Prezident İlham Əliyev başda olmaqla hökumət ölkədə işsizliyin ən aşağı səviyyədə olduğunu rəqəmlərin diliylə bəyan etsələr də real mənzərənin fərqli olduğunu sübut etmək üçün heç iqtisadçı olmağa da gərək yoxdur. Bəla burasındadır ki, təklif olunan iş yerləri də cəlbedici deyil və mövzud minimal ehtiyacları qarşılamağa belə yetmir. Ona görə də insanlar ailələrini dolandırmaq üçün günəmuzd işə daha çox üstünlük verirlər və müxtəlif yollara baş vurmaqla vəziyyətdən çıxmağa çalışırlar.
İşsizlik iqtisadiyyatın gerçək problemlərinə bağlıdır
Millət vəkili Zahid Oruc da ölkədə işsiliyin hələ də problem olduğu qənaətindədir:
“İşsizliyin səbəbləri çox müxtəlifdir və ilk növbədə iqtisadiyyatın gerçək problemlərinə bağlıdır. Aparıcı istehsalat sahələrini yarada bilməmək,bölgələrin resurslarından yararlanmağı bacarmamaq və beynəlxalq rəqabətə davamlı müəssisələri qurmamaqdan irəli gələrək biz belə çətinliyi yaşamaqdayıq.Üstəlik, ənənəvi sahələr-neft sektorunun inkişafı fonunda digər sektorların geriliyi də mənfi rolunu oynayır.Ona görə gənclər arasında işsizlik bizdə üstünlük təşkil edir və ali təhslilli insanların böyük hissəsi bu problemdən əziyyət çəkir.
Digər tərəfdən elmi təhsil sferası ilə bazar iqtisadiyyatının arasında üzvi bağlılıq da normal qurulmayıb. Yəni,dövlət və özəl müəssisələrin əvvəldən kadr ehtiyacını bildirməsi formatında model qura bilməmək işsizliyi doğuran amillər sırasındadır.”
Oxumaqla işləməyin arasında böyük fərq var
Tanınmış şair Baba Vəziroğlu isə oxumaqla işləməyin arasında böyük fərq olduğunu vurğulayır:
“Azərbaycanda təhsilə görə pul verdiyimiz halda işə görə pul ödəyirik. Buna görə də bizdə "oxumaq" asan, iş tapmaq çətin məsələ sayılır.”
Təbii resurslardan düzgün istifadə olunmur
Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə işsizliyi yaradan bir neçə səbəbi sadalayır:
”İşsizliyi doğuran bir sıra faktorlar mövcuddur. Azərbaycanın təbii ehtiyatları, iqlim şəraiti, coğrafi relyefi, su və quru nisbətində mütanasiblik və s. amillər deməyə əsas verir ki, indiki Şimali Azərbaycan 30 milyonu işlə təmin etmək gücündədir. Sayımız 30 milyonu keçəndən sonra sadaladığım amillər hamını işlə təmin etməyə yetərli olmayacaq. İşsizliyin birinci əsas səbəbi təbii resurslardan səmərəli istifadə olunmamasıdır. İkinci mühüm səbəb siyasi institusional quruluşun mütərəqqi olmamasıdır. Üçüncü amil iqtisadi islahatlar sistemində naqisliklər və iqtisadiyyatın daha çox təbii faktorlardan - neft və qazdan asılı hala düşməsidir. Ən mühüm amil isə milli strateji planlamanın yoxluğudur. Daha önəmlisi isə sadaladığım naqisliklərin ucbatından korrupsiya və rüşvətxorluğun hakim olması və qanunu aliliyinin yetərli olmamasıdır. Nəticə etibarı ilə mülkiyyət toxunulmazlığı təmin olunmur, inkişaf üçün motivasiya yetərli olmur. Bu isə tələb və təklif arasında uçuruma gətirib çıxarır.”
İtin ayağından tikan çıxarmaq
Tanınmış jurnalist Zöhrab Əmirxanlı isə iş tapmaq problemini orijinal şəkildə ifadə edir:
“Əslində bizim ölkədə öz ixtisasın üzrə iş tapmaq itin ayağından tikan çıxarmaq kimi əzablı bir prosesdir. Hazırda bu sahədə uğur qazanmaq, özünə layiqli iş yeri tapmaq,lotoreyana "Mercedec" düşməsinə bərabərdir. Götürsən, bu gün əksəriyyət heç ixtisası üzrə işləmək barədə yox, axşam evə bir tikə çörəyi necə aparmaq üzərində baş sındırır. Bu sahədə ölkə üzrə qəribə bir qatmaqarışıqlıq, çözülməsi müşkülə çevrilən xaos yaranıb. Sanki heç kəs heç kimin kitabını oxumur. Necə deyərlər, "başlı başın saxlasın, mən başımdan bezaram" prinsipi meydan sulayır. İş axtaran əhali kəsiminin, gənc mütəxəssislərin qanunauyğun şəkildə yerləşdirilməsi ilə məşğul olan nazirliklərin, komitələrin, digər müvafiq strukturların sanki heç bir planı, taktika və strategiyası yoxdur. Varsa da, işləmir. Burası hələ mərkəzdir, paytaxtdır, regionlarda isə vəziyyət lap ağır və canüzəndir. Bu şəraitdə axşam evə- balalarının üstünə boş əllə qayıdan atanın üzünə baxmaq isə dünyanın ən çəkilməz işgəncəsidir... “
Yazar Rüfət Sultan ali təhsildən sonra gənclərin iş tapmamasını nəzəri baxımdan tənbəllikdə və təcrübəsizlikdə gördüyünü deyir:
“Məncə heç oxumaq üçün də şərait yoxdur. Tələbələr mənəvi və zehni kasıblıq dövrü keçirir. Alternativ amillər də var. Özüm gənc olduğum üçün ilkin qənaətim belədir. Digər tərəfdən, ölkədə kapitalizm dəyərlərinə uyğun olaraq özəlləşdirmə siyasətinin intensivləşməsi elə hesab edirəm ki, işsizliyin azaldılmasında ən potensial uğurdur. Lakin təəssüflə qeyd etmək olar ki, bunların əksəriyyəti müvəqqətidir və subaylıq həyatı üçün qurulub. Nəticə olaraq deyə bilərəm ki, bir vətəndaş olaraq mənim baxışımda işsizlik mənzərəsi müzakirə olunacaq qədər qabarıq deyil.”
Lalə Novruzlu


































































































