MÖMİN VAÇAQAN: HƏR GÜNDƏ BİR KİLSƏ – yaxud oğru ermənilər

MÖMİN VAÇAQAN: HƏR GÜNDƏ BİR KİLSƏ – yaxud oğru ermənilər

Hazırda oxunan: MÖMİN VAÇAQAN: HƏR GÜNDƏ BİR KİLSƏ – yaxud oğru ermənilər

4054

Əvvəlcə onu deyim ki, ermənilərin tarix saxtalaşdırması barədə çoxsaylı faktlar mövcuddur. Bu falsifikasiya siyasəti öncə dövlət qurduqları Qərbi Azərbaycan torpaqlarında başladı və daha sonra işğalları ilə Qarabağı da əhatə etdi. Bu minvalla ermənilərin tarix işğalları daha da genişləndi. Onların dini mənsubiyyəti qriqoryan xristianlıq olduğundan işğalçılar günü bu gün də qədim Alban kilsələrimizi özününküləşdirməyə çalışır.

Bununla bağlı AMEA Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Ramin Əlizadə ilə həmsöhbət olduq. Ramin Əlizadə Bizim.Media-ya açıqlamasında bildirdi ki, Albaniya tarixi Azərbaycanın indiki ərazisi, bizim torpaqlarda yaradılmış Ermənistan Respublikası, Gürcüstanın cənub rayonlarını, Dağıstanın Dərbənd hissəsini əhatə edib:

“Abidələrin araşdırılmasında həm arxeoloji qazıntı, həm yazı materialları, kitabələr kompleks şəklində araşdırılmalıdır. Bununla da albanların yaşadığı coğrafiya müəyyənləşir. Həmçinin bu araşdırmalar imkan verir ki, qədim dövlətimizin dini-mədəni mənsubiyyətini bilək. Albaniya mədəniyyətinin böyük hissəsi xristianlığa qədərki və xristianlıqdan sonrakı əsrləri əhatə edir. Xristianlığa qədərki dini- mədəni abidələrin əksəriyyətində yerli türk boylarının izlərinə rast gəlinir”.

Tarixçi vurğuladı ki, xristianlıq döbründəki kilsələrin bünövrəsi yerli əhalinin təktanrılı inanca malik olan tayfaların, türk boylarının məbədləri üzərində inşa olunub:

“Yəni regiondakı erkən orta əsrlər dövrünə aid əksər kilsələr yerli türklərin ibadətgahlarının üzərində tikilib. Bu da o səbəbdən edilib ki, həmin abidələri sonradan dağıtmasınlar, qədimdən qalan müqəddəs ocaq kimi həmişə ziyarət olunsun”.

Alban kilsələrinin coğrafiyası mövzusuna toxunan tarixçi Qarabağı xüsusi vurğuladı. Bildirdi ki, indiki Ermənistan ərazisində, əsasən Göyçə gölünün ətrafı, Zəngəzuru, Qarsa qədər olan torpaqlarda həddindən çox alban məbədləri olub. Ramin Əlizadə qeyd etdi ki, bütün Ermənistan ərazisindəki erkən orta əsrlərə aid kilsələrin demək olar ki, hamısı qıpçaq türklərinə aid kilsələrdir:

“Həmin kilsələr üzərindəki epiqrafik nümunələr, yazılar, müxtəlif ornamentlər, xaçın quruluşu, xaç daşları uzun müddət erməni-qriqoryan təsirinə məruz qalmayıb. Ermənilər sonradan – 1828 Türkmənçay və 1829 Ədirnə müqavilələri ilə müasir İran ərazisi, Şərqi Anadoludan bizim torpaqlara köçürüləndən sonra həmin abidələri özünüküləşdirməyə başladılar və Azərbaycanın tarixi-mədəni irsi erməni vandalizminə məruz qaldı”.

Alban kilsələrinin I əsrdə meydana gəlməsindən danışan Ramin Əlizadə Musa Kalankatlının “Alban Tarixi” əsərinə də toxundu. Əsərdəki maraqlı məqamlardan biri də şərq kilsələrinin anası sayılan Kiş məbədi haqqındadır. Kiş məbədinin özü isə, yerli türk boylarının qurbagahının üzərində inşa olunub:

“Əvvəl ora da kilsə olmayıb, Kiş məbədi yerli əhalinin ibadətgahı olub. Musa Kalankatlının da verdiyi məlumata görə, I əsrdə Qüdsdə xristian dünyasının ilk patriarxı olan, İsa peyğəmbərin süd qardaşı Yakovun göstərişi ilə Yelisey adında bir həvari (Yelisey İsa peyğəmbərin 12 həvarisindən biri olan Faddeyin tələbəsi olub) mənbədə yazıldığına görə, bütpərəst ermənilərin gözündən yayınaraq, Atropatena, ardınca Albaniyaya keçir. (tarixi qaynaqlara görə, həmin vaxt ermənilər xristian din xadimlərini qətlə yetirirdilər) Yelisey səfərində Dərbəndə qədər bütün şimali Azərbaycan ərazilərində xristianlığı yayır və Kiş, yaxud Kis, Gis də adlanan kənddə məbəd tikir”.

Həmin məbəd Şəki ərazisində inşa olunub, lakin müxtəlif versiyalar var, çünki Qarabağ ərazisində də eyniadlı kəndlər olub, məbədlər tikilib. Lakin mütəxəssislər də əsasən Şəkidəki məbədin üzərində dayanır:

“I əsrdə tikilən Şəkidəki Gis məbədi sakların yaşadığı ərazidə inşa olunub. Yəni, Qafqazda ilk dəfə xristianlığı qəbul edən yerli türk boyları saklardır. Həmin o tayfalar ki, antik dövr mənbələrində, eləcə də ondan əvvəlki dövr qəbir abidələri, kurqanlarda öz izlərini sürdürüb, gətiriblər və bütün o bölgələrdə Zaqatalada sak sözü var, Şəki adında, Zəngəzurda çox yer adlarında sak tayfalarının adı hələ də yaşayır. Məsələn, Sakan düzü, Balasakan düzü, Zəngəzurda Şəki kəndi var”.

Elmi işçinin sözlərinə görə, erkən orta əsrlərə aid mənbələrdə bu ərazilərdə “maskut” və “sakasena”dan bəhs olunur. Sakasen sak ölkəsi deməkdir. Bu ərazilərin hakimləri həmişə yerli tayfalar olub:

“Bura yeni gələn türk tayfaları köhnə türk tayfaları ilə qaynayıb, qarışıb və bu da imkan verməyib ki, hansısa bir yadelli ünsür əlqol atsın. Bununla da bütün madi-mənəvi mədəniyyət yerli tayfalara aid olub. Albanların erkən orta əsr kilsələrini analiz edəndə baxırıq ki, abidələrin heç birinin ermənilərə heç arxitekturası ilə də bağlılığı yoxdur''.

''Əsasən də Kəlbəcərdə, Laçında, Xocavənddə, Qarabağın müxtəlif yerlərində. Məsələn, Kəlbəcərdə tikilən abidələrdən qeyd eliyə bilərik Qırmızı Monastrı, Böyük Aram Monastrı, Ağdərə tərəfdə Yelisey Monastrı, sonra Xudavəng monastrını qeyd edə bilərik. Bu monastrın tikintisi XIII əsrdə alban-xaçın knyazlarından birinin qızı olmuş Arzu xatuna aid idi”.

Əslində isə, kilsələrin əksəriyyəti Alban hökmdarı III Mömin Vaçaqan tərəfindən inşa edilib. Yoxsa Musa Kalankatlı yazmazdı ki, Alban Hökmdarı III Mömin Vaçaqan bir ilin günləri qədər kilsə tikdirib: 

“Eləcə də,1216-1231-ci illərdə tikilən məşhur Gəncəsar monastrını da bu ərazilərin hakimi, alban-xaçın knyazı Həsən Cəlal inşa etdirib. Gəncəsarın kitabəsində epiqrafik mətndə Həsən Cəlal belə təqdim olunur, Ərsak soyundan olan, yəni ərsak türk soyudur, bu soydan olan Alban-xaçın hökmdarı Həsən Cəlal! Yəni bu adamın adında, bu adamın titulunda, idarə elədiyi ərazidə heç bir erməni söhbəti yoxdur, hay məsələsi yoxdur”. 

Ramin Əlizadə bildirir ki, əksər alban kilsə və monastrlarının kitabxanaları ermənilər tərəfindən oğurlanıb. Onlar özlərinə Matenadaran adlı bir əlyazma yaradıblar və köçürtmələr bitəndən sonra bütün Alban mədəni irsini məhv ediblər. Hətta alban kilsələrinin çoxunun ətrafında qala divarları vardı, üzərində alban yazıları vardı, kilsənin içərisində yazılar vardı. Ermənilər isə bunların hamısını dağıdıblar. Kilsələrin çoxunun qədimdənqalma zəngləri var idi, onları məhv elədilər:

“Gorus ərazisində Tatev kəndi var. Ora da qədim türk torpağı olub. Orada Yaycı kəndi var idi, o da oğuzların bir qoludur. Həmin Tatevdə xristianların kilsəsini sakların hökmdarı inşa etdirib. Həmin kilsənin zəngini ermənilər söküb aparıblar. Andronik 1918-20-ci illərdə həmin zəngi aparıb, Fransada emalatxanada silah, top düzəltdirib və o, tuncdan hazırlanan silahlarla Zəngəzur əhalisini qətliama məruz qoyub”. 

Ramin Əlizadənin sözlərinə görə, 1828-ci ildən bu yana ermənilər tarixi nə qədər qriqoryanlaşdırmaq istəsələr də, bunan tam nail olmaq mümkün deyil, çünki istər, istəməz müəyyən izlər qalacaq, qorunacaqdır. Müsahibimizdən öyrəndiyimiz son mühüm məlumatı da diqqətinizə çatdıraq ki, Albaniyada kilsə “tapınak” adlanırdı və bu faktı məşhur ermənişünas alimlər, tarix tədqiqatçıları Jan Pyer Mahe və Jost Gippertin əsərlərində də görmək olar.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO