İqbal Ağazadə: “10 il, 11 il bundan öncəki siyasi institutların vəziyyəti ilə 2014-cü ilin siyasi institutları arasında ciddi geriləmə var”
İyulun 3-də Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinin qonağı olub. Həm Azərbaycan gündəmi, həm regiondakı proseslər, həm də dünyanın bugünkü siyasi xəritəsi ilə bağlı geniş söhbət Ümid sədrinin “müdhiş türk” adlandırılan Əlirza Bozqurdla görüşünün detalları haqqında suallarla başlayıb. Müsahibənin ikinci hissəsini təqdim edirik.
(Əvvəli //moderator.az/?xeber=49341#.U7ZBccP0kY4. )
- Qərb Azərbaycandan nə istəyir və sizin düşüncənizə görə Azərbaycan iqtidarı Qərbin tələbləri qarşısında nələrə gedə bilər?
- Azərbaycan hökuməti maksimum dərəcədə belə bir vəziyyət yaratmaq istəyir ki, ortada siyasi qüvvə, ictimai institutlar olduqca az olsun. Beynəlxalq aləmə göstərə bilsin ki, proseslər olduqca zəif gedir, bu institutlara şərait yaradılsa da onların gücü yoxdur. Diqqət etsək görəcəyik ki, 10 il, 11 il bundan öncəki siyasi institutların vəziyyəti ilə 2014-cü ilin siyasi institutları arasında ciddi geriləmə var. Bunlar faktlardır. O geriləməni də təqdim edən hakimiyyət Azərbaycan müxalifəti bu qədər gücə malikdir deyib nümunə göstərmək istəyir. Qeyri-hökumət təşkilatlarına münasibətdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində, onunla çalışmayan və hakimiyyətin müəyyən etdiyi ümumi standartlardan kənara çıxmaları qəbul etmək istəmir. O istəyir ki, bu standartların diktəsini daha çox artırsın. Diktəni Qərb institutları yox, özü etsin. Bütün çalışmalar buna yönəlikdir. Qərb də daha çox çalışır ki, siyasi institutlar və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyət göstərsin. Ancaq Qərbin bu məsələdə uzun müddətli bir yanlışlığı oldu və Azərbaycan hakimiyyəti həmin yanlışlıqdan ciddi yararlandı. Qərb siyasi institutların üzərindən keçib vətəndaş cəmiyyəti üzərində işləməyə başladı. Vətəndaş cəmiyyətinin nümayəndələrinə siyasi institutların görə biləcəyi işlərin monitorinqini həvalə etdi. Gərək bir təşkilat mövcudluğunu qoruya, fəaliyyət göstərə bilsin ki, digər bir təşkilat onun monitorinqini aparsın. İndi-indi Qərb institutları anlayır ki, daha çox ölkəni ayaqda saxlayan çox kiçicik qruplara malik ayrı-ayrı kiçik qeyri-hökumət təşkilatları deyil, siyasi institutlardır və buna görə də siyasi institutlara diqqət ayırmaq lazımdır. Hesab edirəm ki, 2014-2015-ci illər Qərb institutlarının, Qərb dairələrinin Azərbaycandakı siyasi institutlara diqqət ayırdığı və ayaqda durması üçün çalışdığı bir mərhələ olacaq. Biz bunu 2015-ci ilin parlament seçkilərində nəticə olaraq görəcəyik.
- 2014-cü il bələdiyyə seçkisində nə görəcəyik?
- Təəssüf ki, bələdiyyə seçkilərində hakimiyyət istədiyi mühiti yaradıb. Azərbaycan müxalifəti bələdiyyə seçkisi prosesinə qatılmaq istəmir.
- Siz qatılacaqsınız?
