənədlər şəxsən miqrasiya idarəsinə təqdim olunub. İki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq sistemdə müraciət hələ də “çatışmayan sənədlər” mərhələsində görünüb.

Şikayətçi bildirib ki, qardaşının övladı gözündən əməliyyat olunmalıdır və ailənin təcili olaraq Azərbaycana getməsi lazımdır. Lakin müraciətin uzun müddət nəticəsiz qalması səfər və müalicə planlarına mane olur.


Bürokratiyada ilişib qalan “qardaşlıq”

Təbii ki, Türkiyənin miqrasiya siyasətini sərtləşdirməsi onun suveren hüququdur. Lakin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə Türkiyədə qanuni əsaslarla yaşayan azərbaycanlılara bürokratik əngəllər yaratmaları təəssüf doğurur.

Üstəlik, Türkiyədə çalışan, təhsil alan azərbaycanlılar hər hansı əlavə güzəşt tələb etmirlər. Onlar yalnız dövlət qurumlarının prosesə şəffaf yanaşmasını, bürokratik əngəllər səbəbindən süründürməçilik hallarının qarşısının alınmasını istəyirlər.

Bir sözlə, qardaşlıq münasibətləri heç kimə qanunlardan kənar imtiyaz verməsə də, qanuni prosedurların tətbiqi zamanı ədalət, şəffaflıq və hörmət prinsiplərini arxa plana keçirilməsi narahatlıq doğurur.

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO