Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi ifşa olundu - FOTO

Hazırda oxunan: Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi ifşa olundu - FOTO

161485

Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdi növbəti dəfə ifşa olunub.

Bizim.Media xəbər verir ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinə xidmət edib. 

Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib.

Diqqətçəkən məqam ondan ibarət olub ki, ermənilər öz adlarına çıxdıqları, lakin onlarda mövcud olmayan bir sıra Azərbaycan xalçalarının “zəngin erməni mədəni irsi”nin nümunələri olduğunu “sübut” etmək üçün onların yalnız fotolarını sərgidə asmaqla kifayətlənməli olublar.

Ölkəmizin mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə cəhd göstərən Ermənistan tərəfi sərgidə Azərbaycanın Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş “Çələbi”, “Xətai”, “Qasımuşağı”, “Malıbəyli”, “Bəhmənli”, “Borçalı” və digər xalçalarını özününküləşdirməyə çalışıb.

Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb.

Etiraz məktubunda bildirilib ki, sərgidə Azərbaycanın xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni xalçaları kimi təqdim olunması təxribat və tarixi saxtalaşdırmaqdır. Diqqətə çatdırılıb ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Acınacaqlı haldır ki, Ermənistanın nümayiş etdirdiyi xalça ornamentləri son üç onillikdə bu ölkənin işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin xalçaçılıq ənənələrinə aiddir.

Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəni sərvətini təşkil edən xalçaların onun razılığı olmadan sərgilənməsi və onların guya Ermənistana məxsus olduğunu iddia etmək ölkəmizin mədəni sərvətlərinin açıq şəkildə mənimsənilməsidir.

Bu, yolverilməzdir və pislənilməlidir. Ermənistanın müxtəlif platformalardan sui-istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmaq və ölkəmizə qarşı ərazi iddiaları ilə yanaşı, Azərbaycanın mədəni və dini irsinə əsassız iddialar irəli sürməsinə dair ilk hal deyil.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin mədəni sərvətlərinin və irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınması baş verib. Bütün bunlar beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və ölkəmizə qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili şəkildə qəti tədbirlər görməyə çağırıb.

Qarabağ xalçaçılıq məktəbinə aid olan Xətai xalçası

Qarabağın xalçaçılıq məktəbinin məşhur Çələbi xalçası

Qarabağ xalçalarının Şuşa qrupuna aid Malibəyli xalçası

Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Bəhmənli xalçası

Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Qasımuşağı xalçaları

Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Borçalı xalçaları

Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Qaraqoyunlu xalçası














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO