Bugünlərdə millət vəkili Vahid Əhmədovun maliyyə amnistiyasının veriləcəyi ilə bağlı səsləndirdiyi açıqlama ictimai-siyasi müstəvidə ciddi müzakirələrə səbəb olub. İnsanların bəlli bir qismi maliyyə amnistiyasının verilməsini alqışlasa da, baş verənlərin müsbət nəticəsinə inamsızlıq sərgiləyənlər də az deyil. Maliyyə amnistiyasına oğurluq pulların qanuniləşdirilməsi me xanizmi kimi yanaşan bəzi şəxslər hesab edir ki, belə bir addımın atılması xalqın cibinə girən, ölkənin milli sərvətini talayan şəxslərin məsuliyyətdən azad edilməsi, habelə onların yeni oğurluqlara daha da şirnikləndirilməsi deməkdir.
Namizəd Səfərovun timsalında bəzi hüquqşünaslar isə hesab edir ki, maliyyə amnistiyası qanunsuz gəlirlərin leqallaşmasına xidmət etsə də, məsələnin digər mühüm bir tərəfi var ki, bu da kimin hansı miqdarda vəsaitə sahib olduğunun ortaya çıxmasıdır. N.Səfərov hesab edir ki, bu amnistiya ən azından oğurluq pulların miqdarını göstərməklə yanaşı, kimin xalqdan nə qədər vəsait oğurlaması məsələsinə də aydınlıq gətirəcək.
İqtisadçı ekspertlər isə hesab edir ki, maliyyə amnistiyasının tətbiqi məmur və iş adamlarının üzə çıxartmağa ehtiyat etdiyi milyonlarla manat vəsaitin iqtisadiyyatın ayrı-ayrı sahələrinə yatırılıması üçün zəmin hazırlayacaq ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək. Bununla belə, ekspertlər maliyyə amnistiyasının özlüyündə yeni korrupsiya və rüşvət imkanlarını da aradan qaldırmadığı qənaətindədir. Onların fikrincə, maliyyə amnistiyasının elan edilməsi bütövlükdə çıxış yolu deyil və hökumət gələcəkdə yeni bir maliyyə amnistiyasına ehtiyac duymamaq üçün köklü islahatlar həyata keçirməlidir.
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, maliyyə amnistiyasının verilməsi müsbət haldır və Gürcüstan nümunəsi bu addımın kifayət qədər faydalı nəticələr verə biləcəyini göstərir: “Maliyyə amnistiyası iki formada ola bilər. Bunlardan bir vergi amnistiyasıdır ki, bu da şirkətlərin uzun müddət olan vergi borclarının silinməsinə hesablanır. Maliyyə amnistiyasının ən yaxşı nümunələrindən biri Gürcüstanla bağlıdır. Gürcüstan maliyyə amnistiyasını uğurla tətbiq edən ölkələr arasındadır. Gürcüstan o zaman MDB-nin üzvü idi. Maliyyə amnistiyasının mahiyyəti bugünə qədər əldə edilən əmlaka, gəlirlərə amnistiyann tətbiq edilməsi deməkdir. Bu cür amnistiyanın tətbiqinin xeyli sayda müsbət tərəfləri mövcuddur. Əgər bugünə qədər hansısa iş adamlarının öz gəlirləri ilə bağlı qorxu və narahatlığı var idisə, bu gəlirləri harasa yatırmaqda ehtiyat edirdilərsə, bu amnistiya həmin vəsaitlərin yatırım kimi tətbiqinə yol açır. Yəni həmin şəxslər sahib olduqları vəsaiti daha yaxşı dəyərləndirmək üçün onu iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq edəcəklər ki, bu da özlüyündə çox müsbət haldır”.
Ekspert hesab edir ki, indiki halda Azərbaycanda maliyyə amnistiyasının tətbiq edilməsi olduqca zəruridir. Lakin V.Bayramovun fikrincə, hökumət maliyyə amnistiyasının ardınca korrupsiyaya qarşı mübarizəni də genişləndirməli, bu tədbirlərin kompleks şəkildə icrasına diqqət yetirməlidir: “Azərbaycanda maliyyə amnistiyasının tətbiq edilməsinə ehtiyac var. Amma maliyyə amnistiyasının tətbiq edilməsi islahatların sadəcə bir elementi olmalıdır. Praktiki olaraq bunun ardınca korrupsiyaya qarşı mübariə tədbirlərinin gücləndirilməsinə, bu yöndə ciddi islahatlar həyata keçirilməsinə ehtiyac var. Çünki maliyyə amnistiyasının verilməsində məqsəd mövcud gəlirləri leqallaşdırmaqla yanaşı, həm də məmurların, sahibkarların və digər təbəqələrin rüşvət, korrupsiya, və s. qanunsuz gəlirlərdən faydalanmasını önləmək, korrupsiya imkanlarını aradan qaldırmaq, bu yöndə mübarizəni gücləndirməkdən ibarətdir. Şəffaflığın artırılması da zəruri məsələlərdən biridir”.
V.Bayramovun sözlərinə görə, əgər maliyyə amnistiyası digər zəruri və əlaqədar tədbirlər, islahatlarla şərtlənməyəcəksə, o zaman bu amnistiyanın real nəticəsi o qədər də ürəkaçan olmayacaq:
“Bu baxımdan maliyyə amnistiyası ölkədə həyata keçiriləcək korrupsiyaya qarşı mübarizənin elementlərindən biri olmalıdır. Əgər maliyyə amnistiyası korrupsiyaya qarşı mübarizənin bir elementi olmayacaqsa, bu tədbirlər ayrı-ayrılıqda həyata keçiriləcəsə, məmur və iş adamlarının korrupsiya hallarına yol verməsi müşahidə olunacaqsa, o zaman həyata keçiriləcək maliyyə amnistiyasının müsbət təsirləri də az olacaq”.
Ekspertin fikrincə, əgər maliyyə amnistiyası uğurla həyata keçirilərsə, bu, leqallaşan vəsaitlərin ölkə iqtisadiyyatında aktiv iştirkına səbəb olacaq. Bu isə iqtisadiyyatın inkişafı, maliyyə vəsaitlərindən daha səmərəli istifadə baxımından əhəhmiyyətlidir:
“Maliyyə amnistiyasının digər bir üstünlüyü odur ki, bu amnistiya həmin vəsaitlərin investisiya rolunda çıxış etməsinə imkan yaradacaq. Başqa sözlə desək, daşlaşmış vəsaitlər yeni investisiya mənbələri rolunda çıxış edəcək. Maliyyə amnistiyasının məqsədlərindən biri də odur ki, qazanılan, amma istifadə edilməyən maliyyədən səmərəli şəkildə istifadə olunsun. İqtisadiyyat həmin vəsaitlər hesabına irəli getsin. Hər şey düzgün və ardıcıl şəkildə həyata keçirilsə, buna nail olmaq mümkündür”.
Seymur Əliyev





































































































