Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə alan pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən növbətçi həkim Elmira Əsgərova barəsində hökm çıxarılıb.
Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2023-cü ilin oktyabrında Qusar Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində baş verib.
Xaçmaz rayonunun Çiləgir kənd sakini, 2002-ci il təvəllüdlü A.B. xəstəxanada müalicə olunarkən əməliyyat keçirib. Məhkəmənin müəyyən etdiyi hallara görə, əməliyyatdan sonra xəstə həkim nəzarətində saxlanılmalı olduğu halda, təqsirləndirilən Elmira Əsgərova onun vəziyyətinə lazımi qaydada nəzarət etməyib.
İş materiallarına əsasən, A.B. əməliyyatdan sonrakı dövrdə müəyyən müddət nəzarətsiz qalıb. Həmin müddətdə vəziyyəti ağırlaşıb, tromboemboliyanın ilkin əlamətləri vaxtında müəyyən edilməyib və buna uyğun təxirəsalınmaz tibbi tədbirlər görülməyib.
Nəticədə A.B. ağciyər arteriyasının trombozu ilə əlaqədar yaranmış kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
Məhkəmə Elmira Əsgərova həkim kimi üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyini, işinə vicdansız və ya laqeyd münasibət göstərdiyini və bunun nəticəsində pasiyentin ölümünün baş verdiyini müəyyən edib.
Məhkəmə iclasında Elmira Əsgərova özünü təqsirli bilməyib. O, A.B.-nin xəstəxanaya ağır vəziyyətdə gətirildiyini, əməliyyatdan əvvəl tam müayinədən keçirilmədiyini və xəstəyə düzgün diaqnoz qoyulmadığını iddia edib.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, pasiyentin əməliyyatdan sonra ən azı 24 saat reanimasiya şöbəsində saxlanılması və cərrahla anestezioloqun nəzarətində olması zəruri idi. Onun sözlərinə görə, xəstənin vəziyyəti pisləşdikdən sonra da lazımi tibbi tədbirlər görülməyib.
Bununla belə, məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən ekspertiza materiallarını və digər sənədləri qiymətləndirərək Elmira Əsgərovanın təqsirli olması qənaətinə gəlib.
Elmira Əsgərova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq – ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 28.09.2026
24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq
Hazırda oxunan: 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq
Hazırda oxunan: 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq
639180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































