"Son günlər Azərbaycanda yaşandığı iddia edilən hicab məsələsi Türkiyənin ana gündəm mövzusuna çevrilib. Önünə gələn, sanki Azərbaycan bizim bir vilayətimizmiş kimi tənqid yağdırır.
Öz əvvəlki yazımda da qeyd etmişdim: Qardaş, bizə nə bundan? Biz niyə Azərbaycanın daxili işlərinə qarışırıq?"
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, bu sərt və diqqətçəkən fikirlər Türkiyədə fəaliyyət göstərən "Yeşil İğdır" və "15 Temmuz" qəzetlərinin təsisçisi və baş redaktoru, tanınmış publisist Cabbar Şıktaşın qələmə aldığı son məqaləsində yer alıb.
Yazar Türkiyədən Azərbaycana qarşı yönələn əsassız tənqidlərə kəskin reaksiya verib.
C.Şıktaş məqaləsində Azərbaycandakı azadlıqlara toxunaraq bildirib:
"Azərbaycanda qadına tanınan azadlıqlar və verilən hüquqlar sanki bizim ölkəmizdə varmış kimi gedib oradakı hicab məsələsini müzakirə edirik. Bu, dünənə qədər bizim siyasi alətimiz deyildimi? Yaşananları nə tez unutdunuz! Allah türban deyə bir əmr vermədi; hicab, ədəb və əxlaq əmri verdi. İnancından ötrü başını örtən bir qadına yerlə-göy qədər hörmət edərəm. Amma hicab siyasəti yürüdənlərə hörmət etmək məcburiyyətində deyiləm. Bir tərəfdən hicab siyasəti aparıb, digər tərəfdən Allahın əmrlərinə zidd hər cür əməl törədənlər mənə hicab siyasətindən dəm vurmasınlar".
Baş redaktor Türkiyədəki daxili problemlərə də diqqət çəkib:
"Ölkəmizdə "imanlı nəsil" deyərək yola çıxdılar. Gənclərin halı göz qabağındadır! Narkomaniya və fahişəlik baş alıb gedir. Ölkədəki narkotik satanların hamısı tutulsa, onları salmağa həbsxana tapılmaz. Düşünün, istifadəçilərin sayı nə qədərdir! Başqa şəhərləri kənara qoyaq, küçədə gəzən gənc qızların geyimi sizi heç narahat etmir? Yəni nəslimizin hara doğru getdiyinə baxmayıb, məktəbə gedərkən başlarının bağlı olmasını ölümünə müdafiə etmək doğru yanaşma deyil. Ayrıca, ölkəmizdə işsizlik problemini həll etdik, hicablı bacılarımızın hamısını işlə təmin etdik, iqtisadiyyatımızı düzəltdik, bir tək Azərbaycandakı başörtüyü problemi qaldı?"
Publisist Azərbaycan-İsrail ticarət münasibətləri ətrafında edilən spekulasiyalara da cavab verib:
"Azərbaycan İsrailə qaz verir, neft verir. Bəli, verir, doğrudur. Yaxşı, bu qaz və neft haradan gedir? Kosmosdanmı gedir? Türkiyə üzərindən gedir və Türkiyə bu kəmərlərdən pay alır. Türkiyə ilə İsrail arasındakı illik idxal və ixracın həcmindən xəbəriniz var? Bizim etdiyimiz ticarətdən kimə nə? Türkiyə İsrailə söz atır, İsrail də Türkiyəyə söz atır. Madam ki, araları çox gərgindir, o zaman ticarəti kəssinlər! Niyə kəsmirlər? Üstəlik, ticarəti hər keçən gün artırırlar. Dövlətlərin öz maraqları var. Savaşmadıqları müddətcə ticarət edərlər. Biz emosional baxıb reaksiya verə bilərik, amma dövlətlər emosional baxa bilməz".
Cabbar Şıktaş Azərbaycana dil uzadanlara sərt xəbərdarlıq edərək digər ölkələrdəki susqunluğu qınayıb:
"Həm də siz kimsiniz ki, Azərbaycana bunları demək haqqını özünüzdə görürsünüz? Birinə bir söz demək istəyirsiniz? Suriyanın başına gətirilən Colaniyə Qolan təpələrini niyə İsrailə hədiyyə etdiyinin hesabını sorun! Körfəz və ərəb ölkələrinə milyardlarla dollarınızı niyə ABŞ və İsrailə verdiyinizi, Fələstin və Qəzzanın dağıdılmasına nə üçün şərait yaratdığınızı soruşun! İranın İsrailə atdığı raketləri havada vurmağa çalışan sözdə müsəlman ölkələrinə cavab verin! Qəzza ilə sərhədi olan Misirin niyə gömrük qapısını açmadığını, nə üçün yalnız dərman göndərilməsinə belə icazə vermədiyini Sisidən soruşun! Xeyirdir, niyə soruşmursunuz?"
Sonda təcrübəli qəzetçi iki qardaş ölkə arasındakı sarsılmaz bağlara toxunub:
"Azərbaycan dünyəvi ölkədir. Öz qanunları və qaydaları var. Onların daxili işlərinə qarışmaq bizə düşməz. Kimlərinsə qərəzli və məqsədli şəkildə davamlı olaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışması əbəs cəhddir. Bu bağ bu gün qurulmadı ki, iki nəfərin sözü ilə bir anda qopsun! Bu bağ tarixi dərinliyi olan, keçmişi 1900-cü illərə dayanan və Atatürklə taclanan bir bağdır.
Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözü ilə taclanan bu bağ, Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı ilə möhkəmlənib. İndi trol qruplarının aldıqları əmrlə davamlı təhqir dolu paylaşımlar etməsi əxlaqsızlıqdır. Yaşananların təxribat olduğu, şüurlu və məqsədli yanaşma nümayış etdirildiyi göz qabağındadır. Hər kəs ağlını başına toplamalıdır".
Bizim.Media

- A-
- A
- A+
Region
16:52 / 15.10.2026
"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA
Hazırda oxunan: "Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA
Hazırda oxunan: "Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA
642450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































