Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Rusiya sərhədçilərinin qanunsuz olaraq Azərbaycan ərazisinə keçmələri və atəş açmaları barədə məlumatlara münasibət bildirib.
DSX-nın mətbuat mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rusiya sərhədçilərinin Azərbaycan ərazisinə daxil olması, Qafqaz dağ keçisi sürüsünə atəş açması haqqında mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, ümumiyyətlə, Azərbaycan-Rusiya sərhədində hər hansı insident qeydə alınmayıb.
Xəbər yayılmışdı ki, iyulun 27-də saat 02:30-da Rusiya sərhədçiləri Qafqaz dağ keçiləri sürüsünə atəş açıb, Azərbaycanın İlisu qoruğunda bir neçə heyvanı öldürüb.
Bu zaman sərhədçilərdən biri Rusiya-Azərbaycan sərhədində trianqulyasiya nişanının (dağın zirvəsində metal piramida) yanında keşik çəkirdi, dörd atlı əsgər isə Azərbaycan ərazisinə daxil olub və vəhşi heyvanlara atəş açıb.
Daha sonra onlar cəld bir şəkildə ölmüş dağkeçilərinin yanına düşüblər. Bir neçə böyük ət parçası kəsərək sürətlə Rusiya tərəfə keçiblər.
"Turan" agentliyi bildiririr ki, Azərbaycan sərhəd qarovulu İlisu kəndində, sərhəd xəttindən uzaqda yerləşir. Bu da rusların özlərini hətta Azərbaycan qoruğunda ev sahibi kimi hiss etməsinə imkan verir.






































































































