Mən maşında yuxulasam,
"Oyan!" deyər Yol polisi.
Çubuğunu qaldıraraq,
"Dayan!" deyər Yol polisi.
Pisi də var, saymazı da,
Yaxşısı da, mız-mızı da,
Saxlamasam qırmızıda,
Dərhal gələr Yol polisi.
Söhbəti eyləyər qısa,
Rəhmi gəlməz heç bir kəsə.
Özü taxmaz, məndən isə,
Kəmər sorar Yol polisi.
Göydən yerə toz ələnər,
Xanımlarla məzələnər.
Protokol təzələnər...
İşin bilər Yol polisi.
Fikir verməz fəryadıma,
Nə adıma, soyadıma,
Kitab boyda sənədimə,
Baxıb gülər Yol polisi.
Mənim kimi bir şairdən,
Rüşvət alar Yol polisi?
Sağollaşıb mən gedərəm,
Yolda qalar Yol polisi...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist






























































