“2014-2015-ci illər Qərb dairələrinin Azərbaycandakı siyasi institutlara diqqət ayırdığı və ayaqda durması üçün çalışdığı bir mərhələ olacaq” |
- Qatılacağıq. Hakimiyyət bələdiyyələrin statusunu elə bir həddə çatdırıb ki, orada işləmək istəyən yoxdur. Bələdiyyənin faktiki statusu yoxdur. İnsanlar düşünür ki, faktiki statusu olmayan bir quruma seçkidə iştirak etməyin mənası nədir? Hətta qalib gəlsələr belə, bu, insanlara heç nə vermir. Bələdiyyənin bircə qəbiristanlıq yeri vermək ixtiyarı var. Bu qurumun faktiki olaraq başqa heç bir səlahiyyəti yoxdur. Yerli idarəetmə ilə bağlı bütün səlahiyyətlər icra hakimiyyətindədir. Bu birinci səbəbdir. Daha bir vacib səbəb var. Hakimiyyət bələdiyyələrin sayını süni surətdə azaltdı, birləşdirmə mexanizmi həyata keçirdi. Bələdiyyə özünüidarəetmə orqanıdır. Bəzən 6-7, bəzən də 10 kəndi bir bələdiyyədə birləşdirirlər. Bir kəndin 800 seçicisi var, o biri kəndin 1500 seçicisi var, bir kəndin 4000 seçicisi var. 1500 və 800 seçicisi olan kəndlər toplaşsa belə, özünə bələdiyyə seçə bilməyəcək, üstünlük 4000 seçicisi olan kənddə olacaq. Yəni azad, sərbəst seçki keçirilsə, belə mənzərə ortaya çıxar. Bu özünüidarə deyil. Türkiyədə bu institutu çox inkişaf etdiriblər. Seçicilərinin sayı 150-yə çatan məhəllələrdə belə muxtarlar seçilir. Azərbaycanda bunu da azaltdılar. Ona görə də bir zamanlar bələdiyyə seçkilərində 30-35 min namizəd iştirak edirdi, indi bu say 16 minə düşüb. Birdən-birə bu say yarıbayarı azaldı. Çünki siyasi institut bu prosesdə iştirak etsə, bələdiyyələrin statusu olsa, 35 min namizədin hər birinin prosesə 100 nəfər qatması 60 faiz seçicinin seçki prosesində iştirakı deməkdir. Hakimiyyət bu fəallığın qarşısını almaq üçün bələdiyyələrin statusunu yox həddində saxlayır.
- Cəmiyyətdə önəmi, xüsusi çəkisi olmayan bələdiyyələrə seçki prosesinin qarşısını alan hakimiyyət 2015-ci il parlament seçkilərində açılım edəcək?
- Açılımı hakimiyyət etməyəcək. Bu prosesi Azərbaycanın daxilində siyasi institutların vəziyyətinin yüksəlməsini istəyən Qərb institutları həyata keçirəcək. Hakimiyyət buna getməyə məhkumdur. Çünki hakimiyyət nə qədər çalışsa da onu Avropa coğrafiyasından kənara buraxmadılar.
- Cızdığınız bu rəsmdə Qarabağın yeri haradadır?
- İşğal altındakı Qarabağın statusunda yaxın illərdə heç bir dəyişiklik olmayacaq. Bu mümkün deyil. Bütün hesablamalar bunu göstərir.
- “Yaxın illər” deyəndə neçə ili nəzərdə tutursunuz?
- Ən azı yaxın 5 ildə heç bir dəyişiklik gözləmirəm. Mümkün deyil. Çünki bu gün israrla Avropanın demokratik institutları Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin dəyişməsinə yox, vəziyyətin dəyişməməsinə, yəni atəşkəs rejiminin saxlanılmasına çalışır.
- Atəşkəs rejimi qala-qala Ermənistanı bir neçə Azərbaycan rayonunu boşaltmağa vadar etmək olmazmı?
- Mümkün deyil. Çünki Ermənistan bu məsələdə tək deyil. Onun arxasında güclü Rusiya var. Rusiya regiondan çıxmayana qədər, Rusiya regionda təklənməyənə qədər bu proses gerçəkləşməyəcək. Vaxtilə bizim Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini qoymaqda məqsədimiz Rusiyanın regionda dominantlıq etməsini istəməməyimiz idi. Bu gün faktiki olaraq Güney Qafqazın dominantı Rusiyadır. Bütün münasibətlər üzrə belədir. Azərbaycan Rusiyadan qorxur, Gürcüstana istədiyi vaxt girə bilir, Ermənistanda isə təkhakimiyyətlilikdir. Amma qapılar açılsaydı, Türkiyə də bu regiona girsəydi, durum fərqli olacaqdı. Artıq Türkiyə vasitəsilə Rusiya yavaş-yavaş regiondan sıxışdırılacaqdı. Üstəlik, Türkiyənin regional əhəmiyyəti artacaqdı.
“Bu gün İslam dünyasında nə qədər təşkilat var hamısının Azərbaycanda bölmələri var” |
- Yəni deyirsiz ki, kaş ki açılaydı.
- Əlbəttə ki...
- Ancaq sizin bu yanaşmanız populyar deyil.
- Ola bilər ki seçici bir aspektdən düşünsün. Azərbaycan hakimiyyətinin bir qolu Ermənistan-Türkiyə sərhədlərinin açılmasına qarşı təbliğat aparır, iqtidar deyir ki, biz Ermənistanı çökdürmüşük, sərhədlər açılacaqsa Ermənistan iqtisadi cəhətdən diriləcək. Seçici bu təbliğatdan etkilənir, təbii. Ancaq biz düşünürük ki, itirdiklərimizi yalnız düşmənçilik əhval-ruhiyyəsi ilə qazana bilmərik. Yalnız düşmənçiliklə nələrsə əldə etmək mümkün olsaydı, Avropa Birliyi qurulmazdı, Rusiya-Almaniya münasibətləri bugünkü səviyyəyə gəlib çatmazdı. Biz ermənilərlə dost olmağa məhkum deyilik, ancaq qonşu olmağa məhkumuq. Bu məhkumluğu da doğru, dürüst müəyyən etməliyik. Millətin çıxarı harada ola bilər, xalqın, dövlətin maraqları necə təmin oluna bilər. Biz düşünməliyik ki, harada itirmişik və bu yoldan necə geri qayıda bilərik? Bizim həm Ermənistan, həm də Gürcüstan qarşısında demoqrafik, iqtisadi üstünlüklərimiz göz önündədir. Azərbaycanın ehtiyat fondu yox, illik büdcəsi Ermənistan və Gürcüstanın dövlət büdcəsi və ehtiyat fondundan 2-3 dəfə çoxdur. Biz bu üstünlükləri istifadə edib Güney Qafqazın gerçək liderinə çevrilmək əvəzinə soyuq savaş dönəmindəki silahlanma taktikasına üstünlük veririk. Bu yanaşmalar doğru deyil.
- İqbal bəy, son zamanlar Azərbaycanda baş verən bir neçə hadisəyə də münasibət bildirməyinizi istəyirik. Bunlardan birincisi türk liseylərinin bağlanmasıdır. Niyə 21 ildən sonra Azərbaycan bu məktəbləri bağladı?
- Adının nə olmağından asılı olmayaraq hər hansı məktəbin bağlanmasının əleyhinəyəm. Azərbaycanda belə anormal hadisələr olur. Məsələn, Beynəlxalq Universitetin təcrübəsi. Bir gün məlum olur ki, sən demə, Beynəlxalq Universitetdə oxuyanlar qanunsuz qəbul olunub, başqa institutlara köçürmələr qanunsuzdur, onlara diplom verilməyəcək. Nəyə görəsə, bütün bunlarım hamısı bircə gündə məlum olur. Bu təbii, inandırıcı deyil. İndi də bir gün bəlli olub ki, Azərbaycana türk liseyləri gərək deyil. Halbuki o məktəblər çox savadlı uşaqlar yetişdirirdi, onlar dünyanın nüfuzlu ali məktəblərinə çox asanlıqla qəbul olunurdular. Mən heç bir məktəbin bağlanmasının tərəfdarı deyiləm. Məktəb bağlamaq olmaz. Əgər məktəbdə problem varsa, o problem aradan qaldırılmalıdır. Özü də cəmiyyətlə bu mövzuda açıq danışmaq lazımdır.
- Bu məsələni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adına bağlayırlar.
- Mən bu haqda bir şey deyə bilərəm. Varsa, var, yoxdursa, yoxdur. Mən o danışıqlarda iştirak etməmişəm, belə bir danışıqların olduğunu da bilmirəm. Fərziyyə ilə nəsə demək istəməzdim. Bəlkə başqa bir şeylər var?
- Amma bu proses Türkiyədə Gülən məktəblərinin bağlanması ilə eyni vaxta düşdü.
- Türkiyədə nə qədər bağlanmayan “camaat” məktəbləri var. Gülənin kurslarını dayandırdılar, ancaq məktəblərini bağlaya bilməyiblər. Ərdoğan o məktəbləri bağlaya bilməyib, sadəcə, vətəndaşlara çağırış etdi ki, övladlarınızı Gülən məktəblərinə qoymayın.
- Digər bir məsələ jurnalist Fərahim İlqaroğlunun döyülməsi və bu açıq faktın, videolu cinayət işinin sona çatmamasıdır. İstintaq susur, biz hər gün yazırıq, piketə hazırlaşırıq, Bakı meriyası bizə cavab yazır. Bütün bunlar bütün ölkənin gözü qabağında baş versə də, reaksiya yoxdur. Bunca açıq bir cinayət işini yekunlaşdırmaq üçün bir partiya sədri, millət vəkili olaraq nə təklif edirsiz?
- Məncə, bu məsələ ilə bağlı xüsusi bir qrup yaratmaq lazımdır. Bu qrup həm istintaq orqanları ilə görüşüb istintaqı nəzarətdə saxlamalıdır, həm dövlət başçısına və səlahiyyətli qurumlara müraciət etməlidir, həm də prosesin iştirakçısı olduğu ehtimal olunan tərəflərlə danışıqlar aparmalıdır. Bu, ictimai nəzarətin olduğunu diqqətə çatdırmaq üçün son dərəcə vacibdir. Bu yalnız Rauf Arifoğlunun, “Yeni Müsavat” qəzetinin problemi deyil.
- Ancaq elə çıxır.
- Bəli. Çünki problemə yanaşmalar xeyli dərəcədə qüsurludur. Hətta sizin müdafiə taktikanız da. Siz fədakarcasına əməkdaşınızla bağlı bütün məsələni üzərinizə götürürsünüz. Ancaq bu məsələyə cəmiyyətin təpkisi daha çox olmalıdır.
- Cəmiyyətə müraciət etmişik, cəmiyyət bizi dəstəkləmir.
- Biz sizə dəstək veririk. Hər zaman yanınızda olmağa hazırıq. Cəmiyyət nə qədər “Yeni Müsavat” qəzetindən faydalanırsa, bir o qədər də qəzetə dəstək verməlidir. Bu mərhələyə qədər istintaqda nə olduğunu, hansı proseslər getdiyini bilmirəm, ancaq hesab edirəm ki, bundan sonrakı mərhələdə ən doğru variant budur.
- İŞID terror təşkilatının İraqın müəyyən bir hissəsini nəzarətə götürməklə Azərbaycanda yaranan atmosfer haqqında nə düşünürsüz? İddialar var ki, İŞİD Azərbaycana da müdaxilə edə bilər. Çünki İŞİD-in sıralarında xeyli Azərbaycanlı döyüşür. Bu iddiaların onlarla video sübutları da var. Bunu önləmək üçün siz nələr təklif edirsiz? İŞİD 2014-cü ildə ortaya çıxsa da 1986-cı ildən yol gəlir. Onların lider hesab etdikləri Zərqavi İordaniya vətəndaşı olan sələfidir. O, sovet qoşunları Əfqanıstanda “Camaat-əl Tövhid” və “əl-Cihad” təşkilatını yaratmışdı. Onu 2006-cı ildə öldürdülər. İŞİD-ın kökündə bu təşkilatdırmı?
“Hakimiyyət bələdiyyələrin statusunu elə bir həddə çatdırıb ki, orada işləmək istəyən yoxdur” |
- Bəli. İŞID məhz oradan başlayıb. Əfqanıstanda sovet qoşunlarına qarşı idi, ancaq sovet qoşunları çıxandan sonra ABŞ qoşunlarına qarşı cihad elan etdilər. Onlar «əl-Qaidə» terror təşkilatı ilə bir yerdə idilər. Onlar 2004-cü ildə «əl-Qaidə»nin İraq qolu elan edilmişdilər. Sonra onlar İraq qolu olmaqdan imtina etdilər. Suriyada proseslər başlayanda isə onlar Bəşər Əsəd rejiminə qarşı sələfilər olaraq açıq döyüşə başladılar.
- Bu məsələ ilə bağlı daha bir iddia var - guya İŞİD-ə Türkiyə dəstək verir. Bu ehtimala münasibətiniz necədir?
- Hatayın Reyhanlı kəndindəki 52 nəfərin ölümü, 100-dən artıq insanın yaralanması ilə bağlı terror olayını bu qüvvə öz üzərinə götürmüşdü. O zaman adları İŞID deyildi, ancaq söhbət eyni qüvvədən gedir. Sonra onlar Suriyada əl-Nüsra cəbhəsi ilə birləşib Bəşər Əsəd rejiminə qarşı döyüşdülər. Ardınca da bu coğrafiyada sələfi dövlətinin qurulması ideyasını ortaya atdılar. Dediyim odur ki, İŞİD bugünün məsələsi deyil. Bu gün İŞİD-dı, ancaq burada “əl-Qaidə”, “Hizbullah”, “Ceyşullah”, “Həməs” kimi terror təşkilatlarının təmsilçiləri var.
- Necə etmək olar ki, bu radikal dini təmayüllər Azərbaycana sıçramasın? Əgər sıçrayarsa, Azərbaycanda onların inkişafı üçün mühit varmı?
- Bu gün İslam dünyasında nə qədər təşkilat var, hamısının Azərbaycanda bölmələri var.
- Onları ölkəyə kim buraxır?
- Çox təəssüf, XXI əsrdə İslamın təşkilat olduğu bir mərhələyə gəlmişik. Bu gün İslamı din anlayışından çıxarıb təşkilat anlayışına gətirib çıxarıblar. Bu gün İslam dünyasında döyüşənlərin hansı cəbhədə olmasından asılı olmayaraq bir təşkilatı var. Mən bir dəfə də demişdim, mənim üçün İslam inamdı, imandı, Allaha bağlılıqdı. Onun başında şeyxi, əmiri, axundu, mollası olanda o, təşkilata çevrilir və oradakı insanlarda dini qaydaları ilə yox, təşkilatın maraqları ilə çıxış edir. Bu gün həmin təşkilat maraqları Yaxın Şərqdə daha çox pul qazanmağa, daha geniş səlahiyyətlər əldə etməyə yönələn mübarizə metodudur. Yerlərdə, bölgələrdə hətta İslamı qəbul etmiş insanlar arasında tərəfdarlar tapırlar. Suriyadakı 5000 minlik sonradan İŞİD-ə çevriləcək ordusunun 80 faizi əcnəbi vətəndaşlar idi. Onlardan cəmi 1000 nəfəri Suriyadan idi, qalanları ən müxtəlif ölkələrdən gəlmişdilər. Bu gün də elədir. İŞİD-ın tərkibində dünyanın əksər müsəlman ölkələrinin təmsilçiləri var.
- Sizcə, Azərbaycan hökuməti öz vətəndaşlarının gedib böyük bir coğrafiyada amansız qətllərə, dağılmalara səbəb olan terrorçu təşkilata qoşulmasına niyə göz yumur?
(ardı gələn sayımızda)
Qələmə aldı Aygün MURADXANLI
Musavat.com



































































































